Məscidlərdən bayrağımız asılmalıdırmı? – Günün mövzusu jurnalistləri üz-üzə qoydu

Məscidlərdə Azərbaycan bayrağının qaldırılması məsələsi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
Turkustan.info xəbər verir ki, bir kəsim Aşura günlərində məscidlərdə qara bayraq qaldırılmasının əleyhinə olduğunu, onun yerinə Azərbaycan bayrağının qaldırılmasını təklif edib. 
İTV-nin yayım Şurasının üzvü, jurnalist Azər Həsrət isə bu təklifə kəskin reaksiya verməsiylə diqqət çəkib.
“Mənim dövlətimin bayrağının məsciddə, hansısa dini mərasimdə nə işi var?” deyə sual edən jurnalist fikrini Azərbaycanın dünyəvi dövlət olması ilə əsaslandırmağa çalışıb: “Aşura isə dövlətin həyata keçirdiyi tədbir deyil. Bu, müsəlmanların bir kəsiminin öz adətincə qeyd etdiyi icma mərasimidir. İndi dövlətə dəxili olmayan bir icma mərasimində mənim dövlətimin bayrağı niyə alət olmalıdır? Azərbaycan bayrağı belə mərasimlərə əsla alət edilə bilməz”.
Картинки по запросу azər həsrət
Azər Həsrətin sözlərinə görə, hər hansı yas mərasimində bayraqdan istifadə yalnız o halda yol veriləndir ki, yası tutulan şəxslər Azərbaycan dövləti üçün canlarını fəda etmiş olsunlar.
Tanınmış jurnalist, “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev isə Azər Həsrətin fikirlərinə qarşı gəlib.O, A. Həsrətin səhv düşüncədə olduğunu vurğulayıb və Azərbaycanın dövlət bayrağının istər rəsmi, istərsə də qeyri-rəsmi keçirilən bütün tədbirlərdə baş tacı olmalı olduğunu deyib:
 
“Azərbaycan dünyəvi dövlətdir, əhalisinin böyük əksəriyyəti müsəlmandır, İslam dininə mənsubdurlar. Məscidlər terror yuvası deyil, insanların ibadət məkanlarıdır. Biz Azərbaycan bayrağını hər yerdə dalğalandırmalıyıq, xüsusən də məscidlərdə… Əgər bunu etməsək mahiyyəti və mənası bəlli olmayan qara bayraqlar başımızda dalğalanacaq. Gəlin buna imkan verməyək”.  /BakuPost/