“Şaman nəvəsi-Rüstəm Behrudi”

 Aynurə Əliyeva 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

                                     Mən qərib, kimsəsiz, didərgin ruham,

                                     Göylərdə bilinməz qəbrim var mənim.                                  

                                     Ölsəm, tabutumu mələklər tutar,

                                     Yasımı allahlar saxlayar mənim.

     Dünya ədəbiyyatında elə qələm sahiblərinin yaradıcılığına rast gəlirik ki, onların əsərlərinin böyük hissəsi sırf milli məsələlərə, mənsub olduqları etnoun problemlərinə, bir sözlə, etnik-genetik mənşəyinin özünəməxsusluğuna  aid olsa da, o  nümunələr  sənətkarlıq baxımından, estetik-kulturoloji dəyərinə görə məhəlli deyil, bəşəri ədəbi hadisə kimi söz sənəti tarixinin  bir parçasına çevriliblər.  Homer, Firdovsi, Nizami, Höte, Bayron, Puşkin və başqa şairlərin yaradıcılığından axıb  gələn həmin estetik enerji çağdaş ədəbiyyatda da öz dəyərini itirməyib və müəyyən dərədə müxtəlif nəsil yaradıcı insanların əsərlərində  özünü göstərir. Ən maraqlısı da odur ki,  bu cəhət daha  çox özünü poeziyada, şeirdə qabarıq verir. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində bu cür şairlərin  yaradıcılıq nümunələrinə  çox rast gəlirik. Elə şairlərdən biri də “Salam  dar ağacı” yazaraq böyük poeziya meydanında dövrün, zamanın gərdişınə sinə gərən, bu günlərdə ədəbi içtimaiyyətimiz, eləcə də iki yüz milyondan çox insanı əhatə edən türk dünyası şairsevənlərinin 60 illik yubileyini böyük sevgiylə qarşıladığı şair publisist, fərqli poetik düşüncə  adamı  Rüstəm Behrudidir. 

     Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Naxçıvan Dövlət Pedoqoji İnstitutunun  tarix-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Ordubad rayonunun Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1988-ci ildən güclənən milli-azadlıq hərəkatının fəallarından olmuşdur. “Salam, dar ağacı” kitabı  və digər poetik əsərləri milli-mənəvi düşüncələr rəğbətlə qarşılanmışdır. Şairin Türk dünyası oxucuları arasında sevilən kitabları həm Azərbaycanda, həm Türkiyə respublikasının İstanbul, Ankara, İzmir, şəhərlərində işıq üzü görüb. Əsərləri rus, ingilis, fransız, çex,  türk, polyak, özbək, qazax, qırğız və başqa dillərə çevrilib. Şair  “Yaddaşlara yazın”, “Şaman duası” kitablarının müəllifidir.   Ötən əsrin 80-ci illərindən başlayaraq ədəbiyyata olan böyük sevgisini şeirə çevirməyi bacaran Rüstəm Behrudinin bütöv yaradıcılığını, əslində bir cümlə ilə xarakterizə edə bilərik. Türk-Azərbaycan milli etnik sivilizasiyaının poetik salnaməçisi, qızğın tərənnümçüsü keçmişdəki dəyərləri gələcəyə ötürəni. Fəqət, pafoslu, ideoloji yazılarıyla deyil, Şaman duası enerjisi ilə, “Quran” ayələri  avazı üstündə, Orxon-Yenisey mətnlərinin tarixi-fəlsəfi ruhunda, Füzulinin əmanət etdiyi saf türkcəmizdə yaratdığı həzin, kövrək, lirik-fəlsəfi şeirləriylə:

                            Mənim buntürk sak babam…

                            Hun babam, Oğuz babam…

                            Göy Tanrı,

                            Qara xan, Oğuz Gültəkin…

                            Hərəsi içdiyim

                            Bir anddan gəlir…

                            Mənim qərib-qərib

                           Ulayan sözüm

                            Atilla gözləyən

                            Boz qurddan gəlir…

      Bir milli şair olaraq R.Behrudi yaradıcılıq yolunun bütün mərhələlərində bir amala xidmət etməyə çalışıb: Türk ruhunun poetik nəbzini tutaraq  dünyanın aparıcı etnosu olan  bu qədim toplumun bəşəriyyətə bəxş etdiyi ən yaxşı çəhətlərini qabartmaq, sivilzasiya tarixinə qatmaq. Şair şeirlərində Şaman kimi türkə dua oxuyur, Boz Qurd kimi milləti döyüşərək özünü xilas etməyə səsləyir, qərib dərviş tək haqqa sığınaraq etnosdaşını ali həqiqətə doğru aparmaq, sevdiyi insanları Tanrının Göy çadırı altına yığmaq istəyir, hətta ata dili üstə millətə ağı deyir, insanı ali nemət olan azadlığa qovuşmaqdan ötrü mübarizəyə qaldırır, yalqızlığı ilahiləşdirir, hər yerdə sevgi axtarır…

