“Mən kərküklü ozanam, qanla şeir yazanam…”

Şeir  –  mənim dəyişməz qədərimdir…”, yaxud Dəclədən bir qətrə

“Türkdür atan damarım,

Vətən – dövlətim, varım,

Türküstandır diyarım,

Kərküklüyəm, türkmənəm”

Şəmsəddin Kuzəçi

 

“Türküstandır diyarım, kərküklüyəm, türkmənəm!..”

      Bütün varlığı vətəniylə bütünləşən, sanki onunla bir vücud halına gələn –vətənləşən bir insan tanıyıram. Ona baxanda üzünün-gözünün ifadəsində sanki dərdli vətəninin  şəklini görürəm. Canından çox sevdiyi Vətəni haqqında düşünəndə də o  insan gəlir ağlıma…   Sanki vətən torpağı bir ilahi kuzəçının  əlində insan şəklinə girib, insan səsi, insan dili ilə danışır!.. Bəs, kimdir o vətənləşən insan? Hansı diyardır o əziz vətən? – O insan Şəmsəddin Kuzəçidir! O vətən oğlunun varlığında təcəssüm edən əziz diyar isə Kərkükdür – Türkmən eli Kərkük! Kərkükü, onun varlığını, təbiətini, insanını daha çox professor Qəzənfər Paşayevin  tələbəlik illərində oxuduğum “Altı il Dəclə-Fərat sahillərində” kitabından tanıyıb sevmişəm. Dəclə, Fərat adlarını isə ondan çox-çox əvvəl, hələ 5-ci sinifdə oxuyarkən eşıtmişdim. Nə sirdi, bilmirəm, amma  “Qədim dünya tarıxı” fənninin elə ilk dərsindən Mesopotamiya (ikiçayarası) adlanan diyarın tarixi barədə  müəllimimdən dinlədiklərim mənə çox əsrarəngiz görünmüş,  Dəclə və Fərat çayları arasındakı bu diyarı nağıllardakı  qeyri-adi, gözəl bir məkan kimi xəyalımda canlandırmışdım… Sonralar, qədim mədəniyyətlərin beşiyi olan o əsrarəngiz diyar barədə daha çox oxuyub öyrəndikcə  düşündüm ki, kim bilir, bəlkə də o dərsdə  ilk dəfə eşitdiklərim ruhumun yaddaşına xitab etdiyi  üçün mənə bu qədər unudulmaz təsir bağışlamışdı… Dəclə-Fərat sahillərində yaşayan qanı bir,dini bir, dili bir türk  bacı-qardaşlarımızın olduğunu öyrənəndən sonra, onların ədəbiyyatı, folkloru, musiqisi ilə daha yaxından tanış olduqca bu ecazkar diyar məni görünməz bağlarla daha çox cəlb elədi özünə… Dəclə-Fərat çayları – haqqında əfsanələr gəzib-dolaşan, bir-birinə aşıq iki çay! Bu iki sevdalı çayın sahillərində, gecə-gündüz  qulaqlarda Dəcləylə Fəratın sevgi dolu nəğmələrini eşidilən bir diyarda  insanların eşqsiz nəfəs alması mümkünmü?!.. Bəs, bu nağılabənzər diyarda hər şey nağıllardakı kimi gözəldimi? Təəssüf ki yox… İllərdir, Dəclə və Fəratın suyuna göz yaşı qarışıb, məzlum insanların qanı axıdılıb bu füsunkar torpağa…. Deyilənə   görə, Allahın (c.c.) əmrilə Danyal peyğəmbərin, yolunu, axarını, səmtini göstərdiyi Dəclə çayı – ilahi vəhyin göstərişilə elə yerlərdən keçməliydi ki, yolu üstündəki məzlumların, yoxsul, köməksiz insanların yerinə-yurduna, malına zərər vurmasın. Və beləcə, Danyal peyğəmbər Rəbbinin, Dəclə də Allahın peyğəmbərinin əmrindən çıxmadı. Bəs, sonsuz mərhəmət sahibi Allahın əmrlərinə əməl etməyənlər, zülmkar, qəddar insanlar niyə o vəhydən ibrət almadı? Dəclənin də, adı həmişə onunla qoşa çəkilən Fəratın da sularına köməksiz, məzlum insanların  qanı axıdıldı…

                                  

                                “Mən kərküklü ozanam, Qanla şeir yazanam…”

     Saysız-hesabsız qətliamlarda axıdılan  qanlar, “Kərküküm, vay, Kərküküm!” – deyən çarəsiz, dərdli  qardaşlarımızın   ah-naləsi, harayı qarışıb Türkmənelinin eşq dolu türkülərinə, sevdalı xoyratlarına:

                      “Kərkük üçün arzular al-al qana boyandı,

                        Nə gül qaldı, nə çiçək, nə dağ başında qarlar,

                        Nə göyərçin, nə qumru, nə millət sevən ərlər,

                         Soyqırım aşdı həddi, bıçaq köksə dayandı”.

