Özündən sonrakı doğum günü… Xəyyam Mirzəzadə ilə tanışlığın maraqlı TARİXÇƏSİ

5 oktyabr tarixi görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür. Düz 25 il ərzində həmin gündə səhər tezdən oyanıb, telefonla Xəyyam müəllimi birinci təbrik etməyə çalışırdım. Etiraf edim ki, bu gün onun həyatından bəhs edən ikinci məqaləmi yazıram, birincidə onu tanıdım, ikincidə itirdim…

…Mən onu uşaqlığımdan tanıyırdım , varlığımdan xəbərsiz olduğu illərdə… və bu tanışlığın maraqlı tarixçəsi var idi.  Xəyyam Mirzəzadənin adını yaddaşıma həkk eləmişdim, o zaman  6-cı sinifdə oxuyurdum.  Sovet dövründə  yaşayış məhəllələrinin yay və qış kinoklubları olardı, ittifaq miqyasında çəkilən yeni filmlərlə bahəm, digər ölkələrin filmləri də orada nümayiş etdirilərdi. Atam ailəlikcə bizi o filmlərə baxmağa aparardı. “7 oğul istərəm” bədii filminə də ilk dəfə məhəllə kinoklubunda baxmışdım. Yadımdadır, bacımla mən filmin bütün səhnələrindən təsirlənmişdik, film boyu səslənən musiqi isə bizi daxilən həyəcanlandırmışdı. Filmin sonunda bəstəkarın adını oxuduq: Xəyyam Mirzəzadə. Bax, o zamandan ikimiz də bəstəkarın adını- “Xəyyam Mirzəzadə”ni beynimizə və ürəyimizə yazmışdıq. Uzun illər sonra tale bizi qovuşdurdu, Xəyyam müəllimlə yaxından tanış olduq. Mən jurnalist idim, respublikanın müstəqillik illərində çıxan populyar qəzetlərdən birində çalışırdım.  Bacım isə klassik musiqinin yolunu seçdi, vokalçı oldu.  Sonralar o, respublikanın klassik musiqi aləmində  Zenfira İsmayılova  kimi tanındı.  Ötən əsrin 90-cı illərində Xəyyam Mirzəzadədən  ilk müsahibəmi almışdım, qəzetdə həmin yazıya xeyli yer ayrılmışdı və onun düşüncələri oxucuların marağına səbəb olmuşdu. 

Biz konservatoriyada Xəyyam Mirzəzadə ilə tez-tez görüşürdük. Tələbələrinin əhatəsində apardığı dərslərdə hərdən  mən də iştirak edərdim, hətta o  tələbəlrlə də  aramızda dostluq münasibətləri yaranırdı. Konservatoriyanın divarları arasında Xəyyam Mirzəzadə sevilən şəxsiyyətlərdən idi, onun bütün ömrü bu ali ocağa bağlı olmuşdu, həmişə çevrəsində görkəmli musiqiçiləri görərdim, onun baməzə söhbətləri hamının üzündə xoş təbəssüm yaradırdı…  