      Hər qələm sahibinin  öz aparıcı mövzusu olur. Bu mövzunun arxasında isə müəllifin əqidəsi, amalı dayanır.  İnsan  istəkli sirdaşdan, doğma yurddan ayrılarkən darıxdığı kimi, yazıçı da nədən yazırsa-yazsın, sözü dolandırıb öz mövzusuna qayıdır. Bu fikri şair Rüstəm Behrudinin “Yaddaşlara yazın” kitabına şamil etmək olar. Kitabda sevgidən, təbiətdən, sənətdən və başqa mövzulardan danışılsa da, Vətən mövzusu ön plana çəkilir. Şairə görə Kərkükdü, Göyçədi, Qarayazıdı-Vətən, Füzulinin məzarı da vətəndi, Arazın dərdi də vətəndi.  Bu tutarlı, məntiqli fikrin arxasında Vətəndən yalnız barınmaq ideyası yox, onun dərdini sevincə çevirmək, yeri gəlsə, uğrunda baş vermək istəkləri dayanır. Behrudi “Vətən” sözünü çox işlətsə də bu müqəddəs mövzunu ucuzlaşdırmır, onun  arxasında gizlənmir. “Yaddaşlara yazın bunu” şeirində deyilir ki, Vətən varlığını “hərə bir cür dərk eləyir”. Bu maraqlı, yaddaşlarda yazılan şeirdə şair  “Vətən” sözünü qalxan edib min-bir fırıldağa əl atanları, Vətənin büllur adına sığınıb çirkin  işlərə qoşulanları ifşa edir. R.Behrudi həmin mənfi tipləri də ustalıqla  ümumiləşdirir.

                           O adama nəyə gərək Vətən nədir;

                           Beləsinin dilini al,  elinin al,

                           Komasına əl vurmasan,

                          Bilməyəcək  nəyi gedir, nəyi qalır, itən nədir.

Rüstəm Behrudi-təpədən dırnağa şairdir. O, bizim aramızda gəzən, bizim görmədiyimiz adamdır. Tamın zərrəsidir o, bizim kimi. Amma bizə məhəbbətindən,  bizə mərhəmətindən, bizim hamımızın-bütün zərrəciklərin, insanın, otun, suyun, ağacın,  yarpağın, çiçəyin, heyvanın, hətta iblisin də günahlarını öz boyuna götürüb və hamının, hər şeyin,  bu günahkar dünyanın bütün günahlarının əvəzində tövbə edir, günahlarının bağışlanması üçün allaha dua oxuyur…  Bu günlərdə  görkəmli Azərbaycan şairi Rüstəm Behrudinin doğum günüdür. Türk dünyasının sevimli şairi kimi tanınan Rüstəm Behrudinin şeirləri dünyanın aparıcı dillərinə çevrilib və bu gün də müxtəlif ölkələrdə oxucular tərəfindən rəğbətlə qarşılanır. Şairə sağlam ömür və daha ötülməz  yaradıcılıq nümunələri ilə oxucularını sevindirməsini diləyir və şah misralarının yer aldığı dillər əzbəri olan şeirlərinindən bir neçəsini təqdim edirik. Məlumatlandırmaq istədiyim şeirlərdən biri “Məni adamlar unutdu” adlı şeiridir. Şair bu şeiri yazma səbəbini belə ifadə edir: “Mənə ehtiyacı olanlar ora girsinlər deyə  ürəyimin qapısına, kilid qoymadım. Mən əzab çəkim deyə, mənə ehtiyacı olmayanların ora girməyinə nə ad verim, Tanrım? Tanrım, harda yanlış yapdığımı anlat mənə. Heç zaman qovuşa bilməyəcəyim bir adama aşiq olmaq qədər kədərli bir şeyin ağrısı var içimdə. Sən yoxmuşum kimi davrana bilərsən, sən ey ölümsüz sevginin bəlası. Bütün qəlbimlə acıyıram sənə.

                                 Tanrım, bağışla, əfv elə,

                                 Din sevdim, dinin üstünə.

