İnanma, desələr sönübdü, Bəhmən…

Heçlikdən varlığa dönübdü Bəhmən..
Səmadan torpağa enibdi Bəhmən..
İnanma, desələr sönübdü, Bəhmən,
Əbədi məşələm, yanıram, ayə…
Bəhmən Vətənoğlunun Əli Qurban Dastançıya məktubundan.

 Yusif Hüseyn

Şair-tədqiqatçı, AYB üzvü

“Qızıl Qələm” mükafatı laureatı

BU GÜN HƏMİŞƏYAŞAR ŞAİR BƏHMƏN VƏTƏNOĞLUNUN ANIM GÜNÜDÜR

14 il bundan əvvəl 30 sentyabr 2004 cü il tarixdə dünyasını dəyişdi…Allah rəhmət eləsin…Ruhu şad olsun..
Şair var ki, sağlığında “dəfn olunur” və yaddan çıxır.
Şair var ki, zəmanəsinin şairidir, nəyinsə və kiminsə hesabına yaşayıb.
Şair var ki, keçmişin, indinin və gələcəyin şairidir. Bəhmən Vətənoğlu məhz belə şairlərdəndir, sağlığında zamanın süzgəcindən süzülüb keçən həmişəyaşar şairdir. Bu da talehin bir qisməti imiş.
Bir vaxtlar onun şerinin misralarının təsirindən vəcdə gəlib ara-sıra gənclik şerləri yazan gənc bir oğlan Şairin nəşrə hazırlanan yeni kitabına indi, 64 yaşında ön söz yazmalı olacaq. O ocağın ağbirçəyi, Bəhmən Vətənoğlunun ömür-gün yoldaşı Təzəgül xanım bu işi mənə həvalə edəndə dedi:-Yusif, istəyirik ki, yeni kitaba ön sözü siz yazasınız. Dedim:-Məmuniyyətlə. Axı Bəhmən Vətənoğlu ilə dost-doğma xaloğlu idik. Həm də demək olar ki, birevli idik. Mənim üçün şairin kitabına ön söz yazmaq bir tərəfdən çox məhsuliyyətli və çətin, digər tərəfdən isə asan və şərəfli bir işdir. Çün ki, şairin küllüiyatının demək olar ki, çoxunu əzbər bilirəm. Bəhmən Vətənoğlu böyük şairdir. Bunu biz böyüklü-kiçikli Türk dünyasında yeri gəldikcə eşidirik. Onun haqqında yazmaq ona görə mənə asandır ki, vaxt olub bizim evdə bir çarpayıda ayaq-baş yatmışıq və çox vaxt şerlərinin ilk oxucusu da elə mən olmuşam. Hətda elə vaxtlar olub ki, təbiətin qoynunda olanda bədahətən dediyi şerləri mən öz qeyd dəftərimə köçürmüşəm:

Gözəlliyinə heyranıq,
Bitibdi bir lala dünya.
Şirinliyindən doymuruq,
Bələnibdi bala dünya.

Bir yan qışdı, bir yan bahar,
Bir yan bütöv bir laləzar.
Bu gözəllik həmişə var,
İnanma ki, sola dünya.

Vətənoğlu, düşmə dərdə,
Çal sazını pərdə-pərdə.
Bu dünyadan sonra bir də,
Heç kim tapmaz belə dünya.

Mən o xoşbəxtlərdənəm ki , Vətənoğlu yaradıcılığını əzbər bilirəm və mənə elə gəlir ki, mənimlə birlikdə içimdə bir Bəhmən Vətənoğlu gəzir, yaşayır. Bəhmən Vətənoğlu o xoşbəxt şairlərdəndir ki, istər gənc, istərsə orta yaşlı nəsildən, istərsədə yaşlı nəsildən soruşanda şairdən nə qədər ibrətli beytlər, nə qədər bəndlər əzbərdən deyirlər. Bundan da gözəl şair üçün nə ola bilər?! Hələ gəncliyindən üzü bəri dedyiyi şerlərin bəzi bəndləri atalar sözləri səviyyəsində yaddaşlara həkk olunub:

Ağıl o ağıldı başı saxlasın,
Başı saxlamayan ağıla lənət.
Yüz fərsiz oğuldan bir qız yaxşıdı,
Başa qaxınc olan oğula lənət.

O zamanlar Kəlbəcərin xoşbəxt günləri idi. Kitab oxumaq, mütaliə etmək, rayonumuzda böyük bir ziyalılıq sayılırdı. Gözəl kitablar, əldən ələ, evdən evə gəzərdi. Bundan maraqlısı isə Bəhmənin şerləri dəftər vərəqlərində ürəkdən ürəyə yol tapardı.
Gözəl çair Əli Qurban Dastançı bir ayın həsrətinə dözməyib yeni şer istədiyi kimi:

Bəhmən, niyə gəlmir səsin, sorağın,
Niyə dillənmirsən, hanısan, ayə?!
Qəlbimə məlhəmdi hər bir varağın,
Könlümün sultanı, xanısan, ayə.