İçərişəhərin dal dalanlarındakı evlərdən birində 82 il əvvəl, Mirzəzadələrin ocağında balaca oğlan dünyaya göz açanda, İranda yaşayan babası İsmayıl kişi oğlu Hadiyə xəbər göndərmişdi ki, nəvəsinin adını Xəyyam qoysun. Sonralar şərqin böyük şairi Ömər Xəyyamın şərəfinə qoyulan adı doğrultmaq üçün dövrünün görkəmli dilçi alimi Hadi Mirzəzadə  oğlu Xəyyamı ədiblərin, yazarların görüşünə aparırdı ki, onu ədəbiyyatçı kimi yetişdirsin. Amma  oğlunun ağlı kəsəndə  tamam başqa bir yola üz tutdu, bəstəkar oldu…  O dövrdə ziyalılar övladlarına musiqi təhsili verməyi özlərinə şərəf sayırdılar, Hadi müəllim də balaca oğlunu Bülbül adına orta ixtisas musiqi məktəbində, skripka sinfinə  qoymuşdu. Amma sonralar  konservatoriyanın bəstəkarlıq fakültəsində  oxuyanda atası onunla qürur duymuşdu, hətta  görkəmli bəstəkar Qara Qarayevdən xahiş etmişdi ki, Xəyyamı tələbələrinin sırasına qəbul etsin, Hadi müəllimin arzusu yerinə yetmişdi. Qara Qarayev nəinki ona bəstəkarlığın sirlərini aşıladı, Xəyyam Mirzəzadənin yazdığı simfoniyaların Moskvada səslənməsinə imkan yaratdı, hətta  ilk dəfə çalınan əsərlərinə edilən hücumların qarşısını aldı, üstəlik ittifaq miqyasında adının tanınmasına nail oldu. Dövrün tələbi belə idi, istedadlı gənclərin arxasında güvənli məşhurların dayanması mütləq idi… Tutduğu yol cavan bəstəkarı zirvəyə doğru aparırdı, müəlliminin təkidi ilə kinofilmlərə yazdığı musiqi əsərləri böyük maraqla qarşılanırdı və hələ o dövrdə onun bu sahədəki xidmətləri xüsusilə vurğulanırdı. Təəsüf ki, Hadi müəllim oğlunun sonrakı uğurlarına sevinə bilmədi, ömrü vəfa etmədi. Tələbələrinə “gün ağlayan” Qara Qarayevin də ömrü uzun olmadı, amma Xəyyam Mirzəzadə sevimli müəllimini həyatı boyu unutmadı, Qarayev məktəbinin ənənələrini yaşatmağa çalışdı və ömrünün sonuna kimi onun təbliğatçılarından  biri oldu.

Artıq musiqi aləmində Xəyyam Mirzəzadənin yolu  bəlli idi, o, ruhunun qulu idi, kim olduğunu dərk edirdi və daxilindəki gücə inanırdı, nəticədə sanballı əsərlərini ərsəyə gətirirdi. Milli dəyərlərə bağlılığı yazdığı musiqinin çalarlarında sezilirdi. Eyni zamanda  müasirliyi əsərlərinə yansıtmağı bacarırdı,  çünki Xəyyam müəllim  həyatın nəbzini tuta bilir, harmoniyasını duyurdu, ona görə  əsərləri dünyanın dörd bir yanında sevgi ilə çalınırdı.

Xəyyam Mirzəzadə etiraf edirdi ki, ilk variasiyalarını uşaq vaxtı, kiçik skripkasını sinəsinə sıxanda yazıb. Məktəb illərindəki cızma-qaraları sonralar rəngarəng musiqi əsərlərinə çevrilib, ötən əsrin 50-ci illərindən başlayaraq böyük konsert salonlarında,  məşhur orketraların ifasında səslənib. 1 , 2  və 3 saylı simfoniyaları, “Oçerklər-63” simfonik poeması, “Ağlar və Qaralar” baleti, “Triptix”, “Mirzənin söylədikləri”,  ”Etiraf”  vokal məcmuəsi, “ Mərakeş” rapsodiyası, simli kvartet, fortepiano, arfa, solo skripka, solo klarnet, ağac və mis nəfəs alətləri üçün yazdığı əsərləri və digər musiqi nümunələri hələ sağlığında ona şöhrət gətirib. O, milli ruha və dəyərlərə bağlı insan olub, bəlkə də ona görə nota köçürdüyü əsərləri müasir dünyanın nəbzini tutub. Xəyyam Mirzəzadənin yaradıcılıq yolunun bir səmti kino sahəsinə uzanıb, o, 30-dan artıq filmə musiqi yazıb.  Bəstəkarın kinofilmlərə yazdığı musiqinin hər biri  simfonik əsərə bərabər tutulub. Keçən yüzillikdən  bu əsrə süzülüb gələn Xəyyam Mirzəzadə yaradıcılığı zaman və məkan ölçüsünü kölgədə qoyub. Onun əməyinə dövlətimiz böyük qiymət verib, Xəyyam müəllim layiq olduğu titulları sağlığında alıb, ömrünün son günlərinə qədər ölkə rəhbərliyi ona humanist qayğısını əsirgəməyib. O da bütün varlığı ilə vətəninə bağlılığını biruzə verib, Azərbaycan klassik musiqisini dünyada yetərincə təbliq edib. 

