Aİİ-də 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə institutun rəhbər-müəllim heyəti, tələbələri, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənzadə və Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli iştirak ediblər.
Aİİ rektoru Ceyhun Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə qonaqları və institutun müəllim heyətini təbrik edərək, bu günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb. Xalqımızın tarixən müəllim sənətini yüksək qiymətləndirdiyini, ölkəmizdə elm və təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayan rektor, son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər barədə danışıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərməsi dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Rektor Birinci vitse-prezident Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstəyi də xüsusi vurğulayıb.
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Aİİ-nin əlamətdar gün münasibətilə tədbir keçirməsini təqdir edərək dəvətə görə təşəkkürünü bildirib. Müəllim zümrəsinin hər zaman maarifçiliyin keşiyində dayandığını bildirən professor bu sənətin müqəddəsliyindən danışıb, xalqın tarixi yaddaşının, mədəniyyətinin məhz müəllimlər vasitəsilə gələcəyə ötürüldüyünü bildirib və bütün həmkarlarını peşə bayramları münasibətilə təbrik edib. Professor C.Məmmədli göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliynə müəllimlər adından xüsusi minnətdarlığını ifadə edib.
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənzadə 5 oktyabr – Beynəlxalq Müəlllimlər Günü münasibətilə bütün peşə sahiblərini və Aİİ-nin müəllim heyətini təbrik edib. Müəllimi gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs kimi səciyyələndirən C.Həsənzadə keçdiyi zəngin həyat yolundan danışaraq, gənc nəslə elmə-təhsilə daim önəm verməyi, öz vaxtlarını səmərəli istifadə etməyi tövsiyə edib. O, bir xalqın tərəqqisinin yalnız elmlə mümkün olduğunu bildirərək, tələbələri daha yaxşı oxumağa səsləyib.
Sonda rektor Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu kollektivi adından tədbirdə iştirak etdiklərinə görə, professor C.Məmmədliyə və C.Həsənzadəyə xüsusi təşəkkürlərini bildirib.

Görüntünün olası içeriği: 3 kişi, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

Görüntünün olası içeriği: 13 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi