Paşinyan dünyaya sübut etdi ki, Bakı müharibə etməlidir – Şərh

Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün münbit şərait artıq yetişib.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Ermənistanda yeni hakimiyyət çox ağır durumdadır:

“Əslində Paşinyan hələ tam hakimiyyətə gələ bilməyib. Ölkənin parlamenti onun siyasi rəqiblərinin nəzarəti altındadır. Parlamentin dəstəyi olmadan hər hansı bir islahat paketini həyata keçirmək mümkün deyil. Ona görə ki, hər bir ciddi iqtisadi islahatın arxasında onun qanunvericilik bazası durmalıdır. Paşinyan bu imkanlardan məhrumdur. 20 il hakimiyyətdə Köçəryan və Serj Sərkisyan cütlüyü olub və buna görə də dövlət qurumlarında çalışan insanların əksəriyyəti Köçəryana və Sərkisyana yaxın adamlardır. Paşinyan Ermənistan Konstitusiyasına görə, yeni parlament seçkilərini may ayına qədər keçirə bilməz. Bu, qanunla qadağandır. Ona görə də Ermənistanda ciddi bir boşluq yaranıb. Növbədənkənar parlament seçkilərinə qədər cəmiyyətin diqqətini başqa məsələlərə yönəltmək lazımdır. Çünki islahatlar keçirmək, iqtisadi durumu yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də cəmiyyyəti həm modernizə etmək, öz tərəfdarlarının daim dəstəyini almaq üçün Paşinyana ciddi bir mövzu lazımdır. İlk addımlarında Paşinyan hesab edirdi ki, o, keçmiş siyasi rəqiblərini həbs edəcək, onların üzərində məhkəmə quracaq və bütün ictimai diqqəti bu məsələlərə yönəldəcək. Bununla da may ayında parlament seçkilərini keçirmək üçün vaxt qazanacaq. Növbədənkənar parlament seçkilərini keçirəndən sonra isə öz rəqiblərini bütün dövlət qurumlarından uzaqlaşdıracaq. Bu yolu seçən Paşinyan ilk addımında Robert Köçəryanı, daha sonra Yuri Xaçaturovu həbs etdi. Ancaq qəflətən bu plan iflasa uğradı. Rusiya Paşinyanın bu addımlarına çox ciddi reaksiya verdi. Rusiyanın təzyiqi altında o, həm Köçəryanı, həm də Xaçaturovu həbsdən azad etməyə məcbur oldu”.

E.Namazov vurğulayıb ki, Rusiyanın bu cür reaksiyası Paşinyan hakimiyyətinə çox ciddi bir şillə oldu:

“Paşinyan başa düşdü ki, bu boşluğu necə dolduracağı ilə bağlı məsələyə yenidən baxmalıdır. Artıq o, siyasi rəqibləri həbs edərək, korrupsiya, 1 Mart hadisələri ilə bağlı məhkəmə proseslərini apararaq camaatın başını qata bilməyəcək. Ona görə də Paşinyan başqa bir yol seçib. Bunun üçün o, Qarabağ kartından maksimum səviyyədə istifadə etməyə başlayıb. Bu məsələ ilə bağlı çox sərt bəyanatlarla çıxış edir. Bu da dünyada tez-tez istifadə olunan üsuldur. Yəni Paşinyan xarici düşmən obrazını yaradıb xaricdən təhlükə olduğunu deyərək, cəmiyyəti daimi təzyiq altında saxlayaraq, modernizə etmək niyyətindədir. Bu üsuldan əvvəlki erməni rəhbərləri də istifadə edib. Ancaq onlar daha hiyləgər və təcrübəli idilər. Köçəryan da, Sərkisyan da komsomol, partiya məktəbi keçmiş, belə intriqalarda kifayət qədər təcrübəli olan adamlardır. Onlar beynəlxalq ictimaiyyəti də 20 ilə yaxın aldada bilirdilər ki, guya sülh danışıqları aparırlar. Azərbaycana beynəlxalq ictimaiyyəti erməni yalanlarını ifşa etməsi üçün təqribən 20 il vaxt lazım oldu. 4-5 il bundan öncə isə beynəlxalq ictimaiyyət artıq Ermənistanın apardığı siyasəti anlamağa başladı. Hələ Serj Sərkisyan dövründə Minsk Qrupunun həmsədrləri hər il bəyanatlarında qeyd edirdilər ki, status-kvonu dəyişmək lazımdır. Bununla onlar ermənilərə mesaj verirdilər ki, siz yolunuzdan əl çəkməsəniz, bunun axırı müharibə olacaq. Azərbaycanın güc tətbiq edərək, torpaqlarını azad etməsinə beynəlxalq hüquq prinsiplərinə uyğun tam haqqı çatır. BMT-nin Nizamnaməsində də, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də bu öz əksini tapır. Sadəcə belə qərar vermək üçün təkcə beynəlxalq hüquq normaları deyil, eyni zamanda, siyasi amillər də nəzərə alınır”.

