Ümumdünya Görmə günü münasibətilə Şəkidə səyyar müayinə-müalicə aksiyası keçiriləcək

11-12 oktyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr Ümumdünya Görmə günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Şəki şəhərində  pasientlərə tibbi xidmət göstərəcək. 2 gün davam edəcək tədbirdə məqsəd operativ şəkildə Şəki sakinlərini müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

Növbəti aksiyasını davam etdirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Səyyar Qatarın uzunluğu  25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası  vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

11-12 oktyabr 2018-ci il,  Şəki şəhəri, saat: 09:00

Əlaqə: 0514338116 Günel Mürsəlli – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin media ilə əlaqələndiricisi  

email: [email protected]