Ermənistan qiyam ərəfəsində: Güc strukturları hazırlıq vəziyyətində

Ermənistanın baş naziri Nikol Paşinyan istefaya getdikdən sonra güc strukturları gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.“Bütün bunlar keçmiş hakimiyyətin bir sıra nümayəndələrinin öz təsir imkanlarından istifadə edərək orduda və güc strukturlarındakı orta səviyyədə korrupsiyaya qarşı aparılan mübarizəyə etiraz olaraq müqavimət dalğası qaldıra bilər.Bu ssenarinin baş tuması və uğur qazanmaq şansı azdır.Bununla belə hakimiyyət sayıqlığı əldən vermək istəmir”-qəzet belə yazır.

Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa verəcəyini bildirib.Dekabrın 6-da isə Ermənistan parlamentinə növbədənkənar seçkilər keçiriləcək.Konstitusiyanın tələblərinə görə, Ermənisttan Milli Məclisi iki dəfə ardıcıl baş nazir seçə bilməsə, o halda parlament istefaya gedir və növbədənkənar seçkilər təyin olunur.Nikol Paşinyan istefa verdikdən sonra parlamentdəki digər fraksiyaların baş nazir postuna namizəd irəli sürməyəcəyinə dair razılaşma əldə etdiyini bəyan edib. Lakin ölkədə güc strukturlarının və hüquq-mühafizə orqanlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə göstərişin verilməsi baş nazirin digər partiyalarla əldə edilmiş memoranduma etibar etmədiyini göstərir. Yəni Paşinyanın istefa verməsindən sonra onu devirmək üçün Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası baş nazir postuna öz namizədini təqdim edə bilər.Doğrudur, son günlər altı nəfər deputatın istefa verərək, N.Paşinyanın tərəfində keçməsi “Respublika” fraksiyasının parlamentdəki üstün mövqeyini xeyli zəiflədib.Artıq Serj Sarkisyanı dəstəkləyən deputatların sayı 43 nəfərə düşüb.Ancaq N.Paşinyanın narahatlığı onun hakimiyyəti üçün təhlükə ocaqlarının hələ sönmədiyindən xəbər verir.

İlk növbədə, sıralarının seyrəlməsinə baxmayaraq, “Respublika” fraksiyası Milli Məclisdə mandatların sayına görə üstünlük təşkil edir və “Daşnaksütyun” fraksiyasını təmsil edən 7 deputat da onları dəstəkləyir. İkincisi, ERP baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan etsə də, bununla bağlı N.Paşinyanla və ya onun rəhbərlik etdiyi “Yelk”(Çıxış) fraksiyası ilə hər hansı siyasi saziş imzalamayıb. Ona görə də ERP-nin hökumət başçısı postuna namizəd irəli sürməyəcəyinə zəmanət yoxdur.Bu isə Ermənistanda “məxməri inqilab”dan sonra daha böyük siyasi qarşıdurmaya gətirib çıxara bilər.Çünki belə bir vəziyyətə yaranarsa, N.Paşinyan bunu dövlət çevrilişi kimi qiymətləndirəcək və müxalifətin hakimiyyəti ələ keçirməsinə mane olmaq üçün bütün inzibati, resurslardan, hətta ordudan istifadə etməyə çalışacaq.Nikol Paşinyan sentyabrın 23-də İrəvan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərdən sonra ümumxalq mitinqi təşkil etməklə əks inqilabçılara qarşı mübarizədə cəmiyyətin onu dəstəklədiyini nümayiş etdirməyə çalışdı. Bununla da N.Paşinyan hakimiyyəti devirməyə çalışan hər hansı siyasi qüvvəyə qarşı yenidən növbəti “məxməri inqilab” edəcəyinə dair mesaj verdi.  

Üçüncüsü, silahlı qüvvələrin tərkibində, hüquq-mühafizə orqanlarında eks-prezident Robert Köçəryana və Qarabağ klanına yaxınlığı ilə seçilən bir sıra şəxslər hələ də qalmaqdadır.Bu baxımdan, qiyamın yalnız hakimiyyətin öz daxilindən, yəni parlamentdən deyil, kənardan da qaldırılması ehtimalı yüksək olaraq qalır.Daxildən ERP-nin baş nazir postuna namizəd irəli sürməsinə kənardan silahlı qiyam yolu ilə dəstək verilə bilər.Görünür, güc strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi də məhz qeyd edilən planın qarşısını almaq məqsədi daşıyır.

Rusiyanın bu məsələyə münasibətdə tutacağı mövqe də təbii ki, mühüm təsirə malikdir.Vəziyyəti şərh edən erməni analitik Akop Badalyanın fikrincə, Rusiya Ermənistanın regional təşkilatlardakı fəaliyyətinə daha çox üstünlük verir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, baş nazir Paşinyanın sentyabrın 8-də Moskvaya səfərindən sonra Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Müstəqil Dövlətlər Birliyi məkanında ikitərəfli formatda və inteqrasiya strukturlarında iştirakında daha çox maraqlıdır. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi Ermənistanın daxili işi hesab edilir.Artıq bu məsələləri Rusiya Ermənistanın öz öhdəsinə buraxıb.Ekspertlər Q.Karasinin bu açıqlamasını Rusiyanın Ermənistan parlamentindən imtina etməsi kimi qiymətləndirib.

Lakin “məxməri inqilab”dan sonra Rusiyanın Ermənistandan çıxıb getmədiyini və daha çox gözləmə mövqeyinə çəkildiyini nəzərə alsaq, rəsmi Moskvanın da Paşinyanın istefasından sonra qüvvələri hazırlıq vəziyyətinə gətirəcəyi istisna deyil.Rusiyanın tutatcağı mövqe də yaxın bir həftə ərzində qüvvələr nisbətinin hansı istiqamətdə dəyişməsindən asılı olacaq.   /Cebhe.info/