Qətər-Azərbaycan mədəniyyət əlaqələri

20 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüş keçirib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri,Doha şəhərində Azərbaycan mədəniyyət günləri, eləcə də, əl işləri və rəsm sərgilərinin və muğam gecələrinin təşkili imkanları müzakirə edilib.

Xalid Al Sulaiti öz növbəsində, Katara mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bu kimi mədəni tədbirlərin, xüsusən də, Azərbaycan mədəniyyət günlərinin təşkilinə lazımi dəstəyin göstərilməsində hər zaman hazır olduqlarını qeyd etdi.

Katara mədəniyyət şəhərciyi, incəsənət və tarixi mədəni irsin qorunub saxlanılması və digər xalqların mədəniyyətlərinin sərgilənməsi məqsədilə yaradılmışdır. Katara, teatr və konsert zalları, amfiteatr, sərgi mərkəzləri, musiqi akademiyası və incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri və istirahət yerləri ilə əhatə olunan Qətərin ən çox turist cəlb edən məkanıdır. Katara bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi edir.

Görüşdə həmcinin, xalqımızın qədim və zəngin mədəniyyəti və incəsənəti barədə məlumat verən səfir, Azərbaycan musiqisi, muğamı və milli yeməkləri haqqında bukletlər və ölkəmizin mədəni irsini əks etdirən digər təbliğat materiallarını Xalid Al Sulaitiyə təqdim edib.

Elnur Eltürk