Ürəyə od salan qəmli qoşmanın,
Körpə kiprikləri nəmli qoşmanın,
Tutarlı misranın, çəmli qoşmanın,
Qəlbisən, ruhusan, canısan, ayə.

Səndədi mədəni əsil təmkinin,
Vəfanın, ülfətin, qəzəbin, kinin,
Qurban ürəyiydi Ayrım şerinin,
Səndə ki, damarda qanısan, ayə.

Möhnət üz veribdi Əliyə yaman,
Elə hücum çəkir, verməyir aman.
Barı heç olmasa güc gələn zaman,
Təpinib kənardan yanısan, ayə.

Həqiqətən də şairin könüllər soltanı olan şerləri əllərə çatan kimi, ürəklərdə özünə doğma yuva salırdı. Bir qısa müddətdə lirik qoşmalara köklənmiş şair elə həmin vərəqin arxasında cavab məktubunu təvəzökarcasına yazıb, həmin məktubu gətirən adama verərdi:

Bahar məktubunu aldım, ay Əli,
Şerini mükafat sanıram, ayə.
Sən deyən gözəllik məndə nə gəzir,
Quruyub yerimdə donuram, ayə.

Elə bil səhrada daş-qaş gəzirsən,
Yoxsul bir bazarda qumaş gəzirsən.
Bildim, kövrələndə sirdaş gəzirsən,
Nurlu baxışından qanıram, ayə.

Mən kiməm, nəçiyəm, deyim düzünü,
İtirmişəm ədalətin izini.
Duyduqca dünyanın astar üzünü,
Dediyim haqq sözü danıran, ayə.

Axtar varlığımı sözümdə mənim,
Ömür bir yuxudur gözümdə mənim.
Vəfa olmasa da özümdə mənim,
Vəfalı dostları anıram, ayə.

Heçlikdən varlığa dönübdü Bəhmən,
Səmadan torpağa yenibdi Bəhmən.
İnanma desələr sönübdü Bəhmən,
Əbədi məşələm, yanıram, ayə.

Bir az keçmiş görərdin ki, bu deyişmələr məclislərin yaraşığına çevrilərdi. Aşıqların dilində kənd-kənd, oba- oba dolaşardı. Aşıqlar tez-tez sazın kökünü dəyişdiyi kimi, şair də ara-ara öz ilham çeşməsini başqa mövzuya kökləyərdi. Və mənə elə gəlirdi ki, bunu şair öz pərəstişkarlarını yormamaq üçün edirdi. Bir ara divaniləri dillər əzbəri olardı:

Qafil insan, gəl oyadım şirin xəyaldan səni,
Xilas edim tamah adlı bir qeylü-qaldan səni.
Var toplasan, haramı tək, dostun olar çoxları,
Varın əldən gedən kimi, qılınclar daldan səni…

…Dünya varı bir ilandı, girib mələk yerinə,
İnanmırsan, çək Bəhmənin sözlərini dərinə.
Lənət oxu bu dünyanın altununa, zərinə,
Ləkə vurar vicdanına, çıxardar yoldan səni.

Başqa bir zaman kəsiyində şairin gəraylıları dillər əzbəri olardı, onun üçün mövzu həmişə var idi:

Payız gəlsə, çiçək açmaz,
Yüz sulasan solan ömrü.
Kim təzədən cavan eylər,
Ahıl yaşa dolan ömrü?!

Dərdin çoxu, qəmin bolu,
Sellər kimi kəsər yolu.
Yaxın qoyma, insan oğlu,
Dərd eyləyər talan ömrü.

Bəhmən üçün dərin olan,
Nadan üçün sərin olan,
Dünya kimi şirin olan
Yuxu kimi yalan ömrü.

Belə-belə ürəklərə yol tapan şair elə cavanlığından müdrik bir şair görkəmi də almışdı. Təcnisləri, divaniləri, müxəmməsləri, ustadnamələri həmişə könüllər oxşamış, məclislər yaraşığı olmuşdur:

Zahirdə üzümə dost deyə-deyə,
Yağı düşmən saldı məni nə qala.
Dərdimi göylərə bülənd eylədi,
Belə yüksək nə bürc olar, nə Qala?!

Bu vətəndi, torpağından el əmən.
Mən elinəm, qurban olum elə mən!
Öz-özümə od ki tutdum elə mən,
Ocağıma nə kösöv qoy, nə qala.

Bəhmən, dərdi ürəyindən at, ayə,
Kədərini ilə qoyma, at aya.
Fərsiz oğul göz dağıdır ataya,
Beyşüurdan nə qalıbdı, nə qala?!