                                 İlk bahar yağışı yağdı.

                                 Yağdı dərdimin üstünə.

Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolun başlanğıcı da Vətən, sonu da Vətəndir!

      Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı intəhasızdır, sonsuzdur. Qarşı yatan qara dağdan başlayıb qara başın bu yol üstə qurbanlığına qədər davam edir. Şairin poeziyasında poetik zaman min illərlə ölçülür. Sevdanın dəli havası da min ildi başdan getmir. Daşlarda uyuyan tarix min ildi oxunmur. Şairin vətən, yurd sevgisi ləyaqətli vətəndaş olmaqdan keçir, “Yurd yerimiz” şeri əsl vətəndaşlıq andıdır. Rüstəm Behrudinin şeirləri vətəni sevməyə və sevdirməyə gücü çatan poeziya nümunələridir. Çünki onun şeirləri yalnız misradan, bənddən, qafiyə və bölgüdən ibarət deyil, onların gözlə görünməyən ruhu var.

 

                   Vətənsiz biz kimik, vətənsiz nəyik?!

                   Vətəndaş deyilik qanana kimi.

                   Vətən bir ocaqdı, biz pərvanəyik,

                   Dolannıq başına yanana kimi.

Şair Azərbaycanın dilbər guşələrinin birində, Arazla üz-üzə dayanan Ordubad rayonunda böyümüşdür. Cənub həsrəti  təbiidir ki, Rüstəm Behrudinin poetik təfəkküründən onun isti  misralarından kənarda qala bilməzdi:

                       Səbrinə od düşən bu nağılların,

                       Sözü babaların köçündən keçər.

                               Araz Ordubadda dağ-daşdan deyil,

                      Axıb adamların içindən keçir.

“Yurd yerimiz”, “Bir gəmi olaydım  sularında mən”, “Mən yanmasam”,  “Mən elə beləcə ölməyəcəyəm”, “Bütöv olmayan ürək haqqında nəğmə”, “Dünyanı söymə”  və başqa şeirlərin lirik qəhrəmanı oxucunu həm təvazökar, sadə, həm də  cəsarətlə öz arxasınca aparır, inamlı, hünərli bir sözlə bütöv şəxsiyyət olmağı təlqin edir. Şairin vətəndaşlıq şeirləri, sevgi nəğmələri şümal deyil, açıq tərənnümdən uzaqdır. Rüstəm Behrudi qələmə aldığı mövzunu əvvəlcə öz içindən keçirir, ona öz gözləri, öz baxışları, öz duyğuları, öz poetik təsəvvürü ilə yanaşır, ilk baxışda nəzərə çarpmayan keyfiyyətlərin poetik mənalarını tapır və oxucunun istiqamətləndirə bilir. Rüstəm Behrudi şeirlərində vətəndaşlıq motivləri qabarıqdır. Şairin şeirlərində nikbinliklə  həzinlik, vüsalla həsrət, cəsarətlə qayğı səmimi bir vəhdət təşkil edir və oxucu bu vəhdətin çalarlarına inanır:

                             Dünyanı heç kimin qarğışı tutmaz,

                              Qarğama dünyanı, dünyanı söymə.

R.Behrudi yaradıcılığında Boz Qurd obrazı onun poeziyasını mifoloji düşüncəyə söykəyirsə, Şaman obrazı bu poeziyanı İlahi başlanğıca bağlayır. Bu poeziyada Şaman ayrıca vəsf olunmur, onun şəninə söylənən misralar yoxdur. Amma Şamana, onun duasına böyük inam var. Bu inam Behrudi poeziyasının güc mənbəyidir, oxucuda şairin duasının qəbul ediləcəyinə böyük ümid yaradır:

                 Şaman kimi sözlərdən

                       mən tale toxuyuram,

                 Ürəyimdə səksəkə,

                      ruhumda bir zəlzələ…

                 Hər gecə göy üzünə

                      mən dua oxuyuram:

               – İlahi, bu milləti

                    yox olmaqdan hifz elə!

