Topçubaşov Qurtuluş Savaşına qədər türklərin vəziyyətini necə təsvir etmişdi? – Vilayət Quliyev

Vilayət Quliyev

Sabah Türkiyə Zəfər bayramını – 1922-ci ilin avqustunda yunan işğal qüvvələri üzərində möhtəşəm qələbənin, işğalçı ordunun son nəfərinə qədərinin Anadolu torpaqlarından qovulub çıxarılmasının növbəti ildönümünü qeyd edir.Zəfər günü üç ildən çox davam edən Qurtuluş Savaşının son akkordu idi. İnanıram ki, bizim də həqiqi Qurtuluş Savaşımız və belə bir Zəfər günümüz olacaq!
Türk xalqını bu böyük Zəfərə aparan Atatürk təkcə tarixi torpaqları işğaldan azad etməmişdi. İlk növbədə türk insanının milli qürur, heysiyyət hissini, öz vətəninə sahiblik duyğusunu özünə qaytarmışdı. Onlara həqiqi türk kimi doğulmağın, yaşamağın və ölməyin ehtişamını yaşatmışdı. 
Qurtuluş Savaşına qədər türklər hansı vəziyyətdə idilər?
Bütün imperiyalar kimi mövcudluğunun sonunu həqir və miskin durumda yaşayan Osmanlı xanədanının ağır vəziyyətini diqqətlə izləyən və bundan ibrətamiz nəticələr çıxaran Əlimərdan bəy Topçubaşov – Azərbaycan Cümhuriyyətinin İstanbuldakı səlahiyyətli naziri 1918-ci il oktyabrın 31-də (təslimçi Mudros barış anlaşmasının imzalanmasından bir gün sonra) baş nazir Fətəli xan Xoyskiyə yazırdı: “…burada ictimai fikir hətta mövcud olsa da, hərəkətsiz və dumanlı şəkildədir. Bu dağınıqlıq, qətiyyətsizlik içərisində aparıcı əhvali-ruhiyyəni sezmək çətindir. Nəinki çətin, deyərdim ki, qeyri-mümkündür. Çünki ölkə əhalisi nəhayətsizliyə varacaq dərəcədə rəngarəng və müxtəlifdir. Amma bununla belə, yenə üç əsas qrup müəyyənləşdirmək olar: 1. Öz vətənlərinin marağı üçün yaşayan xaricilər. Türkiyə onlar üçün sağmal inəkdən başqa bir şey deyil. 2. Yunanlar və ermənilər. Hər ikisi, xüsusən də yunanlar Türkiyənin barışmaz düşmənidir. Hamısı Osmanlı ağalığından tam azad olmaq arzusu ilə yaşayır, səbirsizliklə ingilislərin, yaxud hər hansı başqa bir bqüvvənin onları “vəhşi” adlandırdıqları türklərin əlindən qurtaracağı ümidi ilə günləri sayırlar. Özlərini osmanlı kimi qələmə vermək və saxta vətən sevgisi nümayiş etdirməklə bir sırada, hər an avropalıların türkləri öz ölkələrindən qovub çıxaracağı saatı gözləyirlər. Eyni zamanda türkləri hər üzünə yolur və qırxırlar. Türklər isə bu “fəaliyyətə” daha münasib şərait yaratmaq üçün vuruşmalı və onları qorumalıdırlar. Ermənilərlə yunanlar isə ticarətlə məşğul olmalı, var-dövlət toplamalıdırlar. 3. Nəhayət, türklərin özləri. Onlar iki qrupa bölünür: a) dövləti yaratmış həqiqi türklər; b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün də daxil olan müxtəlif ölkələrin müsəlman xalqları. Müsəlman olsalar da, həmişə türklərdən narazıdırlar. Belələrinin sırasına, fikrimcə, türk dövlətinin qəbirqazanları simasında çıxış edən ərəblər, suriyalılar, çərkəzlər, arnautlar və “et-tuttu guanti” (bu qəbildən olanlar-italyanca). daxildir. Hər biri yorğanı öz üstünə çəkmək istəyir. Hesab edirlər ki, türk dövləti türklər üçün deyil, ayrılıqda ərəblər, çərkəzlər, arnavutlar üçün yaradılıb. Hazırda Ərəbistanda və Suriyada, daha əvvəl isə Albaniyada türklərə göstərilən münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc Anadolu türkü (8 milyon nəfərə yaxın!) 600 illik tarixə malik dövlətin bütün yükünü və günahlarını çiyinlərində daşımalı olur. Bu olan işdirmi, bu nə qədər ədalətlidir?!” 
Eyni zamanda Əlimərdan bəy türk xalqının lap tezliklə öz içərisindən bir Atatürk yetirəcəyinə dərin inam duyğusu ilə sözünə davam edərək yazırdı: “Lakin burada çox qaldıqca 600 ildən bəri belə bir ağırlığı – 600 illik tarixə malik türk dövlətçiliyinin yükünü çiyinlərində daşıyaraq hər cür çətinliyə dözən türk xalqına həqiqi hörmət və məhəbbət hisslərimin get-gedə artdığını hiss edirəm. Cərəyan edən proseslər türk xalqının 600 illik əzab və iztirab tarixidir. Bu xalqda nə qədər yaşarılıq, nə qədər həyat eşqi var! Fenomenal hadisədir! Gözümüz önündəkilər bizə də heç vaxt ruhdan düşməmək, ah-uf etməmək, belə bir xalqın kiçik qardaşı adlanmağa layiq olmaq üçün güc, qüvvə verməlidir və düşünürəm ki, verir.
Ona görə də hesab edirəm ki, taleyin hazırladığı zərbələrə və şıltaqlıqlara davam gətirə bilməkdən ötrü indi hamımız daha çox işləməliyik. Qarşıda bizi nələrin gözlədiyi ilə bağlı falçılıq eləməyək. Hər halda indiyə qədər başımıza gələnlərdən daha pis olmayacaq. Sadəcə, çalışmaq lazımdır ki, qüvvələr dəqiq və bərabər şəkildə bölünsün, hər kəs gücünə, qabiliyyətinə, işgüzarlıq və biliyinə görə mümkün qədər öz yerində olsun. Söhbət xalqın nicatından gedirsə, şəxsi xarakterli mülahizələrə yer yoxdur və heç bir halda olmamalıdır”
İnanıram ki, 100 il əvvəlki bu müdrik çağırışa əməl etsək, mütləq bizim də Zəfər bayramımız olacaq.
Hələlik isə canı-canımızdan, qanı qanımızdan olan türk xalqını, türk dostlarımı ötən yüzillikdəki tarixlərinin ən şanlı günü münasibəti ilə təbrik edirəm.
Zəfər həmişə bizimlə olsun!,