“Azadlıqdakı ruhum” – Şəmil Sadiqin yeni kitabı

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, yazıçı, şair Şəmil Sadiqin “Azadlıqdakı ruhum” kitabı oxucuların ixtiyarına verilib. Kitabda ədibin son illərdə yazdığı şeirləri və fəlsəfi-didaktik düşüncələri yer alıb. Bu ədəbi nümunələrin hər birində ədibin milli vətənpərvərlik nəfəsi, insanlığa, vicdana səsləyiş, ülvi sevgi və təmənnasız hislərin tərənnümü duyulur.

Həmin topludan bir neçə şeiri sizə təqdim edirik:

Kaş sən bir rəssam olardın…

Kaş sən bir rəssam olardın,

mənsə natura

Saatlarca dinməz, danışmaz sənə baxardım.

Nə sən məndən qaçardın, nə də mən…

Sən mənə rahat-rahat,

uzun-uzun baxardın.

Hərdən gözlərimə baxıb xəyallara dalardın.

Gözlərimdə qalardın.

Mən heç qırpmazdım gözlərimi,

Səndən xəbərsiz, səni səndən alardım,

Gözlərində yaşardım…

 

Günəşli gecə

– Necəsiz, işləriniz necədir?

– Sağ olasınız, Günəşdən asılıyıq.

– Günəş necə baxır bəs sizə?

– Günəş elə baxır ki, gözlərimiz qamaşır,

Amma onu görə bilmirik, gözlərindən uzağıq.

– Günəşsiz gününüz olmasın!

– Görən Günəş də baxırmı bizə?

– Bəs gecələr necə?

İşıqsız qalırsınızmı heç?

– Gündüzlər aldığımız işığı qəlbimizə köçürürük,

Gecələr də gözlərimizi qəlbimiz aydınlaşdırır.

– Hmm, Günəşiniz bol olsun!

– Yox Günəşimiz tək olsun,

Amma işığı bol olsa daha yaxşıdır.

– Hmmm

– Sizcə, Günəş nə düşünür?

-…

– Günəş getdi yatmağa…

* * *

Bəzən təsəlli olmur,

Təsəlli olmur heçnə…

Nə dostların içki məclisi, nə də yalnızlıq…

Nə körpə qığıltısı, nə də dünya neməti.

Nə sevgilinin sənsiz həsrəti,

Nə də ruhunu oxşayan saf məhəbbəti…

Təsəlli olmur heç nə…

Nə gecələr yatmağa qoymaz arzular,

Nə də başından tökülən bitməz ruzular.

Nə günlərlə gülüşünə möhtac olduğun bir gözəlin gülüşü…

Nə də dərdindən öldüyün bir gözəlin öpüşü…

Heç nə təsəlli olmur…

Çünki bir boşluq gəzir Boşluğumda bayquş kimi…

Çünki boşluğumun boşluğuna da inam qalmayıb….

Sən bilmədin sevgi nədir…

Oxuduğun kitablarla xəyal qurdun.

Sən bilmədin sevgi nədir…

Bəlkə də heç bilməyirsən dadın onun.

Ondan-bundan dinlədin sən sevgi nədir…

Nağıllarda Leyli olar, Məcnun olar…

Həyat sənə Məcnun verməz,

Gözləmə heç…