E.Namazovun sözlərinə görə, Paşinyan Köçəryan və Sərkisyanla müqayisədə daha təcrübəsiz və naşıdır:

“O istəyir ki, Qarabağ mövzusunu ortalığa atıb vaxt qazansın. Ancaq bunu o qədər təcrübəsiz edir ki, Ermənistanın özünü çox pis duruma salır. Əgər Sərkisyan və Köçəryan Qərbi sülh danışıqları apardıqlarına inandıra bilirdilərsə, Paşinyan bütün dünyaya bəyan edir ki, həmin işğal olunmuş 7 rayon da artıq Dağlıq Qarabağın ərazisindədir. Hətta Paşinyan öz çıxışlarında bildirir ki, Dağlıq Qarabağın gələcəyini Ermənistanın tərkibində görür. Bu, təkcə Azərbaycana qarşı deyil, eyni zamanda 20 ildən artıq Minsk proseslərinə rəhbərlik edən həmsədrlərə, beynəlxalq qurumlara meydan oxumaqdır. Beynəlxalq təşkilatlar bizi 15-20 ildir inandırmağa çalışırdılar ki, torpaqları sülh yolu ilə azad etmək mümkün olacaq. Paşinyan isə ermənilərin bütün siyasətini ifşa edərək, faktiki olaraq, beyəlxalq ictimaiyyətə açıq-aydın mesaj verir ki, Azərbaycan torpaqlarının azad etmək istəyirsə, müharibəyə başlamalıdır. Bunu Sərkisyan, Köçəryan belə açıq demirdi. Onlar öz niyyətlərini, fikirlərini pərdələyə bilirdilər”.

E.Namazov vurğulayıb ki, Paşinyan mitinqdə özünü nə cür aparırsa, diplomatik danışıqlarda da elə aparır:

“Əslində bu Azərbaycana çox sərf edir. Çünki 20 ildir, Robert Köçəryan və Serj Sərkisyan beynəlxalq ictimaiyyəti aldadırdı, ancaq Paşinyan 20 gün ərzində bütün kartları açıb ortaya qoyur. Bundan sonra ağlı başında olan diplomat, beynəlxalq təşkilat rəhbəri Azərbaycana müharibə etməməsini deyə bilməyəcək. Artıq siyasi amillər də onu göstərir ki, Azərbaycan güc tətbiq etməklə torpaqlarını işğaldan azad edəcək. Bu missiyanı Paşinyan artıq öz üzərinə götürüb. O, bütün dünyanı inandırır ki, Azərbaycanın müharibə etməkdən başqa yolu yoxdur. Ona görə də Prezident İlham Əliyevin çıxışlarında Ermənistan Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlarına sərt cavab verməsi tamamilə düzgündür. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan konflikt dövründə hələ indiyə qədər heç vaxt bu qədər zəif olmayıb. Çünki Ermənistanda həm daxildə qarşıdurmalar daha da güclənir, digər tərəfdən Paşinyanın reytinqi addım-addım aşağı düşür. Ona görə ki, o, heç bir islahat apara bilmir, atdığı addımlardan geri çəkilməli olur”.

E.Namazov qeyd edib ki, Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın qeyri-adektvat çıxışlarına görə beynəlxalq qurumlar və təşkilatlar onunla işləmək istəmir:

“Ona görə də torpaqlarımızın azad edilməsi üçün həm hüquqi, həm siyasi şərait yetişir. Azərbaycan Ordusunun gücü Aprel döyüşlərindən sonra sübuta yetirilib. Hesab edirəm ki, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə artıq çox yaxınıq. Burada orta, ya da uzun gələcəkdən söhbət getmir. Yaxın zamanlarda bu addımı Azərbaycan atmalıdır”.