Həyatda elə bir mövzu yox idi ki, Xəyyam müəllim ondan baş açmasın, ya da ona biganə qalsın. Dəyər verdiyi sahələrdən biri incəsənət idi, evinin hər köşəsində tanınmış rəssamların, heykəltəraşların əsərləri yer alırdı. Onun yaddaşında hər əsərin bir tarixi asılıb qalmışdı və müəlliflərdən ağızdolusu danışmağı sevirdi. Maraqlı xatirələri gənclik illərindən başlayırdı, ona bağışlanan rəsm əsərləri və heykəltəraşlıq nümunələri bir muzeyə sığacaq qədər yetərli idi, əslində bu əsərlər Xəyyam müəllimin ruhunun zənginliyindən xəbər verirdi. Onun mənəvi aləminə rəng qatan digər əntiq əşyalar, saatlar, markalar, gümüşdən hazırlanan məmulatlar, hətta kasalar göz oxşayırdı və bu əşyalar təkcə ocağına yaraşıq gətirmirdi, evinə qonaq gələnlərin də ruhunu oxşayırdı. Mən də bu evin tez-tez qonağı olurdum, Xəyyam müəllimlə bölüşməyə çox söhbətim var idi, bəzən çevrəmiz böyüyürdü, tanınmış sənət adamları da bizə qatılırdı. İndi o günləri xatırlayıram, Xəyyam müəllimin mənə əziz olan çöhrəsi yaddaşımdan silinmir.  Onun gözləri zəifləmişdi, ayaqları yerimirdi, demək olar ki, oturaq həyata məhkum olmuşdu… Çox alimlərdən eşitmişdim, deyirdilər ki, nə olur-olsun, təki Allah ağlımızı başımızdan almasın. Xəstəlik Xəyyam müəllimə əziyyət versə də,  ağlı və düşüncə tərzi son nəfəsinə qədər itiliyini itirmədi.

Mirzəzadələrin ocağında müşahidə etdiyim bir ənənə də diqqətimi daima çəkirdi, bunu ailə dəyərlərinin qorunması ilə izah edə bilərəm. Üç qadını, Xəyyam müəllimin ömür-gün yoldaşı Lamiyə xanımı, bacıları Afət xanımı və Çimnaz xanımı həmişə onun əhatəsində görərdim. İki oğlunun, nəvələrinin və gəlinlərinin varlığı onu sevindirsə də, üzərində bacısı  Afət xanımın zəhməti böyük olardı. Yaşlı və xəstə olmasına baxmayaraq, zəhmətkeş qadın qardaşının qulluğunda uşaq kimi dayanar, onu heç vaxt tək qoymazdı.  Xəyyam müəllimin  son nəfəsinədək, başının üstündən çəkilməyənlərdən biri Afət xanım  idi…  Bunlar yalnız azərbaycanlı ailəsinə xas olan müqəddəs dəyərlərdəndir…

