Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bakıda silsilə tədbirlər keçirəcək

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Azərbaycan Prezidenti İlham Əliyevin  apardığı uğurlu daxili və xarici siyasəti mütamadi olaraq yaxından izləyir və bundan öz fəaliyyətində nəticələr çıxararaq plan tərib edir. Fond indiyə qədər bu istiqamətdə xeyli nailiyyətlər də əldə edib. Azərbaycan prezidentinin apardığı siyasətə uyğun olaraq, fond türk dilli xalqların görkəmli ictimai-siyasi xadimlərinin, elm və ədədbiyyat adamlarının müəllifi olduğu 112-ə yaxın kitabını azərbaycan və rus dillərinə, eləcə də digər türk xalqlarının dillərinə çevrilməsini və nəşrini təmin edib.  Uzun illər bir-birlərindən ayrı düşmüş xalqlarımızın ədəbi-mədəni sferada yaxınlaşması üçün az da olsa, mücadilə aparıb. Bu sırada Qazax və Qırğız şairi kimi tanınmış, görgəmli ictimai-siyasi xadim Muxtar Şaxanovun “Həqiqət formulu və Məhəbbətin Everest zirvəsi”-Dostum – qardaşım Ç.Aytmatov barədə esse” kitabını Azərbaycan dilinə tərcümə etdirib, nəşr etdirib. Bu kitabda beynəlxalq arenada tanınan bir çox siyasət adamları haqda həqiqətlər yer alıb. Ən maraqlısı da odur ki, kəskin tənqidi mövqeyi ilə tanınan Muxtar Şaxanov Ulu Öndərimiz Heydər Əliyevə bu kitabda böyük bir bölüm ayırıb. Ümummilli Liderimizin dünya siyasətindəki yeri haqqında heyranlıqla danışıb. Dünya səviyyəsində tanınan bir şairin, ictimai-siyasi xadimin fikri bu baxımdan böyük əhəmiyyət daşıyır.
Bir qədər əvvəl kitabın təqdimatını Azərbaycanda keçirmək istədik. Çox təəssüflər olsun ki, bəzi anti-milli ünsürlərin yaratdığı maneələr nəticəsində kitabın təqdimatı təxirə salındı. Kitabın müəllifi böyük məmnuniyyətlə təqdimatda iştirak etmək arzusundadır.
Bundan başqa bir neçə başqa kitabların və Ulu öndərlə əlaqəli “Türk dünyasının iki dahi oğlu” adlı filmin təqdimatını da nəzərdə tutur. Təqdimat üçün nəzərdə tutulan kitabların içərisində fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş “Prezident İlham Əliyev” üçcildliyi, “Dünya siyasətinin zirvəsini fəth edənlər” ikicildliyi, Qırğızıstan Parlamentinin üzvü Kanıbek İmanaliyevin müəllifi olduğu “Qırğızlar və vətən haqqında söz”,  prof. Tariyel Azərtürkün “Türkün və dilinin kökəni” ikicildliyi, prof. Əflatun Həsnovun «Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa», “İslamda yoxdur…”, Yunus Oğuzun “Tamerlan” və bir sıra başqa kitablar da var.
 Fond öz ənənələrinə sadiq qalaraq xalq diplomatiyası çərçivəsində öz təşşəbbüsü ilə bir sıra tanınmış adamları Azərbaycana dəvət edərək oktyabr ayının axırlarında kitabların və filmin Azərbaycanda təqdimatının keçirilməsini nəzərdə tutur.
Bir ictimai təşkilat olaraq güman edirik ki, bu tədbirlərin Azərbaycanda keçirilməsi və tanınmış şəxslərin tədbirdə iştirakı türk dilli xalqların daha da yaxınlaşmasında və aparılan diaspor siyasətində xüsusi əhəmiyyəti olacaq.