“Cümhuriyyət muzeyi açmaq istəyirəm” – Dilqəm Əhməd (Müsahibə)

Mən onun yazılarını  həmişə maraqla oxuyuram. İmzasını ilk dəfə “Qoroskop” qəzetinin səhifələrindən tanımışam. Onun həm “Qoroskop” qəzetində, həm də digər  qəzet və saytlarda ardıcıl dərc olunan məqalələri mövzu rəngarəngliyi, dərin məntiq və aydın üslubu ilə seçilib, fərqlənib. Elə özü də yaşıdları içərisində dərin ağlı, yüksək mədəniyyəti, hərtərəfli dünyagörüşü  ilə fərqlənən bu gənc  tədqiqatçı Dilqəm Əhməddir. Son illər Cümhuriyyət dövrü, onun davamı kimi mühacir  həmvətənlərimizin taleyi ilə əlaqədar tədqiqatlar aparır və bu sahədə çox dəyərli işlər görüb. Təkcə gənclərimizə deyil, elə bir çox böyüklərə də örnək olacaq  böyük  layihələr həyata keçirib. Sentyabrın 12-də  məni AMEA-nın Mərkəsi Elmi Kitabxanasının konfrans zalında açdığı sərgiyə  dəvət edəndə sevindim. Cümhuriyyətimizlə əlaqədar yeni və qiymətli materialları görmək istəyirdim. Həm də sərginin məhz  Cümhuriyyətimizin qurucularından  biri,  İstanbul səfiri  böyük azərbaycanşünas alim-yazıçı, diplomat Yusif Vəzir Çəmənzəminlinin ad gününə təsadüf etməsinə də çox sevindim…  “Cümhuriyyət ili”ndə, Bakının Qurtuluş günü ərəfəsində və əziz Yusif  Vəzirin ad günündə belə bir sərgidə iştirak etmək , əlbəttə ki, gözəldir! Sərginin açılışına bir az tez gəldim. Bu dəyərli gündə, yaradıcılığını, şəxsiyyətini dəyərləndirdiyim, vətənpərvərliyi ilə həmişə qürur duyduğum bu gözəl  oğlumla bir  az söhbətləşmək, ondan müsahibə götürmək istədim.

Müsahibim haqda qısa bir arayış : Dilqəm Əhməd – 1985-ci ildə İrəvanda doğulub. 2014-cü ildən etibarən Azərbaycan Cümhuriyyəti və onun davamı olan Azərbaycan siyasi müxalifəti ilə bağlı tədqiqatlar aparır, bu mövzulara aid arxiv materiallara toplayır. 4 ildir ki, Türkiyənin İstanbul şəhərindən Azərbaycan mühacirlərinin arxivini toplayıb, geniş bir materialı vətənimizə gətirib. “Fərqlilər” (2015), “Mühacirlərin dönüşü” (2017), “Bir ildən yüz ilə” (2018) kitablarının müəllifidir.  

  – Neçə illərdir jurnalıst, tədqiqatçı və  yazıçı kimi yaradıcılığınızla tanışıq. Bilmək istərdim, tariximizi, xüsusilə, Cümhuriyyət tariximizıi araşdırmağa ilk maraq necə yarandı?

