Bayıl yenə SÜRÜŞDÜ – 150 metrlik divar yerini dəyişdi

Bakı şəhər Səbail rayonu ərazisində, Badamdar yolu istiqamətində – Bəyoğlu restoranının yanındakı yamacda sürüşmə aktiv şəkildə davam edir.

Turkustan.info bildirir ki, bu sözləri Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidə yaranan çatların sayı artır: “20-ci sahədən Badamdar istiqamətində gedən yolun sol hissəsində, yamacda hal-hazırda sürüşmə prosesi davam edir. Biz bunu daha əvvəl Abşeronun Atlaslar Toplusunda sürüşməyə meyilli olan ərazi kimi qeyd etmişdik. Burada 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb. O vaxtdan bu günə kimi orada ciddi hərəkət hiss olunmayıb. Bu ayın əvvəlində ərazidə keçirilən monitorinqlər zamanı müxtəlif istiqamətlərdə çatların və gərginliyin olduğunu müşahidə etdik. Bu barədə yazılı şəkildə məruzə edilib. Bu gün həmin uzunluğu 150 metrə yaxın olan istinad divarında bir neçə yerdə uzunluğu 1 metrə yaxın çatlar yaranıb və divar bir qədər qabağa gəlib. Divarın aşağı hissəsində kiçik gölməçələr əmələ gəlib. Bu ərazidən, yəni sürüşmə baş verən divardan təxminən 2-10 metr aralıda fərdi yaşayış evləri, yeni tikililər var. Sürüşmə hazırda aktiv şəkildə davam edir. Zəruri önləmlər alınıb. Təhlükəsizllik məqsədilə həmin sürüşmənin konturları daxilində, 20-ci sahə Badamdar arasındakı nəqliyyat yolu tamamilə bağlanıb”.

*****