Rusiya sabah 300 min əsgər, 900 tank, 1000 qırıcını döyüş vəziyyətinə gətirəcək

Rusiya sentyabrın 11-dən 15-dək  “Şərq-2018” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Təlimlərdə 300 mindən çox canlı qüvvə, 1000 döyüş təyyarəsi, 900 tank, 25 gəmidən ibarət dəniz armadası cəlb olunacaq.

Turkustan.info-nun məlumatına görə, ümumilikdə Rusiyanın bu hərbi təlimlərə 30 mindən çox hərbi texnika çıxaracağı gözlənilir. Bu, soyuq müharibə bitdikdən sonra Kremlin ən böyük əzələ nümayişidir.   

Rusiyanın budəfəki hərbi təliminin əvvəlkilərdən fərqi onun miqyası və qiymətləndirilməsindədir.

Bununla belə, ekspertlər bildirir ki, Rusiya iqtisadiyyatı bərbad vəziyyətdədir. Məhz buna görədir ki, ötən il ölkənin müdafiə xərcləri də 17 faiz azalıb. Bu isə tarixin ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşan ölkə üçün əhəmiyyətli azalmadır. Rusiya özünə yeni nəsil tanklar ala bilmir, hətta bundan sonra ölkənin Su-57 qırıcı təyyarələri də istehsal etməyəcəyi proqnozlaşdırılır.

Belə bir məqamda Moskvanın “Şərq-2018”ə start verməsi eyni zamanda daxili auditoriyaya hesablanmış addımdır. Bu, Rusiyanın itirilmiş imicinin bərpasına yönəlib.

“Şərq-2018” yalnız hərbi hazırlıq və məşqlərdən ibarət deyil. Bu, həmçinin Rusiyanın rəqibləri olan ABŞ və onun müttəfiqlərinə qarşı Putinin strategiyasının tərkib hissəsini nümayiş etdirir.  /Modern.az/