Putinin Ermənistan səfəri: İrəvan yenidən qarışacaq?

Rusiya prezidenti Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşəcək.

Bu açıqlamanı “Jamanak” qəzeti verib. Qəzetdə dərc olunmuş məqalədə deyilir: “Deyəsən, Putin dəvəti qəbul edib və mətbuat katibi Peskov vasitəsilə İrəvana gələcəyini bildirib, lakin səfərin tarixi barədə aydınlıq hələ ki yoxdur”. “Lakin artıq məlumdur ki, tarixdən asılı olmayaraq, Putin İrəvanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla görüşmək niyyətindədir”, – nəşr əlavə edir.

Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2008-ci ildə baş vermiş hadisələrin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi. Hələlik Köçəryan azadlıqdadır, lakin ittiham onun üzərindən götürülməyib. Ekspertlərin fikrincə, Putin Ermənistanın ikinci və üçüncü prezidentləri ilə görüşərsə, bu Ermənistanda siyasi müxalifətin Paşinyana qarşı mübarizəsinə dəstək məqsədi daşıyacaq. Ona görə də N.Paşinyan yaxın perspektivdə xarici siyasətində dəyişiklik etməməsi Ermənistanda siyasi sabitliyin yenidən pozulmasına gətirib çıxara bilər. 

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, V.Putin İrəvanda Köçəryan və Sarkisyanla göruşərsə, bu Paşinyan hakimiyyətinə ciddi siyasi zərbə ola bilər: “Putin bununla Köçəryanın və Sarkisyanın arxasında Rusiyanın dayandığını göstərmək istəyir. İkincisi, Paşinyanın onları həbs etmək istəyi puça çıxacaq və Rusiya buna imkan verməyəcək. Çünki Köçəryanın və Sarkisyanın ətrafında cəmləşən qüvvələr Rusiya tərəfindən dəstəklənir. Üçüncüsü, Rusiya prezidenti baş nazir Paşinyana mesaj verir ki, əgər siyasətini dəyişdirməsən, səni dəyişdirmək imkanım var. Yəni Ermənistanda indiki hökumət dəyişə və Paşinyanın əvəzinə digər qüvvələr gələ bilər. Ona görə də Paşinyan yaranmış vəziyyətdən belə bir nəticə çıxartmalı və başa düşməlidir ki, onun siyasəti Rusiyanın maraqlarına tam mənada ziddir. O üzünü Rusiyadan döndərərsə, bir sıra problemlərlə üzləşməsi labüd olacaq”. 

Fikrət Sadıqov onu da bildirdi ki, Putinin Ermənistanın eks-prezidentləri ilə görüşmək istəyi sentyabrın 8-də Nikol Paşinyan keçirdiyi görüşdə heç bir razılaşmanın əldə olunmadığını göstərir. Hətta Rusiya ilə Ermənistan arasında vəziyyət gərginləşməkdə davam edir: “Paşinyan ölkəsinə qayıdandan sonra Köçəryana qarşı ikinci cinayət işini açdı. Sonra isə sərt bəyanatlarla çıxış etdi. Paşinyan Köçəryanı və Sarkisyanı siyasi meyit adlandırdı. Belə bir gurultulu bəyanatın verilməsi Moskva ilə İrəvanın ortaq məxrəcə gələ bilməməsindən xəbər verir. Putini Ermənistanda dəstəkləyən qüvvələr var və onlar hər an canlana bilər”.    /Cebhe.info/