Rusiya və Qərb İrəvanda qarşı-qarşıya: Savaş başlayır

Ermənistanda növbədənkənar parlament seçkiləri mövcud siyasi vəziyyəti bu və ya digər şəkildə aydınlaşdırmağa görə keçiriləcək.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, hazırda fəaliyyət göstərən siyasi partiyalar açıq şəkildə son olaylarla bağlı öz mövqelərini ortaya qoymayıblar:

“Hələ də partiyalar daxilində belə vəziyyətdə kimi dəstəkləmələri ilə bağlı konkret mövqe yoxdur. Köçəryanın siyasətə qayıtması onu göstərir ki, Paşinyana rəqib olan, onun əleyhinə çıxış edən qüvvələri birləşdirmək niyyətindədir. Bu qüvvələrin kimlər olacağı hələlik bilinmir. Hazırda parlamentdə Daşnaksütyun və Çarukyan Bloku Paşinyanla bir araya gəlib, müəyyən məsələlərdə koalisiya şəklində fəaliyyət göstərir. Amma yaranmış şəraitdə bu koalisiyanın davamlı olub-olmayacağı məlum deyil. Daşnaksütyunun aparıcı simaları son olaylarla bağlı Paşinyana qarşı daha tənqidi mövqe sərgiləyirlər. Ona görə də bu partiyaların kimi dəstəkləyəcəyi və hansı platforma ilə çıxış etməsi də hələ aydın deyil”.

Politoloq vurğulayıb ki, iqtidarın keçmiş sahibi olan Respublikaçılar Partiyası bundan sonrakı dönəmdə revanşa çalışacaq:

“Ona görə də respublikaçılar bütün vasitələr, o cümlədən xarici qüvvələrin dəstəyindən istifadə edə bilərlər. Onlar ilk növbədə Rusiyadan dəstək almaq istəyirlər. Əslində Paşinyan da Qərbdən dəstək ala bilər, amma bu dəstəyin Paşinyana kifayət edib-etməyəcəyini bilmək olmaz. Hazırda Paşinyanın ABŞ-a səfərinin təşkili – hökumət nümayəndələri ilə görüşləri, diaspor təşkilatlarının və ABŞ konqresmenlərinin konsolidasiyası məqsədilə iş görülür. ABŞ-dakı erməni icması xüsusilə kifayət qədər mütəşəkkil şəkildə fəaliyyət göstərir. Amma Paşinyana qarşı çıxan siyasi qrupların həm öz maliyyə imkanları, həm də onlara dəstək olan siyasi dairələrdə nüfuzu kifayət qədərdir. Ona görə də Ermənistanı həddən artıq gərgin siyasi mühit gözləyir”.

66 Baxılıb