MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edib. Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri – “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən, şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü…” və digər kitablar nümayiş olunur.
Xalq şairi Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1952-ci ildə “Yanın işıqlarım” şeiri çap edilib. Sonrakı vaxtlarda “Ulduz” jurnalının məsul katibi vəzifəsində çalışıb, “Ədəbiyyat və incəsənət” qəzetində və Azərbaycan Dövlət Nəşriyyatında Baş redaktorun müavini olub. Ədəbiyyata, poeziyaya bağlı olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib. Şair 2004-cü ildə dekabrın 1-də Bakıda vəfat edib.
Sərgidə nümayiş etdirilən kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq, MRY bazasında yerləşdirilib. Sərgi oktyabr ayının 20-dək davam edəcək.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, çizim ve yazı

Görüntünün olası içeriği: iç mekan

Görüntünün olası içeriği: iç mekan

Otomatik alternatif metin yok.

Görüntünün olası içeriği: açık hava