       Bu qan rəngli, qan daman misralar kərküklü şair, Kərkük sevgisini, dərdini, faciəsini bütün varlığında təcəssüm etdirən – kərkükləşən insan Şəmsəddin Kuzəçinindir; “Mən kərküklü ozanam, Qanla şeir yazanam”,- deyə  haray çəkən Şəmsəddin Kuzəçinin! -Bu adı, bu imzanı ilk dəfə illər öncə  “Ufuk ötesi” adlı bir dərgidən tanımışam. Türkiyədə, İstanbulda  tanınmış tədqiqatçı-jurnalıst, rəhmətlik  Kamal Çaprazın redaktorluğu ilə nəşr edilən bu dərginin 2006-cı il oktyabr tarıxli sayında mənim ilk kitabımı dərginin oxucularına təqdim edən əziz rəfiqəm, dəyərli tədqiqatçı Sevil Abbaslı “Ufuk ötesi”nin bir neçə nüsxəsini mənə göndərmişdi. Dərginin 30-cu  səhifəsində iki yazı, iki kitab təqdimi vardı. Biri mənim “ “7 kitab” dan biri, yaxud Saliklikdən arifliyədək” kitabından, digəri Şəmsəddin Kuzəçinin “Kərkük şairləri” kitabından bəhs edirdi. Beləcə, illərdir əzizləyib saxladığım o dərginin həmin sayında oxuduğum digər dəyərli yazılarla bərabər “Kərkük şairləri”ndən də xəbərdar olmuş, həm də o şairlərin ən gözəl nümayəndələrindən olan  Şəmsəddin Kuzəçini tanımışdım.

        Ötən il  professor Qəzənfər Paşayevin 80 illik yubiley tədbirlərində Bakıya gələn  Dr.Şəmsəddin Küzəçi ilə şəxsən tanış olmaq da nəsib oldu mənə. Tanınmış tədqiqatçı şairin Dr. Mustafa Ziya bəylə birgə hazırladığı, görkəmli alimə həsr olunan  “Kerkük sevdalısı Gazanfer Paşayev” adlı, Kərkükdə nəşr edılən kitabda mənim də yazım çap olunmuşdu. Həmin günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Şəmsəddin bəylə (“Sarmaşık duyğular”) Mustafa bəyin (“Balam Kerkük”) daha iki yeni kitabının təqdimatı da keçirildi. Kitabının təqdimatında Şəmsəddin bəy tədbir iştirakçılarına digər kitablarından da ( “Kerkük şairləri”, “ Kerkükün milli şairi Mehmet İzzet Hattat”, “Ortadoğuda Türk katliamları. İrak Türklerinin uğradığı katliamlar” ) hədiyyə etdi. Hər biri Vətən sevgisi, Kərkük sevdası, yurd faciəsinin acısı, ürək yanğısı, göz yaşı ilə qələmə alınan o kitabları təkrar-təkrar oxudum…  Professor Qəzənfər Paşayevin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Radiyosunun Xalq Yaradıcılığı redaksiyasında  gözəl jurnalist Xətayə Sahabbinin hazırladığı radioverilişdə  qonaq olarkən, “Kərkük sevdalısı” Qəzənfər müəllimin yaradıcılığından, Kərkük folklorundan danışarkən, kərküklü qonaqlarımızın hədiyyə etdiyi  kitablardan da bəhs etdim. Bu yaxınlarda  Şəmsəddin bəy məni “Kərkükdən səsləniş” adlı daha bir kitabının  təqdimat mərasiminə  dəvət etdi. Yunus Əmrə İnstitutunda keçirilən, Çəmsəddin bəyin dəyər verdiyi bir çox tanınmış insanların, rəsmi şəxslərin, millət vəkillərinin, iş adamlarının, şairlərin, musiqiçilərin, şeirsevən gənclərin iştirak etdiyi bu tədbirdə mənə də söz verildi. Ürək sözlərimi söyləməklə bərabər, Şəmsəddin bəyin şeirlərindən bir neçəsini də səsləndirdim. “ “Kərkükdən səsləniş” kitabı elə özü bütünlüklə səsdi, haraydı, ağıdı, türküdü…”, – desəm,  məncə, daha doğru olar… Bu səs  vətənləşən, kərkükləşən bir vətən övladının – Şəmsəddin Küzəçinin səsidi… İllərdir, Kərkükü bütün dünyaya tanıtmağa çalışan, bütün Türk dünyasını Kərkükün səsini eşitməyə çağıran bir səsləniş,bir çağırışdır! Əslində, yalnız şeirləri, xoyratları ilə deyil, dəyərli tədqiqatları ilə vətəninin səsini, sözünü – özünü, əsl mahiyyətini bütün dünyaya, insanlığa çatdırmaq  üçün  döyüşən, mücadilə edən bir Kərkük mücahididir Şəmsəddin Kuzəçi!.. Sakit , təmkinli görünüşü, üzündəki  xoş təbəssüm zahiridir. Güclü insanlara xas bir təmkindir bu… Daxili aləmində, ruhunda, ürəyində Dəclə, Fərat çaylarının kükrəyişini, saysız-hesabsız soyqırımların, Kərkük şəhitlərinin  faciəsini,  məzlumların yerə-göyə sığmayan ah-naləsini eşitmək istəsəniz, bu türkmən qardaşımızın “Kərkükdən səsləniş”dəki şeirlərindən bir neçəsini oxusanız yetər… Onsuz da birnəfəsə oxuya bilməyəcəksiniz; damarlarında Türk qanı daşıyan insanın damarda qanı donur o şeirləri oxuyanda…

