İsrail və Türkiyə məxfi şəkildə barışır – Bakıda görüş?

İsrail və Türkiyə münasibətlərinin normallaşdırılması üçün qapalı danışıqlar aparırlar.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə İsrailin “Yediot axronot” qəzeti çıxış edib. Məlumata görə, tərəflər arasında heç bir dramatik hadisə baş verməyəcəyi təqdirdə İsraildə payızda baş tutacaq bayramlardan sonra iki dövlətin səfirləri öz iş yerlərinə qayıdacaqlar.

Qəzetin belə iddiasına əsas səbəb bir müddət öncə “Flayt radar” saytı vasitəsilə əldə edilən qeyd olub. Belə ki, qeyddə biznes klas sinifinə aid olan təyyarənin İsraildən əvvəlcə Əmmana, sonra isə Əbu-Dabiyə uçması yer alıb. Maraqlı olan əsas məqam isə Əbu-Dabiyə uçan təyyarə ilə eyni sinfə aid olan başqa təyyarənin eyni vaxtda Türkiyəyə gəlməsi olub. Hələlik təyyarənin kimlərə aid olması, ümumiyyətlə, bunun təsadüf olub-olmamasına aydınlıq gətirmək mümkün olmayıb.

“Yediot axronot”a açıqlama verən ekspertlər tərəflər arasında münasibətlərin yaxşılaşmasına əsas səbəb kimi Suriyada müharibənin aktiv fazasının bitməsi və İranın Yaxın Şərqdə təsirinin artması göstərilib.

Ərdoğanın Bakıya səfərinə diqqət edən qəzet onunla eyni anda Azərbaycanda İsrail Müdafiə naziri Aviqdor Libermanın da olduğunu bildirib. Qəzetə danışan diplomatik mənbələr Libermanla Ərdoğan arasında heç bir kontaktın olmadığını və hətta Bakının da bunun üçün vasitəçilik etmədiyini iddia ediblər. Onlar bunun sadəcə təsadüf olduğunu söyləyiblər. Qəzet isə dolayısı yolla mənbələrinin məlumatının yetərli qədər inandırıcı olmadığını vurğulayıb.

Qeyd edək ki, İsraillə Türkiyə arasında münasibətlər Qüdsün İsrailin paytaxtı elan edilməsindən sonra pisləşmişdi. Tərəflər öz səfirlərini ölkələrinə geri çağırmış, Ərdoğan İsraili terrorçu dövlət adlandırmış, Netanyahu isə Ərdoğanın bu açıqlamasına sərt cavab vermişdi.

Siyasi münasibətlər pis olsa da, ölkələr arasında iqtisadi münasibətlər dayanmayıb, əksinə, daha sürətlə inkişaf edir.