Milli Məclis bu gün xüsusi iclasa toplanır

Bu gün – sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək.

Turkustan.info-nun Modern.az-a istinadən parlamentdən əldə etdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Yubiley mərasimi Milli Məclisin inzibati binasında, saat 12:00-da təşkil ediləcək. Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq.

Tədbirdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı,  Sudan,  parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Bundan əlavə, təntənəli iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edəcək.

Təntənəli iclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edəcəklər.

Təntənəli iclasda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı hazırlanmış sənədli film qonaqlara nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.