                            “Mən Kərkükəm, Çanaqqala,

                               Məni zorla anamdan qopardılar;

                                Yardan uzaqlara apardılar.

                                Zaman-zaman

                                Qırıq könlümü alardılar.

                                Mən Kərkükəm, Çanaqqala!

                                Dimdik ayaqdayam, yaşayıram hələ…”

       Bu şeir mənə 8 il öncə ziyarət etdiyim Çanaqqala şəhidliyini, orda  “Ana vətən” torpaqları uğrunda can verən şəhitlərimizin məzarları arasında  kərküklü şəhidlərin də olduğunu xatırlatdı… Sanki, “Mən Kərkükəm,  Çanaqqala!”- deyib fəryad edən o mübarək şəhidlərin ruhuydu…

       Şeirlərinin birində:

                                “Mən kərküklü ozanam,

                                 Qanla şeir yazanam,

                                 Susdurmayın əzanım,

                                 Kərküklüyəm, türkmənəm!..                              

 – deyə  vətəniylə, türklüyü ilə iftixar duyduğunu dilə gətirən şair əsl məqsədinin, amalının da bütün dünyaya bəyan edir:

                                “ Azadlıqdır amacım,

                                 Millət – böyük inancım,

                                  Vətənimdir baş tacım,

                                  Kərküklüyəm, türkmənəm!..”

         “Kərkükdən səsləniş” kitabını oxuyuram. İlk dəfə əlimə alanda lap başdan oxumadan səbirsizliklə vərəqlədim… Gözümə ilk dəyən şeir çox xoşuma gəldi. Vərəqin ucunu qatlayıb işarə qoydum. Təkrar oxumaq üçün. Sonra bir şeirini də oxudum. Çox təsirliydi…O vərəqin də kənarını qatladım…Yenidən oxuyacaqdım. Daha bir şeiri də oxudum. Damarlarda qan donduran bir şeiri…O vərəqi də iki qatladım. Axtaranda tez tapa bilim deyə… Nəhayət, yarım saat içində yeni çapdan çıxmış, təptəzə kitab qat-qat oldu əlimdə, istəmədən… Heyf… Amma “oxunaqlı kitabın qədəri  belədir”, – düşündüm həm də.. Bu kitabdakı şeirlərin hamısı gözəldir! Oxusanız,   mənimlə həmfikir olacağınıza inanıram. Ən əsası o şeirlərin hansı duyğularla yazıldığını anlamağa çalışın… Bu, şairin özünün də istəyidir. Şeirlərinin birində, “Məni alıb oxuyun, Anlayın…” – deyir.

                                         “Günəşi  görməyə gəlmişik…”

       “Kərkükdən səsləniş”  kitabı şairin  ötən il təqdimatını keçirdiyi “Sarmaşık duyğular” kitabı əsasında  nəşrə hazırlanıb.  Kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırıb tərtib edən və “Ön söz”ün müəllifi tanınmış şair,dos.dr. Rəsmiyyə Sabir, redaktoru şair qardaşımız Əkbər Qoşalıdır. Kitabın  məsləhətçisi prof.dr. Qəzənfər Paşayev, rəyçisi  dos.dr.Qənirə Paşayevadır.

