Dolların kəskin ucuzlaşması ola bilər? – Ekspertlər

Son zamanlar ticarət müharibələrinin qızışması, Tramp Administrasiyasının gömrük və vergi rüsumlarının artırılması yolu ilə ABŞ-ın mövqeyini diqtə etməyə cəhd göstərməsi dünya ticarəti və iqtisadiyyatı üçün müəyyən təhdidlər yaradır. Bu təhdidlər gələcəkdə daha da dərinləşsə, qlobal iqtisadiyyatda böhranlı vəziyyətin yaranması ehtimalı artacaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a “Briolqecater Associates”in qurucusu Rey Dalionun dollarla bağlı proqnozuna münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, doğrudan da bəzi ciddi makroiqtisadi göstəricilərdə problem var:

“Yəni daxili və xarici borcu 15 trilyon dollarlıq bir ölkədən söhbət gedir. ABŞ-da yaranan böhranın bütün dünyaya necə təsir edə biləcəyini biz 2008-ci ilin avqust ayında başlayan böhranda gördük. O zaman ABŞ-da maliyyə böhranı başladı. “Lehmann Brothers” adlı 300 milyard dollarlıq böyük bir şirkət batdı. Bundan sonra bəzi banklar bağlandı. Bu, bütün dünyada iqtisadi böhrana və ciddi dalğalanmalara səbəb oldu. ABŞ doğrudan da dünya iqtisadiyyatında çox mühüm rol oynayan aparıcı ölkələrdən biridir. Amma zaman-zaman belə proqnozların verilməsinə baxmayaraq, ABŞ iqtisadiyyatının özünün strukturunda ciddi problemlər yaşamadığını görürük. Yəni iqtisadi artım tempi 3% civarındadır ki, bu da ABŞ kimi böyük ölkə üçün kifayət qədər yaxşı göstəricidir. Dünya ticarətinin ən azı 72%-ə yaxını dollar üzərindən aparılır ki, bu da dolların hegemonluğunu və ABŞ iqtisadiyyatının gücünü göstərir. Dünyada valyuta ehtiyatları yığan ölkələr yığımların 62%-ni dollarla saxlayır. Bu da dollara nə qədər böyük güvənin olmasının göstəricisidir. Yəni indi ABŞ kifayət qədər möhkəm iqtisadi inkişaf modelinə malikdir”.

Ekspert vurğulayıb ki, amma ABŞ-da ticarət müharibələrinin başlaması, gömrük və vergi rüsumlarının artırılması dünyada gərginlik səbəbidir:

“Bu, dünya ticarətinin zəifləməsinə yönəlmiş addımdır. Bu nöqteyi-nəzərdən son zamanlar artılmış addımlar bir müddət sonra dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaranmasına səbəb ola bilər. Həmçinin bu, ABŞ-ın özünə də bumeranq effekti ilə təsir göstərər. Belə bir ehtimal var. Amma düşünmürəm ki, ABŞ-dakı kəskin böhran və dolların kəskin şəkildə dəyərdən və gücdən düşməsi yaxın 1-2 ilin prosesidir. Hazırda bu, mümkün görünmür. Trampın tutduğu yol davamlı şəkildə aparılsa, o zaman 5-10 illik perspektivdə belə bir ehtimal reallaşa bilər”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Cəfər İbrahimli isə bildirib ki, mövcud şəraitdə ABŞ və Avropa iqtisadiyyatında ciddi aktivlik var:

“Bu aktivlik fonunda da ABŞ Mərkəzi Bankı və ABŞ hökuməti bu və ya digər şəkildə bir az iqtisadi aktivliyi artırmaqda daha maraqlıdır. İnflyasiya qaneedici, işsizlik tarixi minimum səviyyələrdədir. Digər tərəfdən, iqtisadi böyümə hətta gözləntilərin üstündə olduğu üçün iqtisadi aktivliyi ABŞ Mərkəzi Bankı bir az azaltmaq istəyir”.

İqtisadçı vurğulayıb ki, hazırda ABŞ dolları və iqtisadiyyatı dünyada ciddi şəkildə mövqeyini qorumağa davam edir:

“ABŞ valyutası bu gün dünyada ən güvənli hesab olunur. Son dönəmdə də dünyanın inkişaf etməkdə olan ölkələrindən çıxan vəsaitlərin ABŞ və Avropa iqtisadiyyatına getdiyi görünür. Ona görə də yaxın dönəmdə belə ciddi qlobal yöndə dəyişiklik olacağı o qədər də inandırıcı görünmür”.

İqtisadçının sözlərinə görə, dünyada 10 ildən bir hansısa böhranlar və ya böhrana bənzər dəyişikliklər olur:

“ABŞ-ın indiki borc səviyyəsinin çox yüksək olması, fond birjalarında qiymətlərin çox şişirdilməsi və dolların daha dəyərli olması ABŞ iqtisadiyyatında növbəti təlatümlərin olacağı ilə bağlı gözləntiləri artırır. Amma hazırki iqtisadi göstəricilərlə Dalionun proqnozu üst-üstə düşmür. ABŞ üçün ən təhdidedici vəziyyət onun xarici borcudur. Amma bu xarici borcun qarşısında ölkənin 16-17 trilyon dollarlıq ümumi daxili məhsula sahib olan iqtisadiyyatı var”.

Qeyd edək ki, “Briolqecater Associates”in qurucusu Rey Dalio ABŞ iqtisadiyyatının 2 il ərzində çökməyə başlayacağını bildirib. Dalio dolların əhəmiyyətli dərəcədə zəifləyəcəyini, borc böhranından çox dollar böhranının yaşanacağını söyləyib.