İranın taleyi haqda bu iki böyük xalq qərar verməlidir – Ekspert

İranda gedən son proseslər fonunda etnik-dini və iqtisadi durumun vəziyyəti ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

– İrandakı etnik-dini və iqtisadi durum nə ilə nəticələnə bilər?

– İranda Pəhləvi sülaləsinin hakimiyyəti qəsb etdiyi dönəmdən başlayaraq, bu ölkənin sərhədləri çərçivəsində, öz tarixi vətənlərində yaşayan Azərbaycan türklərinin milli hüquqları tanınmır. 1979-cu ildə baş verən hakimiyyət və rejim dəyişikliyindən sonra Pəhləvilərin bu yöndə yürütdüyü siyasətdə, təəssüf ki, heç bir dəyişiklik baş verməyib. Mövcud dini-siyasi rejim azərbaycanlılara münasibətdə 1925-ci ildən etibarən həyata keçirilən siyasəti davam etdirir, dil və mədəniyyət mövzusunda Konstitusiyada yer alan normaları həyata keçirmək istəmir.

– İranda yaşayan azərbaycanlılara təhsil hüququ niyə verilmir?

– Mövcud İran rejiminin ideoloqlarına görə, xalqların milli hüquqlarının tanınması, onların öz dillərində təhsil almalarına imkan veriməsi ölkənin bütövlüyünə zərbə vura bilər. Şübhəsiz ki, bu, əsaslandırılmamış arqumentdir. İran türklərinin ümumi sayı 40 milyona yaxındır və onlar bu ölkədə azlıqda deyillər. Digər tərəfdən, həm müasir insan hüquq və azadlıqları, həm də islam dinin tələbləri baxımından milli hüquq və azadlıqların məhdudlaşdırılması yolverilməzdir.

– Azadlıqların məhdudlaşdırılması İran hakimiyyətini təhdid etmir ki?..

– Dünya inkişaf edir, bəşəriyyət elmi-texnoloji tərəqqinin önəmli bir mərhələsinə qədəm qoyub. Belə bir zaman kəsiyində dövlətlərin və xalqların yeganə inkişaf yolu bu prosesin içərisində yer almaq, idarəçilik sistemini müasir dünyanın ritminə uyğunlaşdırmaqdan, daha çevik, daha dinamik siyasət yürtməkdən keçir. Teokratiya feodal dövrünün idarəçilik siteminin təzahürüdür, artıq 500 ildir ki, öz əhəmiyyətini itirib. İndi bəşəriyyət dövlət idarəçiliyi, insan hüquq və azadlıqlarının postmodern dönəmini yaşayır. İran isə nəinki modernləşmək istəmir, hətta premodern dövrünün ömrünü mümkün qədər uzatmağa çalışır. Bu baxımdan, mövcud İram rejiminin problemlərini təkcə dünyada baş verən geosiyasi dəyişikliklərlə, bu ölkə ətrafında yaranan həlqənin daralması, maliyyə və digər sanksiyalarla əlaqələndirmək düzgün deyil. İran da daxil olmaqla, bütün teokratik rejimlər bəşəriyyətdəın təfəkkür, dünyagörüşü baxımından 500 il geridə qalır. İnsan amilinin ön plana keçdiyi və hətta post-insan amili dönəminin yaşandığı bir dönəmdə insan hüquq və azadlıqlarını arxaik ideyalara, elmi əsası olmayan mülahizələrə tabe etdirmək mümkün deyil. Bu halda teokratik idarəçilik sistemi nəinki dünyadan, hətta öz cəmiyyətindən belə aralı düşür, geridə qalır; nəinki xarici, heç daxili çağırışlara da cavab verə bilmir.

– Azərbaycanlılar öz hüquqlarının qorunması istiqamətində sistemli və ardıcıl, həmçinin sivil mübarizə aparırlarmı?

– İranın daxilində, tarixən Azərbaycan adlanan coğrafiyada, öz tarixi vətənlərində yaşayan türklərin sayı bizdən qat-qat çoxdur və onların arasında dilini, milli dəyərlərini sevən yetkin siyasilər az deyil. Əlbəttə, bizim onlara yol göstərməyimiz doğru deyil. Hər şey toplumun edəcəyi seçimdən asılıdır. Mən İranda baş verən və verəcəyi ehtimal olunan bütün proselərin dinc və sivil bir yolla inkişafını arzulayıram. Bunun üçün ilk növbədə İranda müasir dünyanın və cəmiyyətin potensialına cavab verən siyasi sistem formalaşmalı, dövlət elm və tərəqqi yolu ilə inkişaf etməli, bu ölkə ən azından modern mərhələyə qədəm qoymalı, siyasi proseslərdə fövqəltəbii mülahizələrdən çıxış edilməsinə son qoyulmalıdır. İranda iki böyük xalq yaşayır – türklər və farslar. Hər iki xalqın böyük tarixi keçmişi, dövlətçilik ənənələri, mədəniyyəti var. Hər iki xalq həm ayrıca, həm də birgə yaşamaq potensialına, zəkasına və mədəniyyətinə sahibdirlər. Onlardan birinin digərini inkar etməsi ilə reallıq dəyişməyəcək. Düşünürəm ki, əsas məsələ bu reallığı qəbul etməkdən ibarətdir. Hər iki xalq daha ədalətli, daha azad və çağdaş dünya ilə ayaqlaşa biləcək bir cəmiyyətin qurulması barədə düşünməli, bunu qansız, insan itkiləri, qarşıdurma, ölüm-itim olmadan həyata keçirməlidirlər. Daha öncə də qeyd etdiyim kimi, mənim kimsəyə dərs keçmək niyyətim yoxdur və sadəcə öz subyektiv düşüncəmi ifadə edirəm. Sonrası isə onların öz işidir, unitar, federativ, konfederativ bir dövlətdə yaşayacaqlar, ayrılacaqlar, yaxud birgə yaşamanın daha əlverişli yolunu tapacaqlar, bu barədə biz qərar verə bilmərik.

23 Baxılıb