      Şəmsəddin Kuzəçinin “Kərkükdən səsləniş” kitabını oxuyuram. Bu kitabda toplanan şeirlərdə vətən məhəbbəti, yurd açısı ilə bərabər bir  Günəş hərarəti var! Kitaba  yazdığı “Ön söz”də  Rəsmiyyə xanım da  bu hərarətdən  bəhs edir: “Mən bu şeir kitabını oxuyarkən dərd-kədərlə yanaşı, nədənsə  Günəş sevgisi gördüm, onun hərarətini hiss etdim. Mənə elə gəlir ki, bu sevgi Şəmsəddin abimin gələcəyə, azadlığa sevgisidir” – deyir. Kitabın təqdimat mərasimində ürək sözlərimi söyləyərkən o Günəş sevgisindən mən də söz açmışdım. Şəmsəddin bəyin elə  adında  da günəş hərarəti  var. Dinin, iman günəşinin hərarəti! Şairin “Günəş sevgisi” adlı bir şeiri var:

                              “Bülbülə yazığım gəlir,

                                Qəfəsdə olur…

                                Balığa yazığım gəlir,

                                 Dənizsiz ölür…

                                 Yalnız

                                  Günəşi sevirəm:

                                 Günəşi sevən

                                 nə qəfəsdə,

                                 nə də dənizdə

                                 yaşaya bilir…”

      Şairin bütün şeirləri içərisində ən çox sevdiyim bir şeir də var. “Biz” adlı bu şeir şairin həcmcə, bəlkə də ən kiçik şeiridir. Amma mahiyyəti kitablara sığmayacaq qədər böyükdür  – Günəş kimi!…

                                “Biz,

                                  Günəş

                                  deyilik…

                                  Günəşi

                                  görməyə

                                  gəlmişik

                                 Ölməzdən

                                 öncə…”

     Bəli, biz Günəş deyilik… Amma onu ölməzdən öncə görməyə gəlmişik… Bu şeirin, bu sözün kökündə həyata gəlişimizin, varlıq səbəbimizin sirri  var… Bəli, biz Günəş deyilik, şair qardaşım, amma şükürlər olsun ki, bəzi xoşbəxt insanlar kimi  günəşi görənlərdənik… Sən isə adında belə Günəşin  hərarətini yaşadırsan… Həm də o hərarətdən, o işıqdan insanlara kuzə-kuzə paylamaqdasan! Kuzəçilik, axı, sənin  ata-baba məsləyindir, qardaşım!.. Nazim Hikmətin məşhur “Günəşi içənlərin türküsü”nü xatırladım bu məqamda…  Ey Günəşdən “içdiyi”  işığı, hərarəti, eşqi şeirlərə – türkülərə çevirib kuzə-kuzə insanlara paylayan  “kuzəçi”  – Şəmsəddin Kuzəçi, bu sənin dəyişməz qədərindir, bəlkə də… – Şeir kimi… Axı, özün söyləmisən: “Şeir –mənim dəyişməz qədərimdir!”

 P.S. “Kuzə” – dedim, yadıma Həzrəti Mövlananın hikmət dəryası “Məsnəvi”sində padşaha ərməğan olaraq bir dolu kuzə yağış suyu aparan, Dəclədən xəbərsiz, yoxsul bir ərəbin hekayəsi düşdü…  O hekayədə  dərin-dərin mətləblərdən xəbər verir Hz. Mövlana :“Ey oğul! Bütün dünyanı ağzına qədər elmlə, gözəlliklə dolu  bir  kuzə bil. O, Allahın Dəcləsindən bir qətrədir!”-deyir. Bu dünyanı bir kuzəyə, o kuzədəki “su”yu Allahın hikmət dəryasından bir qətrəyə bənzədir!.. Bu yazı da mənim sizə  ərməğanım olsun, əziz qardaşım. – Dəclədən xəbərsiz olmasam da, kitabını təbrik etməyə əliboş gəlmək istəmədim…  Amma mənim “kuzə”mdəki yağış suyu deyil, kim bilir, bəlkə elə doğma  Kərkükün, Türkmənelinin türkülərlə aşıb-daşan  Dəcləsindən bir qətrədir…

Şəlalə Ana Hümmətli,

Şair-tədqiqatçı,dos.dr.