“…Yeni Eldar Mahmudovlar, yeni “Quska”lar çıxacaq” – Milli Məclisdə

Bəzən orta ranqlı məmurlar belə mətbuatda haqlarında xırda nə isə gedəndə aləmi bir-birinə qatır, nəsil-nəcabətlərini ayağa qaldırırlar. Amma aylardır dövlət başçısı və onun ailəsi, o cümlədən, parlamentimiz, ayrı-ayrı nüfuzlu insanlarımız haqqında Azərbaycandan kənarda olan bəzi satqınlar tərəfindən ən ağır təhqirlər səsləndirilir, həmin məmurların birindən də səs çıxmır, sanki bunlara aidiyyəti yoxdur.

Turkustan.info xəbər verir ki, bunu parlamentdə millət vəkili Elşən  Musayev dilə gətirib.

“Məgər Zahid Orucun ailəsi ailə deyil, məgər Qüdrət Həsənquliyevin ailəsi ailə deyil, məgər Siyavuş Novruzovun ailəsi ailə deyil? Onlar belələrinə qarşı hər gün mübarizə aparırlar, söyüşlərə, təhqirlərə baxmayaraq, sözlərini deyirlər. Amma məmurların çoxundan yenə səs yoxdur”, – deyən millət vəkili, ümumiyyətlə, təhqirlərə, söyüşlərə əl atan şəxslərlə bağlı cinayət işlərinin qaldırılmamasına kəskin etirazını bildirib:

“Niyə onlar haqqında cinayət işləri başlanmayıb, prokurorluq orqanları nəyi gözləyirlər? Əgər belələrinə qarşı ciddi tədbirlər görülməsə, yeni Eldar Mahmudovlar, yeni “Quska”lar hələ çox olacaq”.  /Oxu.Az/