  • Mən humanitar sahənin adamıyam. Xüsusilə, tarix, jurnalistika və ədəbiyyata marağım var. Mənim məhz Cümhuriyyət dövrünə və onun davamı olaraq Mühacirət dövrünə marağım isə bir təsadüf nəticəsində ilk fotoları –  mühacir şairimiz  Almas İldırımın fotoşəkillərini əldə etməyimlə başladı. Sonra mən  həmin fotoşəkilləri əldə etdiyim şəxslə əlaqə yaradıb arxivində başqa nələrin olduğu ilə maraqlandım.Və o mənə geniş bir arxivin qapısını açdı! Bu gün sərgidə gördüyünüz materialların 95 faizi həmin arxivdəndir. Beləcə, həmin materialları əldə etdikdən sonra, onsuz da jurnalist fəaliyyəti ilə məşğul olduğum üçün düşündüm ki,  elə bu materialları özüm tədqiq etməyə başlayım. Mən hər müsahibəmdə bunu qeyd edirəm ki, tədqiqatlarımda mənə hörmətli  professor Ədalət Tahirzadənin böyük dəstəyi oldu. O, elə bu mövzuda yazdığım 3 kitabımın da elmi redaktorudur. Artıq 3 kitabım çap olunub: “Fərqlilər”, “Mühacirlərin dönüşü” və “Bir ildən yüz ilə” kitablarım. Və sərgilər keçirməyə başladıq. Mən xüsusilə onu qeyd eləmək istəyirəm ki, alınan bütün materialları Azərbaycan vətəndaşlarının mənə göstərdiyi təmənnasız yardımı ilə əldə etmişəm. Bunların hər birinə xeyli pul xərclənib. İnsanlar mənə inanırlar, güvənirlər, maddi dəstək göstərirlər. Tədqiqatlarımı  tədricən, əvvəlcə, məqalə şəklində yazdım. Sonra həmin məqalələr toplandı, kitab oldu. Bu il də Cümhuriyyətin 100 illiyi olduğuna görə sərgilər keçirməyə başladıq. Bu bizim 23-cü sərgimizdir. Bu da Cümhuriyyətin 23 ayı ilə səsləşir.
  • Cümhuriyyət ili ilə əlaqədar sizin İsveçdə də tədbirlər keçirdiyinizi eşitdim.
  • Elədir. İsveçdə kitab təqdimatımız oldu. Bu il hörmətli professor Ədalət Tahirzadə ilə birgə “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oşerk” adlı kitabımız çapdan çıxdı. Bu kitab İsveç və Danimarka dillərində  nəşr olundu. Və biz İsveç-Azərbaycan Cəmiyyəti tərəfindən İsveçə dəvət olunduq. İsveçdə yaşayan həmvətənlərimizə Cümhuriyyətimizdən danışdıq. Tədbirdən sonra konsert də təşkil olunmuşdu. O günlər xoş xatirə kimi yadda qaldı. Onu da deyim ki, həmin kitab İsveç ictimaiyyətinə təqdim edilən Azərbaycan Cümhuriyyəti haqqında yazılmış ilk kitab idi. Həmin kitabı kitabxanalara, məktəblərə payladılar. Kitab Azərbaycan dilində də geniş həcmdə çap olunacaq.
  • Bu il Türkiyədə də dəyərli bir layihəniz həyata keçib. İstanbulun Feriköy məzarlığında qoyulan abidənin çox böyük mənəvi dəyəri var. 28 Mayı da Türkiyədə qeyd eləmisiniz. Bu barədə də danışmanızı istərdim.
  • Biz elə İsveç səfərindən dönərkən Türkiyəyə  28 Mayı bu il Ankarada, Məhəmməd Əmin Rəsulzadənin məzarı başında qeyd elədik. Böyük bir tədbir keçirildi. Sonra İstanbula getdik. Feriköy məzarlığını ziyarət etdik. Mənim vaxtilə İstanbul Baş Konsulluğuyla bərabər bir lahiyəm olmuşdu. O məzarlıqda dəfn edilən həmvətənlərimizin xatirəsinə abidə qoyulması barədə. Orda sayı 20-dən çox azərbaycanlı dəfn edilib ki, onların arasında Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyli, Məhəmmədsadıq Aran, Xosrov bəy Sultanzadə, Səlim Rəfiq  bəy Rəfioğlu, Hüseynqulu Xoyski kimi nəhənglər var! Bu il bizim layihəmiz əsasında orda abidə qoyuldu. Abidənin açılışı may ayında oldu. Mən açılışda iştirak edə bilmədiyimçün oranı iyun ayında ziyarət etdim. Bu il hələ ki, bunları edə bildik. Sevindiricidir…
