Uşaqları telefondan uzaq tutmağın yolu – Həkim açıqladı

İndiki uşaqlar fərqlidir və biz bu həqiqətdən qaça bilmərik. İllərdir uşaqlarla işləyən biri kimi müqayisə imkanlarım var. İndiki uşaqlar bütün mənalarda çox fərqlidir. Bu səbəbdən onların diqqətini illər əvvəl çəkilmiş cizgi filmləri ilə çəkmək mümkün deyil.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a pediatr Vaqif Qarayev mobil telefon və planşet aludəçisi olan, mütəmadi olaraq telefonda maraqlı video izləməyə üstünlük verən uşaqları bu texnoloji vasitələrdən uzaq tutmağın yollarından danışarkən deyib.

Həkim bildirib ki, uşaqları müasir texnoloji vasitələrdən uzaq tutmaq üçün onları maraqlandıran şeirlər, nağıllar oxunmalı, fərqli tamaşalar, oyunlar təşkil edilməlidir:

“Uşaqların diqqətini cəlb edən tamaşalar, oyunlar olmasa, onlar yenidən telefonun yanına qayıdacaqlar. Çünki məşğul olmaq, oynamaq üçün başqa heç nə yoxdur. Gənc ana 20 il əvvəl “Xoruz”, “Keçi” şeirini əzbərləmişdi, “Tıq-tıq xanım” nağılını oxumuşdu. İndi də öz övladına bu şeirləri, nağılları oxumağa məcburdur, çünki alternativ yoxdur.

Lakin indiki uşaqlar üçün yuxarıda adını qeyd etdiyim nağıl və şeirlər maraqsızdır. Əgər belə əyani vasitələr olmasa, uşaq, əlbəttə, telefon-planşetdən yapışacaq. Uşaqların marağını nəzərə almaq şərti ilə yeni oyunlar fikirləşmək lazımdır”.

Pediatr vurğulayıb ki, ana dilində danışmağa başlayan uşaq başqa dildə şeirə, nağıla qulaq asırsa, bu, gələcəkdə onun nitqində problemlər yaradacaq.