“İki gün əvvəl sinaqoqda çəkilib” – Nazirlərin fotosu ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşılıb. Şəklin ciddi müzakirələrə səbəb olması Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudi papağı qoyması ilə bağlıdır.

Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla düzəldildiyini iddia edərək, onu paylaşanlara istehza ilə yanaşıb.

Bəs əslində gerçək nədir?

Turkustan.info xəbər verir ki, Modern.az saytı dünəndən müzakirələrə səbəb olan şəkillə bağlı kiçik bir dəqiqləşdirmə aparıb.

Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəki sinaqoqun dini icma rəhbəri Yuri Naftaliyev  yayılan fotoşəklin gerçək olduğunu vurğulayıb:  

“Şəkil fotomontaj deyil. İki gün bundan qabaq daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Rusiyada yaşayan Azərbaycan doğumlu yəhudi iş adamı Qod Nisanov, İsrailin müdafiə naziri Aviqdor Liberman ilə birgə Qubaya – Qırmızı qəsəbəyə gəlmişdilər. Qonaqların hamısı həm Qubadakı sinaqoqda, həm də 6 gümbəzdə oldular. Özəl bayramımız olmayıb. Sadəcə, İsraildən gələn qonaqlar  Qubadakı Qırmızı qəsəbəyə gəlmək istəyib. Azərbaycanın nazirləri də israilli qonaqları müşayiət ediblər. Aviqdor Liberman bizimlə də görüşdü. O, öz gözü ilə bizim necə yaşadığımızı görmək istəyib. Çox məmnun qaldı”.

Dağ yəhudiləri dini icmasının sədri azərbaycanlı nazirlərin başına qoyulan papaqdan da söz açıb:

“Yəhudilər başına kiçik kipa qoyurlar. Yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs o kipanı başına qoymalıdır. Burada qeyri-adi nəsə yoxdur”.