Be. İyl 22nd, 2019

Bir oğul doğuldu 85 il öncə…

Ədəbiyyatımızın Xan şairi  Məmməd Araz

                                        Soruşdum birindən:-Şairəmmi mən?

                                         Özüm ki, özümü öyə bilmərəm.

                                         Cavabı asanca qopdu dilindən:

                                         Hələ ölməmisən deyə bilmərəm…

      Bir oğul doğuldu-85 il öncə. Ağlı kəsən gündən əlinə “çörək ağacı” əvəzi milli-mənəvi gərək qələməsi götürüb gəldi yazıb-yaratmağa. Ömrünün axırlarına yaxın da yazdı ki;  “…Haqqın var yaşamağa”.

      Bir şair vardı-kainat duyğularına, dünya başına dardı. Ömrü boyu tufan əydi, su yardı. Xətainin qılıncını suvardı-Məmməd Araz karandaşı göyərdi.

O bu qələm ilə bir xətt çəkdi-“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. “ patriot-portreti yaratdı.

Poeziya-heyrət deməkdir;-şeir heyrətdən doğurur. Şair Məmməd Arazın bütün yaradıcılığı bu heyrətin yaradıcılığıdır. Bu poeziya oxucunu ikiqat heyrətləndirir. Heyrətin birinci səbəbi şairin böyük ilhamla yazılmış hər bir əsəridir. Çünki Məmməd Arazın səmimiyyətlə dolu olan hər bir şeiri hamımıza və ayrılıqda hər birimizə doğma olan hissləri ifadə edir. Heyrətin iknci səbəbi isə şair özüdür. Onun istedadı, heyrətlənmək və heyrətləndirmək bacarığıdır. Poeziya sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında öz kəşfləri ilə heyrətləndirir. O, hər an görüb duyduqlarımızı tamamilə başqa-yeni gözlə görür, kəşf edir.

   Məmməd Araz heyrətinin bir mənbəyi var: Azərbaycan torpağı, ana Vətən, onun tarixi, onun gözəllikləri, bir sözlə, Azərbaycanla bağlı hər şey…

Məmməd Araz incə, xəfif, kövrək çalarlarla möhtəşəm lövhələr yaradan şairdir. O, yalnız şair deyil deyil, həm də rəssamdır.

             Azərbaycan – qayalarda bitən bir çiçək,

             Azərbaycan – çiçəklərin içində qaya.

             Mənim könlüm bu torpağı vəsf eləyərək,

             Azərbaycan dünyasından baxır dünyaya.

   Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

     1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz”  mükafatı təsis olunmuşdur (1993-cü ildən).

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 Məmməd Araz Publisist İradə Tuncayın atasıdır. Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır. Şair Rəhilə Elçinin əmisidir.

    Məmməd Arazın poetik  dünyasında fikirlər, düşüncələr ulduzlar kimi işıq saçır, üzərindən ağır yüklü qatar keçən relslər kimi par-par yanır. Təsvirçilikdən, ritorikadan həmişə uzaq olan bu poeziyanın məqsəi böyükdür, həmişə də də böyük amallar. Böyük amallar, böyük arzular, böyük ideyalar tərənnüm edilmişdir. Şəlalə kimi oxucuların ürəyinə tökülən, varlığında, ruhunda elə şəlalə saflığını, gurluğunu, gözəlliyini, təmizliyini, saxlayan bu poeziyanın  mənalı, düşündürən çalarları, əlvan rəngləri, bir-birinə bənzəməyən orijinal motivləri çoxdur. Bu poeziyada Azərbaycan torpağının ətri, rayihəsi, odu, şirəsi, gözəlliyi, dünya problemlərinin, həyat, insan, məhəbbət, motivlərinin əks-sədası, dünənin, bugünün, sabahın səsi güclüdür.  Məmməd Araz orijinal şairdir, öz üslununa, dəsti-xəttinə, ifadəsinə, söz ahənginə, şeirin texnilkasına, xüsusilə dərin fikirlərin yığcam, qısa şəkildə, obrazlı tərənnümünə  mükəmməl yiyələnmiş, öz mövzularına  sadiq olmuş, sənətə bəslədiyi məhəbbət və sədaqətini həmişə qoruyub saxlamışdır. Onun bütün əsərlərində  vətəndaşlıq motivləri ilə, şəxsi həyatı ilə bağlı olan motivlər bir-birinə elə qaynayıb qarışmış, böyük ictimai məna, kəsər, ləyaqət qazanmışdır. Məmməd Araz poeziyası Azərbaycan poeziyasının  güclü bir qoludur, hamı tərəfindən təqdir olunmuş, bəyənilmiş və geniş oxucu kütləsinin hüsn-rəğbətini qazanmışdır.

                     Sən ey ana südüm, ey ana nəğməm,

                     Mən hara gedirəm, hara gedirəm,

                     Səni aparıram pasportum kimi,

                    Nəğmə ordum kimi, söz ordum kimi!

 Vətən şair üçün böyük və geniş məfhumdur. Odur ki, onun  Arazdan, dağlardan, çəmənlərdən,  yaxud tarixin unudulmaz şəxsiyyətlərindən söhbət açması elə vətən haqqında söhbət açması deməkdir. M.Arazın bu torpaqlaqla, Arazla, qəhrəmanlarla, təbiət lövhələri ilə bağlı onlarca gözəl şeiri qürur, məhəbbət, vüqar motivləri ilə zəngindir. Vətənin gülünə, çiçəyinə, ağacına, hətta küləyinə belə həsr olunan misralarda bu böyük sevginin ifadəsini görmək olar. Şair “Ceyran azalıb, yaman azalıb” deyəndə də, Araz yadına düşəndə, üstündə çinar görəndə də, Xəzərin quruması, çirklənməsi ilə əlaqədar yazanda da, Azərbaycan qızına, Xalqa, ziyalılarımıza müraciət edəndə də, Babək qılıncından, qalalardan, babasının səsindən söhbət açanda da vətən sevgisinin gücü, qüdrəti ilə dil açıb danışır. Ata ocağına, kəndinə, anasına yazdığı şeirlərində vətən torpağınnın ətri, nəfəsi, şirəsui var, bu torpağa bağlı olan insanlara  böyük məhəbbət var. Anadan olduğu Şahbuz, uca dağ kəndi, bu kəndin dağları, dərələri, meşələri onun varlığına, qanına, iliyinə hopmuşdur, şeirlərində bu yerlərin tərənnümü son dərəcədə   tədiidir və eyni zamanda böyük səmimiyyətlə doludur. Kəlbəcərdən, Tərtərdən, Dəlidağdan yazanda da eyni məhəbbət duyğuları səslənir. Təbrizdən yazdığı şeirlərində də belə böyük məhəbbət vardır.  

M.Araz keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

       Məmməd Arazın Azərbaycana, onun  övladlarına həsr  edilmiş bütün şeirlərində eyni həssaslıq, eyni müşahidə, eyni səmimiyyət və nəhayyət, eyni heyrət hakimdir. Məsələn, dramaturq Cəfər Cabbarlının sənətini tərənnüm edən “Çəfər yolu” şeirini  götürək. Cabbarlınınyaradıcılığını hamımız yaxşı bilir  və sevirik. Amma  ədibi heç kəs Məmməd Araz kimi kəşf edə bilməz. Şeirdən bir parçaya diqqət edək:

                   Xəyalımdan ağ düzündən

                   Bir yol keçər-Cəfər yolu,

                   Fikrimin  nur dənizindən

                   Bir yol keçər-Cəfər yolu,

                   Tarixlərə nəqş olunmaq cürətimin.

  Aynurə Əliyeva