“Gürcüstanı birgə xilas edəcəyik” – Saakaşvilinin müttəfiqindən azərbaycanlılara jest

Gürcüstanda prezidentliyə namizəd Qriqori Vaşadze Borçalıda azərbaycanlı seçiciləri ilə görüşüb.

Turkustan.info xəbər verir ki, o, seçki kampaniyası çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna gəlib.

Vaşadze soydaşlarımız qarşısında çıxış edib, onların problemlərini dinləyib. Prezident seçiləcəyi halda Borçalı sakinlərinin problemlərini həll edəcəyi vədini verib.

O, Borçalıya gəlişini əks etdirən görüntüləri Feysbuk səhifəsində paylaşıb və bu qeydi yazıb: “Bolnisini – Gürcüstanı birlikdə xilas edəcəyik. Gürcüstanın gücü və zənginliyi çoxmillətliliyidir”.

Sabiq xarici işlər naziri Qriqori Vaşadze keçmiş prezident Mixal Saakaşvilinin başçılıq etdiyi Birləşmiş Millətlər Hərəkatı Partiyasının namizədidir. Son anket-sorğunun nəticələrinə görə, sabiq nazir seçkilərdə 31 faiz səslə qalib gələ bilər. Saakaşvilinin müttəfiqi hələlik reytinq sıralamasında rəqiblərini üstələyir.

O, indiyədək Gürcüstanda azərbaycanlılarla görüşən ilk namizəddir.

Seçkilər oktyabrın 28-də keçiriləcək.  /Teleqraf.com/