  • Cümhuriyyətimizin taleyimizdə və ürəyimizdə qoyduğu iz əbədidir. “Cümhuriyyət ili”nin və  builki tədbirlərin sona çatmasına  isə cəmi bir neçə ay qalıb. Sizin tədqiqatlarınız isə ürəkaçan sürprizlərlə zəngindir. Bu il bizi daha hansı  yeniliklərlə sevindirmək istəyirsiniz?
  • Az öncə də qeyd etdiyim kimi, ilin sonunacan həmmüəllifi olduğum Azərbaycan Cümhuriyyəti haqqında kitabımız çap olunacaq. Bu ayın sonunda təhsilimlə əlaqədar İstanbula qayıdıram. Ordakı kitabxana və arxivlərdə yenidən çalışacağam. Bir də onu qeyd edim ki, dolayısı ilə Azərbaycan tarixiylə bağlı olan bir kitab hazırlığı içərisindəyəm. Həm Cümhuriyyət, həm də onun davamı ilə bağlı bir kitabdır. Adını çəkmirəm. Çünki bu çox unikal bir kitab olacaq! Hətta bu kitabın Rusiyada da çapını nəzərdə tutmuşuq. Daha sonra Əhməd bəy Ağaoğlunun İstanbuldakı arxivində  çalışmağı planlaşdırmışıq. Gələn il onun 150-ci ildönümüdür. Bilirsiniz ki, qızı Sürəyya xanım  tərəfindən Əhməd bəyin arxivi İstanbuldakı Qadın Əsərləri Kitabxanasına hədiyyə edilib. İnşallah, bu barədə də kitab hazırlayacağam.
  • İnşallah. Bugünkü sərginiz AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunub. Türkiyənin zəngin kitabxana və arxivlərində araşdırmalar aparan bir tədqiqatçı kimi bu kitabxana ilə əməkdaşlıq etməyi düşünürsünüzmü?
  • Bu məsələ hələ ki, gündəmdədir. Mənim, təbii ki, AMEA ilə əməkdaşlıq planım var. Türkiyədə təhsil almağımla əlaqədar orda yaşayıram. Bilirsiniz ki, Mərkəzi Elmi Kitabxananın Rəqəmsal yaddaş kitabxanası kimi gözəl bir layihəsi var. Mən onsuz da fərdi şəkildə bu işləri görürəm. Aldığım materialları rəqəmsal yaddaşa çevirirəm, öz arxivimdə saxlayıram. Əlbəttə, mənə AMEA-nın əməkdaşı kimi Türkiyədə qapıların açılması daha rahatdır.
  • Gördüyünüz bu çətin və mühüm işlərdə həmvətənlərimizdən, dövlətimizdən hansı dəstəyi  gözləyirsiniz? Bu barədə istək və arzularınızı bölüşmək istərdinizmi?
  • Vallah, mən, birincisi, Azərbaycan vətəndaşlarının mənə göstərdiyi dəstəyi davam etdirmələrini arzu edirəm. Dövlətimizdən isə istəyim odur ki, fərdi muzey açmağım üçün mənə bir məkan versinlər. Çünki bu bir örnək təşkil edəcəkdir. Əlbəttə. Bizim İstiqlal Muzeyi, Tarix Muzeyi kimi dəyərli muzeylərimiz var. Arxivlərimiz qorunur. Amma mən bunu bir örnək təşkil etməsi üçün istəyirəm…
  • Cümhuriyyət Muzeyi! Çox gözəl olar!..
  • Bəli, Cümhuriyyət Muzeyi! Həm də mən Türkiyədə olanda belə fərdi muzeyləri çox gördüm.İnsanlar müxtəlif sahələr üzrə muzeylər açırlar; Oyuncaq Muzeyi, Karikatura Muzeyi, Kitab Muzeyi və sair. İstərdim ki, açacağım muzey bir örnək təşkil eləsin və insanlar görsünlər ki, bunlar dəyərli materiallardır, bunları toplamaq lazımdır. Məsələn, Bakıda bizim gözəl Miniatür Kitab Muzeyimiz var. Fərdi muzeydir. Zərifə xanım tərəfindən açılıbdır. Əgər bu səpkidə bir muzey açmaq üçün dövlətimiz, biznes qurumları, imkanlı şəxslər təmənnasız məkan verərlərsə, mən o muzeyi günü bu gün  açmağa hazıram!
  • İnşallah! Ümid edirəm ki, bu gözəl arzunuz tezliklə həyata keçəcək və bir gün bizi həmin muzeydə  yeni sərginizə dəvət edəcəksiniz.

    Dos.dr. ŞƏLALƏ  ANA  HÜMMƏTLİ