Azərbaycanda alay komandiri intihar edib

Kəşfiyyat briqadasında qulluq edən hərbçi hərbi hissədən götürdüyü silahla özünü güllələyib, hərbi prokurorluq araşdırmaya başlayıb

Mingəçevirdə alay komandiri özünə qəsd edib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a prokurorluq orqanlarından məlumat verilib.

Hadisə oktyabrın 9-u axşamı Energetik yaşayış massivində baş verib. Kanalın kənarındakı qamışlıqdan kişi meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Məmmədov Əli Rəsul oğludur. Araşdırma zamanı bunun intihar olduğu meydana çıxıb. Gənc adam “Kalaşnikov” avtomatı ilə öz çənə nahiyəsinə atəş açıb.

Məmmədovun yanında kağız parçası da tapılıb. Hərbçi orada həyatdan bezdiyi üçün intihar etmək istədiyini yazıb. Hərbi qulluqçunun subay olduğu bildirilir.

O da məlum olub ki, Məmmədov alay komandiridir və kəşfiyyat briqadasında xidmət edib. Özünü öldürdüyü silahı Məmmədov hərbi hissədən götürüb. Hazırda Gəncə şəhər Hərbi Prokurorluğunda faktla bağlı araşdırma aparılır. İstintaq hərbçini intihara sürükləyən vəziyyəti ayırd etməyə çalışır.