    R.Behrudi heç kəsi təkrar etmir. Əslində o, kimisə təkrar etmək istəsə belə bu, mümkün deyil. Çünki Rüstəm Behrudinin çapdığı atın meydanı başqa məkandır. Bu məkanın bir tərəfində gün batanda o biri tərəfində günəş yenidən doğur. Onun poeziyasında özünəməxsus milli hiss və duyğudan enerji alan daxili dinamizm və səmimilik öz gücünü həmişə saxlayır. Səmimiyyəti, məhrəmliyi qoruyan və yaşadan poeziya isə oxucuya daha çox doğmadır.  Rüstəm Behrudinin “Salam, Dar ağacı “şerinin geniş yayılmasının və müəllifinə şöhrət gətirməsinin əsas səbəbi şerin misralarına hopmuş səmimilik və məhrəmlikdir. Oxucu eşitdiyi salamı ala-ala, ona “əleyküm-salam” cavabını verə-verə özü də bilmədən şerin ruhuna uyur. Elə bil salam oxucunu dalınca dartıb aparır. 

Rüstəm Behrudinin Dar ağacı cəza ağacı deyil ki, günahkarları asasan, ölümün qınaq sahibi olasan. Rüstəm Behrudinin Dar ağacı əsr-əsr, nəsil-nəsil bölünən bir xalqın dərdiylə üz-üzə dayanan, Tanrının bəndədən aralı düşməsinə şəhadət verən bir ağacdır. Dar ağacına verilən salam oxucuya verilən salama çevrilir, ağac da ruhən yaxınlaşır, doğmalaşır.

      Rüstəm Behrudi şeirində Dar ağacı oxucu yaddaşında qalan quru, günahkar ağac deyil. Rüstəm Behrudinin dilində bu ağac budağı, yarpağı olan həyat ağacıdır:

                              Çarxı tərs fırlanır fələk qarının,

                              Turan kölgəsində budaqlarının,

                              Rəngi bayrağımda yarpaqlarının,

                              Salam, Dar ağacı!

                              Əleyküm-salam.

R.Behrudi yağmalanan obalara, bölünən ellərə, tapdanan torpaqlara, quruyan çaylara görə Dar ağacı ilə haqq-hesab çəkməyə gəlib. Amma bu haqq-hesab məqamında hakim olmaq iddiasında deyil, o, yaxşı bilir ki, haqq-hesab məqamı Tanrının ixtiyarındadır. Rüstəm Behrudi Dar ağacının hüzurunda dəli bir şair kimi dayanır, heç Dar ağacının özünə də qürrələnməyə imkan vermir:

                                  Qəbul et, növbəti qurbanın mənəm,

                                  Mənim canım səndə, bil, canın mənəm,

                                  Elə qürrələnmə… hər yanın mənəm,

                                  Salam, Dar ağacı!

                                  Əleyküm-salam.

   R.Behrudi vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb ağ vərəqlərə tökülür. Onun hər bəndi, hər kəlməsi vətən qoxuyur. Behrudi  yaradıcılığı başdan-ayağa vətənə həsr olunur desək yanılmarıq. Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. Rüstəm Behrudinin  kitablarında yalnız bircə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. Şeir və dastanların çoxu əsrimizin son rübündə yazılsa da, ehtiva, dairəsi çox böyük, çox  əzəmətlidir.    

  Bir az qəribə səslənsə də, mənimlə razılaşarsınız ki, hər bir şairin harda adı çəkilir çəkilsin, həmin an onun ya bir məşhur misrası, ya bir bənd, ya da bütöv bir şeirin özü yada düşür. Rüstəm Behrudinin də adı çəkilən kimi yaddaşlarda  aydınlaşan belə bir sadə, təbii, həm də məhəbbətin özü kimi ölməz misraları var:

                    Mən kiməm? Özünə qılınc qaldıran,

                    Özündən intiqam, qisas alan da.

                    Mənəm Çaldıranda, mənəm Şuşada

                    Elə qalib gələn, məğlub olan da…

      Rüstəm Behrudi poetik düşüncələrinin  coğrafi sərhədləri və imkanları çox geniş və zəngindir. Şairin bütün yaradıcılığının ruhunu təşkil edən təbilik və müasirlik, güclü vətənpərvərlik və xəlqilik, dərin beynəlmiləlçilik ideyaları, zəngin, incə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır. Sülh, azadlıq, türkçülük,  demokratiya uğrunda mübarizə şairin  yaradıcılığında geniş yer tutur. Şair bu mövzunu həmişə vətən və xalq anlayışı ilə vəhdətdə görür. Onun vətəndaş duyğuları ilə lirik qəhrəmanın ehtiras və düşüncələri çox vaxt eyniləşir.

