Be. İyl 22nd, 2019

“TÜRKSOY-un Borçalı elinə, mədəniyyətinə, elm adamlarınına diqqəti alqışlanmalıdır”

Türküstan.info saytının suallarını “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır.

Yaxınlarda Türkiyədə Prof.Dr Camal Mustafayevin 90 illik yubileyi münasibəti ilə onun xatirəsinə həsr olunmuş tədbirlər silsiləsi oldu. Bu tədbirin təşkilatı haqqında məlumat verə bilərsinizmi?

Borçalı Cəmiyyətinin fəaliyyətində 2009-cu ildən başlanmış yeni dönəmin əsas vəzifələrindən biri də Borçalı elini həm Azərbaycana, həm də Türkiyə Cumhuriyyəti də daxil Türk Dünyasına tanıtmaq olmuşdur. Bu vaxta qədər bu istiqamətdə bir sıra layihələr, xüsusilə toplumun mədəniyyətinin, mənşəyinin, yaşam tərzinin, problemlərinin geniş ictimaiyyətə çatdırılması istiqamətində Borçalı türklərinin Elat Mədəniyyəti tədbiri-Elat bayramı, Novruz şənlikləri, konfranslar, tanıtım proqramları ilə çıxış etmişik. Ayrı-ayrı rəsmilərlə təmaslarımız olsa da, Türkiyənin rəsmi qurumlarının Borçalı Elinə diqqət ayırması hədəflərimizdən biri olaraq həyata vəsiqə qazanmamışdı. Nəhayət bu baş verdi. Beynəıxaıq Türk Mədəniyyəti Təşkilatı “TÜRKSOY” bildiyiniz kimi dil birliyi zəminində ortaq türk mədəniyyət təşkilatı olaraq altı müstəqil Türk dövlətlərinin birgə səyi ilə 1993-cü ildə yaradılmışdır. Bu dövlətlərdən əlavə səkkiz muxtar qurum da bu təşkilatın məşvərətçi səslə üzvüdür. Borçalı eli həssas nöqtədir. Borçalı Cəmiyyətinin son 9 illik fəaliyyətində apardığı konstruktiv xəttin izlənildiyi, gerçəkdən barış və sülh xətti olmasının müsbət qəbul olunduğu qənaətini bölüşürəm. Türkiyə Cumhuriyyəti və Azərbaycanın da siyasətində Cənubi Qafqazda, xüsusilə Gürcüstanla münasibətlərində sağlam əsaslı müttəfiq qonşuluq siyasəti aparıcıdır. Bu baxımdan TÜRKSOY-un Borçalı elinə, onun mədəniyyətinə, elm adamlarınına diqqət ayırmaları və rəsmi statusa daxil eləmələri alqışlanmalıdır.  Çıxış və məruzələrdə Gürcüstana ehtiramın zaman-zaman vurğulanması da buna əyani sübutdur. Biz Gürcüstanın bütövlüyündə və güclü olmaslında maraqlı olduğumuzu hər yerdə olduğu kimi burada da xüsusi olaraq vurğulamağı borcumuz saydıq. Açığı Borçalı Cəmiyyətini yaxından tanıyan, TÜRKSOY-un əməkdaşı olan Cavid Mövsümlü bəyin bu layihənin həyata vəsiqə qazanmasında fədakarlığını xüsusi qeyd etməliyəm.

Sizcə TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Borçalı elini və bu coğrafiyanın mədəniyyətini Türkiyə toplumuna nə dərəcədə çatdıra bildi?

