Ona “borzu” deyən müdirini öldürdü – “Dedi yaxşı eləmişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb.

Turkustan.info-nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxov icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror ittiham aktını elan edib. Belə ki, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq öldürüb. V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb və müdiri ona “borzuluq eləmə” deyib. Bunu qəbul etməyərək əvvəl işlədiyi mağazaya gələrək müdirinə ona niyə “borzu” dediyini bildirib. Vüqar Quliyev isə dediyi sözü təkrarlayaraq onun “borzu” olduğunu deyib. V. Novruzov oradaca keçmiş müdirini kürəyindən bıçaqlayaraq öldürüb.

V.Quliyev Sumqayıt şəhərində gül biznesi ilə məşğul olub və “Gül Vüqar” ləqəbi ilə tanınıb. Onun şəhərdə bir neçə gül dükanı olub. 

V. Novruzov isə məhkəmədə ifadəsi zamanı bildirib ki, müdirini öldürmək niyyəti olmayıb: “Vüqar müəllimlə münasibətim həmişə yaxşı olub. Sadəcə son günlər alver zəif idi. Bir müştəri gəlmişdi, mənim işim çox olduğu üçün onu yola sala bilmədim. Həmin müştəri də müdirə zəng edib mənim ona hörmətsizlik etdiyimi deyib. Vüqar mənə zəng edib “sən orada borzuluq edirsən” dedi. Mən isə ona əsəbləşdim ki, niyə məsələni aydınlaşdırmadan mənə belə deyir. Ona görüşüb danışmağı təklif etdim, gəlmədi. Axşam təkrar zəng edib danışmaq istədiyimi dedim, Vüqar isə “nə demişəm, yaxşı eləmişəm, mənimlə söhbət edən adamın var-yoxunu belə belə edərəm” dedi. Mən də buna əsəbləşdim”.  /Qafqazinfo/