Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Xəbər verdiyimiz kimi, uzun illərdir fəaliyyət göstərən Bakı İslam Universiteti artıq bağlanıb.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olunan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.

Ölkədə ali dini təhsil verən iki universitetdən birinin bağlanması doğrudurmu?

Ümumiyyətlə, dini təhsil verən təhsil ocaqlarının sayı çox olmalıdırmı?

Turkustan.info bildirir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, ölkədə  bir dini təhsilin olması da yetərlidir.

“Zənnimcə, Bakı İslam Universitetinin bağlanma səbəbi yeni institutun açılmasıdır. Çünki yeni açılan Azərbaycan İlahiyyat İnstitutu din xadimlərinin, ilahiyyatçıların yetişdirilməsinə olan ehtiyacı tam ödəyəcək. Ona görə də digərinə gərək yoxdur”

Xatırladaq ki, Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. 

2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.