Məncə, heç bir şişirtmə etmədən deməliyəm ki, TüÜRKSOY-un bu layihəyə əl qoyması Borçalı Türklərinin tarixində əlamətdar hadisədir. Borçalının mədəni məişətinin tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçsə də, Borçalı kökənli elm adamlarının, xüsusilə elmi və insani keyfiyyətləri ilə hər kəsin rəğbətini qazanmış Prof. Camal Mustafayevlə bu layihəyə stat verilməsi unikal və XXI əsr zehniyyətinə uyğun yanaşma olmaqla, yeni yanaşmadır və davamlı olmasında fayda var. TÜRKSOY-un baş katibi hörmətli Prof. Düsen Kaseinovun şəxsən özünün Borçalı heyətinin şərəfinə ziyafətlə qarşılaması bu təşkilatın türk dünyasının bir parçası olan Borçalı elinə və şəxsimizə ehtiramının nümunəsi idi. Bildiyiniz kimi, TÜRKSOY-un himayəsi ilə “Prof. Camal Mustafayev və Borçalı” başlıqlı konfransları 25 sentyabrda Ankarada TÜRKSOY-un mərkəzi qərərgahının konfrans zalında, 26 sentyabrda Eskişehirde Anadolu Universitetinin konfrans zalında, sentyabrın 28-də isə Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin Ördəkli Kültür Mərkəzində yüksək səviyyədə  təşkil edildi. Başkənd Ankaradakı konfrans zirvə, ilkin təqdimat idi. Hörmətli Düsen Kaseinovun, TBMM üzvü, AK-partiyadan İstanbul Millət Vəkili, Türkiyə-Azırbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri hörmətli Şamil Ayrımın, Türkiyə Cumhuriyyəti Cumhurbaşkanı baş müşaviri hörmətli Yalçın Topçu bəyin, bilim və sənət adamlarının konfransa qatılması çox şey demək idi. İlkin başlanğıc çox mükəmməl oldu. Azərbaycan və Türkiyə mediasının bəlli bir kəsimi bu layihənin işıqlandırılmasına diqqət ayırdı. İnanıram ki, gələcəkdə Borçalı mədəniyyətinin, toplumun varlığını daha dolğun tanıtmaq üçün birgə layihələrimiz olacaqdır. Bəzi yerlərdə hətta görəvlilərin “mən Borçalını indi tanıdım” ifadələri bu zərurəti yaradır. O həqiqətdir ki, Düsen Kaseinov və TÜRKSOY ailəsi Borçalı tarixinə qızıl hərflərlə yazılacaq işə imza atdılar. Bu layihə Borçalı elinin Türkiyə siyasi eltasına transformasiya olunması üçün mühüm mərhələ oldu.

Zəlimxan bəy, sizin fikrinizcə rəhbərliyiniz altında Türkiyəyə gedən Borçalı elinin incəsənət nümayəndələri Türkiyədə təşkil olunan tədbirlərdə bölgənin zənqin mədəniyyətini yetərincə təbliğ və təqdim edə bildimi?

Borçalı heyəti Gürcüstandan şair Osman Əhmədoğlu, “Sarvan” milli folklor rəqs qrupu üzvləri Aygün Həsənova, Orxan Məmmədov və aşıq Nargilə Mehtiyeva ilə, Azərbaycandan mən, Borçalı Cəmiyyətinin yetkilisi Rüfət Muradlı, ustad aşıq Tərmeyxan Qurbanov və Türkiyədən isə Borçalı kökənli aşıq Səlahəddin Dündarla təmsil olunduq. Heyətimizin hər bir üzvü çox səliqəli davranışları və yüksən profesional səhnə mədəniyyəti ilə yadda qaldı. Bu ilkindir. Uğurludur. Borçalı elinin mədəniyyətini nümayiş etdirmək üçün ayrıca aşıqların konsertini, dastan yaradıcılığını, deyişmələri, folklorumuzda daha böyük rəqs qrupu ilə daha möhtəşəm rəqs nümunələri, mədəni məişət nümunələri, o cümlədən klassik və xalq musiqi nümunələri nümayiş etdirmək üçün geniş imkanlarımız var. Sağlıq olsun, TÜRKSOY təşkilatının himayədarlığı ilə Türkiyədə “Borçalı günləri” adlı tədbirlər proqramı işləmək, gerçəkləşdirməyə nail olacağımıza inanıram. Çünki TÜRKSOY ailəsini və dəyərli dostumuz hörmətli Düsen bəyi gerçək Türk sevdalısı və bəşəri dəyərlərə sayğılı zehniyyət sahibləri kimi tanıdıq. Təbiii ki, tədbirə diqqət ayıran media quruluşlarına təşəkkürümüzü bildirməklə susqun olanların da gələcəkdə bu projeyə yüksək həssaslıq göstərəcəklərinə ümid edirik.

Borçalı türklüyü Türkiyədə rəsmi dairələr tərəfindən necə qarşılandı?