     Rüstəm Behrudi şeirləri ilə yol gedir. O, yüz illik, min illik yolun yolçusudur. Bu yol Rüstəm Behrudinin qəlbindən başlayır, onu yurd yerinə aparır, amma həmin yolun üstündə Türkmənçay, Gülüstan, Çaldıran var. Qardaş qovğasını yaşadan tarixi yaddaş içində şairin “Beyrəyin köynəyini qanlı-qanlı gəzdirmək” istəyi təbii və inandırıcıdır. Çünki Rüstəm Behrudinin yurd yerinə çatmaq istəyinin görk yeri yalnız Beyrəyin köynəyi ola bilərdi. Mövzu, ideya və bədii detal arasındakı qırılmaz bağların təbiiliyinin sübutu üçün şeir tariximizdə bundan gözəl nümunə tapmaq çox çətindir. Rüstəm Behrudinin poeziyasında tarixi məkanlar da – Təbriz, Dərbənd, Ötükən; tarixi şəxsiyyətlər də-Teymurləng, Xətai, İldırım Bəyazid, Sultan Səlim, Qacar; mifoloji obrazlar da – Qorqud, Beyrək, Leyli, Məcnun, Əsli, Kərəm həm poetik mətnin içinə daxil olurlar, həm də müəllif ideyasının qavramına təminat verirlər. Rüstəm Behrudinin vətən, yurd sevgisinin məkanı bugünkü deyil, tarixi coğrafiyanın sərhədlərinə dayanır: Qarayazı, Göyçə, Ərzurum, Kərkük bu coğrafiyanın adi məkanlarıdır.

Şair bu yolu gedərkən Araz üstə körpü olmaq istəyir. Bu yol çox uzundur, bəzən heç axırı da görünmür. Amma o, öz yolundan dönməzdir və dönməməkdə çox qərarlıdır:

                                Bəlkə də, ölümə aparır məni,

                                Mənə gəl-gəl deyib yanan ocaqlar.

                                Yolumdan dönmərəm, dönük şairin

                                Şerinə od vurub yandıracaqlar.

Şairin poeziyasında həyatla ölüm bir yerdədir, vəhdətdədir, ayrılmazdır:

                               Bir ömürdüm,-sevinci az, qəmi çox,

                               Necə göynər könlümdəki yaram, ox!

                              Bu dözümdən daha mənə haray yox…

                              Bax, öldürüb:

                              Başdaşımı ağlar hey!..

      Müasir insanı öz əcdadı ilə birləşdirən yeganə doğru yol ruhdan keçir. Bu ruh tarixi yaddaşın da əzəli və əbədi məkanıdır.

Rüstəm Behrudi əqidəsi şairliyi ilə harmoniya təşkil edir. Bu yolda ölmək də var. Çünki bu yol şairin (həm də türkün!) taleyidir.

Rüstəm Behrudi poeziyasında xalqdan və millətdən ayrıca bir şair ömrü yoxdur. Şairin yaşadığı hiss və duyğular millətin həyatı, xalqın taleyi ilə vəhdətdədir. Onun yaradıcılığında şair şəxsiyyəti ilə millət obrazının birliyi yaranır. Bu xətt Rüstəm Behrudi yaradıcılığını fərqləndirir.

Rüstəm Behrudinin şeirləri müasir şairlərin heç birinin şeirlərini xatırlatmır. Bu fərqlilik poetik novatorluğun şeirdə ifadə olunan fikirlərdən qaynaqlanması, həmçinin şeirin daxili hərəkətinin tənzimləməsi ilə bağlıdır. Nümunələrdə rast gəlinən “Tanrı öz yanından göndərib məni”, “Qurd kimi uladım gecələr elə”, “Orda-Tanrı dağda Gurşad gözləyir” kimi misralar bir bəndin sonuncu, digər bəndin isə birinci misrasına çevrilməklə dinamizm yaradır. Əslində isə Tanrı, Boz Qurd, Gurşad adlarını içinə hopduran həmin misralar şeri ruh kimi dolaşır.

      Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyanı dolaşır. Daha sonralar  ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. R.Behrudi də ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq… Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

    Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə, pıçıldasın qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun!

                             Başımdan dumanlı uyğular keçir-

                             Görəsən, xoşbəxtmi yazdığım yazı!

                             Görəsən, aldatmır bu fikir məni

                             Ki, “quzu” sözündə yazıqlıq yatır,

                             Ya “yazıq” sözıq sözündə yaşayır quzu.

                       Başımdan dumanlı uyğular keçir,

                             Fikrə, düşüncəyə  nə qorxu, 

                             Fikirdə yaşayır azadlıq ancaq!

                            “Azadlıq” deməkdir “fikir” bəlkə də!?..