Xəstə halında da Xəyyam Mirzəzadə  nikbin və həyatsevər təsiri bağışlayırdı. Amma onun içində  hər kəsə bölüşə bilmədiyi bir  nisgili var idi . Şöhrəti onu üstələdikcə, dərdi də artmışdı, barışa bilmədiyi bir çox məsələlərə göz yuma bilməmişdi, axı o, dünyagörmüş kişi idi… Bir vaxtlar çalışdığı ocaqdan onu küsdürmüşdülər, konservatoriyadan, sevdiyi mühitdən, tələbələrindən uzaq düşmüşdü, küskünlüyü ona sağlamlığını itirmək bahasına başa gəlmişdi, bəla onda idi ki, halından xəbərsiz idilər. Ömrü boyu təbliğ etdiyi Bəstəkarlar  İttifaqından da üz döndərmişdi,  incimişdi, yenə də qılığına girib könlünü alan olmamışdı. Keçirilən bir çox festifallarda nə əsərləri çalınırdı, nə də adı anılırdı, bütün bunlar onun səhhətinə  təsirsz ötmürdü. Yadımdadır, bir dəfə evində olarkən, festifal üçün tutulmuş proqramı mənə göstərdi, dedi ki, yaradıcılığımdan burada bir cümlə də yoxdur. Sonra da hansısa Avropa ölkəsindən ona ünvanlanmış məktubu təqdim etdi, “Bax, əcnəbilər  çalınmış əsərlərim haqqında mənə məlumat göndəriblər”, dedi.  Soyuq münasibət yaşının ahıl çağında tanınmış bəstəkara ağır təsir edirdi.  Xəyyam Mirzəzadənin yalnız ölümündən sonra xatirəsi əziz tutuldu, ölkədə keçirilən son festifallardan birində  şərəfinə musiqisi çalındı. Əgər bunlar sağlığında baş versəydi, kim bilir, bəlkə ömrü bir az da uzanardı…

Bir dəfə Xəyyam Mirzəzadədən soruşublar ki, nə üçün klassik Avropa bəstəkarlarının musiqisinə bənzər əsərlər yazılmır, cavab verib ki, “onların dövrü qurtardı”. Hər sonun bir başlanğıcı olur, sovet dövründə görkəmli bəstəkarlar böyük məktəblər yaratdılar. Qara Qarayev məşhur D.Şoctakoviçin yetirməsi olmuşdu, Xəyyam Mirzəzadə Qara müəllimin tələbələrindən biri idi, ənənə pozulmamışdı,  Xəyyam müəllimin də davamçıları az deyildi…  Musiqi aləmində hərənin öz dəsti-xətti olsa da, müəllimindən heç kim böyük görünmədi. Hərə öz dövrünü yaşadı, izini qoydu,  dünya musiqi xəzinəsinə töhfəsini verdi.  Xəyyam Mirzəzadə dünyasını dəyişəndə “Sonuncu magikan köç etdi”, dedilər. Özünün söylədiyi kimi, “Onların da dövrü qurtardı”.

Xəyyam müəllimin sayəsində bir çox tanınmış musiqiçilərin həyat hekayələrini qələmə almışdım. Onların arasında  Qara Qarayevin oğlu Fərəc Qarayevin də adı var idi. Köhnə blaknotumda Fərəc Qarayevin öz əli ilə yazdığı cəmi on sətirlik yığcam  bir şeri hələ də qalmaqdadır. Məncə, insanın ömür kitabını vərəqləmək üçün yerinə düşən misralardır…

1. Pir

2. Kim

3. Güc

4. Dərd

5. Eşq

6. Atdı

7. Getdim

8. Sənsiz

9. Dönməz

10. Son.Haçandır,  Fərəc Qarayevi Bakıda görmürəm, görsəydim deyərdim ki, şerindəki “son”dan sonrakı həyatı təsvir edən 10 sətir də yazsın. Bilirəm ki, orada mütləq insanın qeybə çəkilən ruhundan söz salacaq, o ruhun əməllərdə yaşamasından danışacaq.  Biləndə ki, Xəyyam Mirzəzadənin ruhu  xalqımıza miras qoyduğu musiqi əsərlərində yaşayır, onda qəlbimiz də ovunacaq…


Hadi Mirzəzadə balaca Xəyyamla.


Xəyyam Mirzəzadə və Fərəc Qarayev


Xəyyam Mirzəzadə


Xəyyam Mirzəzazadə və Heydər Əliyev

Dilarə Quliyeva