Qəbrin, yatdığın yer nura boyansın, Bəhmən. Doğrudan da beyşürdan nə qalıbdı ki, nə də qala?!
Bir dəfə mən kiçik bir işdən ötrü vəzifəli bir adamın qəbuluna getmişdim. Özümü xəcalət eyləyən bir cavab eşitdim. Sağollaşmadan qapıdan çıxdım və təskinlik üçün öz-özümə dedim:-Allah sənə rəhmət eləsin, Bəhmən Vətənoğlu. Belələri haqda nə gözəl demisən:

Bəhmən, nalayiqə söyüş nə lazım,
Əlinə biz götür, qayış nə lazım.
Ulağın oğlundan xahiş nə lazım,
Atası nə qanıb, oğlu nə qana?!
Deyəsən bir az məqsəddən uzaqlaşdım. Bəhmənin ömür-gün yoldaşı Təzəgül xanım şairin əlyazma qalın dəftərini mənə verdi və dedi ki, kitabın adını da özü yazıb. Formaca balaca, məzmunca böyük olan bu kitabın adı “Allah eşqinə” olsun.
Birinci fəsil:-Allahdan böyük mütəfəkkir yoxdu.
İkinci fəsil:- Allahsız dünya.
Və buraya əlavə olunur balaca “Lüks” blaknotda yazdıqlarım hikmətlər. Şair sonra yazır:-Əlbətdə buna inananlar da az olacaq. Lakin kimsənin inanıb-inanmasından asılı olmayaraq deyirəm:-
-San ki, mənə hardansa bir səs yumşaqcasına dedi:-Verdiyim ağıldan düzgün istifadə etməyənlər
yaza çıxmayacaqlar.
Həqiqətən belədir, Hər bir adam öz ağlının cəzasını müsbət və ya mənfi mənada nə zamansa çəkir.
Yenə qayıdaq Bəhmən Vətənoğlu yaradıcılığına. Səmimiyyətlə onu deyə bilərəm ki, mən Bəhmən yaradıcılığından yazanda kitabdan istifadə etmirəm. Buna ehtiyac da duymuram. Ona görə ki, istəyirəm yazdıqlarım şairin şerləri kimi təbii olsun:

Həqiqət varlıqdan, vüsal diləkdən,
Ağıl-kamal başdan, qüvvət biləkdən,
Məhəbbət gözlərdən, arzu diləkdən,
Şer dodaqlardan ayrı yaşamaz.

Bir dəfə dedim, ay xalaoğlu, sən ki, Allaha inanan adamsan. Ana babalarımız böyük bir seyid nəsilindəndir. Şıx Vəlinin (Molla Vəli Vidadı) nəsil davamçılarıdır. Dedi:
Bəli, ay xalaoğlu, yaşlılarımız deyirdi ki, biz Şıx Vəlinin törəmələriyik. Sonralar dəqiqləşdirdim ki, Molla Vəli Vidadi bizin ana babalarımızdandı. (Şıx Vəli) Kitabımın birinin adını ona görə “Allahsız dünya” qoymuşdum ki, insanlara ibrət olsun.:
– İnsanlar Allahlıq edəndən bəri,
Fəlakətt gözləyir bütün bəşəri!

El-oba itkisinə dözməyən şair zaman-zaman dərdini vərəqlərə tökürdü:

Dağ başında qartal idim,
Qanadımdan yaralandım.
Yollarımı duman aldı,
Qatarımdan aralandım.

Və ya başqa bir beyt:-

Zəhmi nə ağırdı evdə təkliyin?!
Sonu ağlamaqdı bu kövrəkliyin.

Digər bir bəndində:

Məni Kəlbəcərə qaytar, İlahi,
Onun dağlarından, düzündən öpüm.
Nərgizi, laləni basım bağrıma,
Qaymaqçiçəyinin üzündən öpüm.

Bəhmən Vətənoğlunun yaradıcılığından günlələ, aylarla danışmaq olar. Çün ki, urvatlı şer yazmaq, urvatlı şair ömrü yaşamaq Bəhmən Vətənoğlu dünyasının gözəl məziyyətlərindən biridir.Mən elə bilirəm ki, şairin bu kitabı da ürəklərə yol tapıb, könüllərdə yaşayacaq. Həm də Bəhmənsevərlərin stolüstü kitabına çevriləcək. Ruhun şad olsun, qəbrin nurla dolsun, ay Vətənoğlu.
Həmin kitabdan bir şeri ilə yazıma sonluq vermək istəyirəm:

Əslim, nəslim o torpaqdan yaranıb,
Ulu babam olub, Kəlbəcər mənim.
Ümidim, pənahım, arxam, dayağım,
Elim-obam olub, Kəlbəcər mənim.

Qüvvətim, qüdrətim, gücüm, biləyim,
Qəlbim, hissim, duyğum, eşqim, ürəyim,
Müqəddəs nemətim, halal çörəyim,
Abi-havam olub, Kəlbəcər mənim.

Atam, anam, bacım, qardaşım, balam,
Çiçəyim, bənövşəm, nərgizim, lalam,
Sütunlu sarayım, möhtəşəm qalam,
İsti yuvam olub, Kəlbəcər mənim.

Mənə qurban deyib, kəsib quzunu,
Sındırıb könlümün kədər buzunu,
Zülmət gecələrdə ömrüm uzunu,
Yolumda şam olub, Kəlbəcər mənim.

Bəhmənəm, mən ona könüllü nökər,
Ondan ayrılalı gözüm yaş tökər.
Ləhcəmdə şirinlik, sözümdə şəkər,
Dilimdə tam olub, Kəlbəcər mənim.