Ca. İyl 18th, 2019

ADAU-nun rektoru qəbul imtahanlarında və yay imtahan sessiyasında yüksək bal toplayan tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qəbul imtahanlarında və yay imtahan sessiyasında yüksək bal toplayan tələbələrlə görüşüb.

Universitetin mətbuat xidmətinin xəbərinə görə görüşdə rektor İbrahim Cəfərov bildirib ki, tələbələrə universitetin büdcədənkənar vəsaiti hesbına əlavə təqaüdlərin verilməsi yüksək nəticə göstərən tələbələrin sayının hər il artmasına səbəb olub. 2018/2019-cu tədris ilində universitetə qəbul olan 1292 tələbənin  879-u dövlət sifarişi əsasında qəbul olub ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Bu, ümumilikdə 44 tələbəni əhatə edir. Qeyd etmək lazımdır ki, qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr də yaddan çıxmayıb. Belə ki, tələbələrlə təşkil olunan görüşdə qeyd olunub ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək ki, bu da 38 tələbəni əhatə edir. Beləliklə,  cari tədris ilində müvafiq olaraq 400-499 bal və 500-dən çox bal toplayan 82 tələbəyə əlavə təqaüdlər verilir.

Bundan başqa görüşdə 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasında  yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan əyani təhsil formasının tələbələrinin stimullaşdırılması məqsədilə büdcədənkənar vəsait hesabına əlavə təqaüdlərin verilməsi barədə də məlumat verilib. Müvafiq əmrə əsasən, 2018-ci il sentyabrın 15-dən 2019-cu ilin fevralın 1-dək  müddətdə aldıqları təqaüdə 6 fənn üzrə 100 bal toplayanlara 100 manat, 5 fənn üzrə 80 manat, 4 fənn üzrə 60 manat əlavə təqaüd veriləcək.  Bütövlükdə isə bu kateqoriyadan olan tələbələrin sayı 24 nəfərdir.

Əvvəlki tədris illərində olduğu kimi, “aqronomluq”, “iqtisadiyyat” ixtisasları üzrə ingilis bölməsində təhsil alan 34 tələbəyə də ayda 50 manat veriləcək.

Beləliklə, universitetdə təhsil alan 130 tələbə büdcədənkənar vəsaiti hesabına əlavə təqaüd alacaqdır.