Putin Bakıya niyə gəlir? – “… Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıya gələcək. Prezident bu dəfə Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək. V.Putinin səfəri öncəsi bəzi rusiyalı ekspertlər maraqlı proqnozlar verir. 

Belə ki, siyasətçilər V.Putinin Bakıya səfərinin Azərbaycanla Rusiya arasında dialoqun aktivləşməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə biləcəyini düşünür. 

“Azərbaycan və Rusiya arasında aktiv siyasi dialoqa baxmayaraq, iqtisadi münasibətlər arzulanan səviyyədə deyil”,- deyən rusiyalı ekspertlər bildirib ki, səfər zamanı iki ölkə rəsmiləri qeyri-neft sektorunun inkişaf perspektivlərini də müzakirə edə bilər. Bununla yanaşı, Bakı və Moskvanın logistika sahəsində əməkdaşlıq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin iki ölkə üçün böyük imkanlarını da müzakirə edəcəyi gözlənilir. 

Rusiyalı eskpertlərlə həmfikir olan siyasi elmlər doktoru Zaur Əliyev Cebhe.info-ya açıqlmasında bildirib ki, rəsmi Moskvanın həm ziyan, həm də xeyir vermək üçün imkanları var. Məsələyə iqtisadi tərəfdən baxan Z.Əliyev hesab edir ki, Rusiya Azərbaycan üçün böyük bazar rolunu oynayır:

“Bir sıra böyük beynəlxalq layihələrdə də Rusiyanın dəstəyinə ehtiyac var. Biz Rusiyanın regionda hansı gücə malik olduğunu bilirik, Moskva da bu gücünün itməsinə əsla izn verməz. Düzdür, Dağlıq Qarabağ məsələsində yeni nələrinsə olacağına əmin deyiləm. Lakin əsas iqtisadi təkliflər Putin tərəfindən irəli sürüləcək. İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Sadə dillə desək, Putin Xəzər dənizində Rusiyanın maraqlarına uyğun olan təkliflərin icrası ilə çıxış edəcək. Maraqlı bir məqam da ondan ibarətdir ki, bu günə qədər Rusiya Ermənistanı regionda əsas tərəfdaş kimi görürdüsə, artıq bu istiqamətdə maraqların azalmasını müşahidə edirik. Bakı Moskva ilə yaxınlaşır, Kreml isə Yerevandan uzaqlaşır. Bu, hansı nəticələrə gətirib çıxaracaq, hələlik deyə bilmərik. Lakin əgər belə davam edərsə, yəqin ki, Rusiya Ermənistana təyziqlərini artırmaq istəyəcək. Türkiyə-Rusiya-Azərbaycan üçbucağı Putinə daha effektli nəticələr verə bilər. O da bunu gözəl bilir. Hesab edirəm ki, Ərdoğan-Əliyev-Putin üçlüyü Qərb dövlətlərinin narahatçılığına səbəb olur. Bir sözlə, əgər iqtisadi əlaqələr inkişaf etsə, bu, Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək”.   /Cebhe.info/