Eldar Həsənov üçün xüsusi GÜN

Bu gün Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənovun doğum tarixidir.

Turkustan.info-nun məlumatına görə, Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq, elektronika mühəndisi ixtisası alıb.

1983-cü ildə isə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışıb. 
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olub.

O, daxili işlər nazirinin birinci müavini, Baş prokurorun birinci müavini vəzifələrini tutub. 

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru işləyib.

O, “İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə” medalı ilə təltif olunub.

 Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 20-yə qədər kitabın, 100-dən artıq elmi işin müəllifidir. İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının, Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü, Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Direktorlar Şurasının vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavinidir. Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənib. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri yüksək həddə çatıb.

Eldar Həsənov 28 mart 2013-cü il tarixindən indiyə kimi Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.

Evlidir, 3 övladı var.  /Modern.az/