“O təşkilatda heç bir formada təmsil olunmamışam” – Eldar Həsənovdan TƏKZİB

Keçmiş baş prokuror, Azərbaycanın Serbiyada və Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Moderator.az saytına aşağıdakı məzmunda qısa məktub göndərib:

“Qara dəniz-Xəzər dənizi regionu ölkələrinin hüquqşünasları təşkilatının Bakı şəhərində təşkil etdiyi tədbirlə bağlı Haqqın.az saytında gedən növbəti uydurmaya cavab olaraq bildirirəm ki, adı çəkilən təşkilatda heç bir formada təmsil olunmamışam, sıravi üzvü belə, deyiləm və hətta bugünə qədər heç bir iclasında iştirak etməmişəm və bu tədbirə də dəvət almamışam. Əgər bu təşkilatın üzvü və ya iclasın iştirakçısı olsaydım belə, nəinki Abxaziyanın, həmçinin hər hansı bir separatçı qondarma “dövlət”in nümayəndəsinin iştirakına razılıq verməzdim, qəti etirazımı bildirərdim. Sayt sahibi və ya yönləndiricisi bilməmiş deyil ki, mən hər şeydən əvvəl işğala və separatizmə məruz qalmış ölkənin vətəndaşıyam”.