Şair Sücaətin heç yerdə çap olunmamış ŞEİRİ

Mərhum şair Sücaətin qardaşı – tanınımış jurnalist Hidayət Elvüsal anım günündə Sücaətin indiyədək heç yerdə çap olunmamış bir şeirini Facebook səhifəsində paylaşıb.

Turkustan.info həmin şeiri təqdim edir:

EY DOST

Düşüb sorağına xoş gələcəyin
Ac-susuz azadlıq gəzirik, ey dost.
Yarımız vaylarda donub qalmışıq
Yarımız toylarda süzürük, ey dost.

Yurdumuz, yuvamız gedəndən bəri
Gəzirik, tapmırıq bir ümid yeri.
Vətən həsrətiylə can verənləri
Soyuq məzarlara düzürük, ey dost.

Oğul, qız yanında üzümüz qara,
Taleyimiz şikəst, qəlbimiz yara.
Xarici banklara pul yığanlara
Çıxdaşıq, xırdayıq, nəzirik, ey dost.

Namusu, qeyrəti, arı itirib,
Aşotu, Sərkisi qonaq gətirib,
Utanmaz-utanmaz qələm götürüb
“Şanlı səhifələr” yazırıq, ey dost.

Deyirik əllidir yüz görə-görə,
Əyri danışırıq düz görə-görə.
Ağıl kəsə-kəsə, göz görə-görə,
Bir-birin başını yozuruq, ey dost.

Ərşin əyiləndə dözə bilmirik,
Haqlı söyüləndə dözə bilmirik.
Düz söz deyiləndə dözə bilmirik,
Yaralı şir kimi qızırıq, ey dost.

…Sücaət, məhşərə çəkiblər bizi,
Əyiblər, qırıblar, büküblər bizi.
Yığıb qan gölünə töküblər bizi,
Bilmirik hayana üzürük, ey dost.

Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə Kəlbəcərdə fizika muəllimi Yunus Əhmədovun ailəsində anadan olub.

2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.