Konfranslar boyu TÜRKSOY ailəsinin sanki Borçalı ailəsinin üzvləri kimi isti münasibətlərini, xüsusilə baş katibin köməkçisi Prof. Fırat Purtaş bəyin və əməkdaşlarının ehtiramını xüsusi qeyd etməliyəm. İstər Eskişehirdə Anadolu Universitetinin rektoru hörmətli  Prof. Şafak Ertan Çomaklı, “Türk Dünyası Bilim, Kültür və Sənət Mərkəzi”nin rəhbəri Dr. Mehmet Topal, Eskişehir Azərbaycanlılar Dərnəyinin başkanı Cavid Aydın, Bursada Osmanqazi Bələdiyyəsinin başkanı Mustafa Dündar bizə yüksək diqqət ayırdıqları üçün təşəkkür edirəm. Sanki biz öz evimizdə idik. Borçalı heyəti ilk dəfə olaraq Türkiyə Cumhurbaşkanlığına, Külliyəyə ayaq basdı. Ayağı sayalı olsun. Türkiyə Cumhuriyyətinin zəfəri şərəfinə ziyarət nəsibimiz olsun. Cümhurbaşkanı baş müşaviri Yalçı Topçu bəyəfəndimiz Külliyədə Borçalı heyətinin çox yüksək səviyyədə və çox yüksək ehtiramla qarşıladı. Təşəkkür edir və uğurlar arzulayıram. Kökəncə eyni coğrafyadan olan millət vəkili çox hörmətli Şamil Ayrımın da ehtiramını xüsusi qeyd edirəm. Hesab edirəm ki, TBMM-də Borçalı üçün çalışacaq doğma millət vəkilimiz var.

Səfərdə ən yadda qalan məqamları oxucularımızla bölüşə bilərsinizmi?

Bu səfər bir dastandı. Yazıldı və yazılacaq da. Həm də bir cığırdı. Bu böyük yola çevriləcək, inşallah. Hər anımız xoş xatirələrə dönüb. İlk olaraq Türk dünyasının aydın ağsaqqallarından olan Düsen bəyin yüksək mədəniyyəti diqqətimizdədir. Anadolu Universitetinin rektoru ilə görüşümüzdə Borçalı gəncliyinin təhsil problemləri ilə bağlı dialoqumuz və prinsipial razılığımız xoş ovqat yaradan hadisədir. Borçalı gəncliyi çağdaş zamanın tələblərinə uyğun təhsil almalı, dünyanı daha dərindən öyrənməlidirlər və hamımız bu işdə onlara dəstək olmalıyıq. Bundan sonra gəzdiyimiz tarixi abidələr, anıt qəbrini, M.Ə.Rəsulzadənin qəbrini ziyarət zamanı aldığımız enerji əvəzssizdir. Şəxsim üçün mübarizə, eşq, dəyanət, cəsarət simvolu olan Suleyman şah oğlu Ertoğrul Qazinin Söyütlüdə uyuyan qəbrini ziyarət etdiyim anlar keçirdiyim hisslər hələ də məni tərk etmir. Onun ruhu bizi bütün anlamlarda döyüşə, zəfərə səsləyir. Belə olarıqsa gerçəkdən XXI əsr Türk, Ədalət əsri olmalıdır və olacaq da.

Ən xoş təəssüratım həm də ellimiz, Türkiyədə çox tanınmış olan heykəltaraş Səid Rüstəm bəyin ev-emalatxanasında onun ailəsinin qonağı olduğumuz oldu. Qurudlu xəngəllə ruhani söhbətimiz və ruhani havasında yola davam qərarımız, həmin ocağı Borçalı ocağı kimi rəsmiləşdirməyimiz gözəl duyğulu anlar yaşatdı. Səid bəyə, xanımına təşəkkür edirəm. Eyni zamanda Konfransda aşıqlıq sənətinin mahiyyəti, ruhani gücü haqda gözəl məruzə edən Ankara Yıldırım Bəyazid Universitetinin müəllimi Dr. Oğuzxan Aydın bəyə, Anadoluda aşıqlıq sənətini yaşadan aşıq Səlahəddin Dündar bəyə, bizim programın təşkilatçısı və kordinatoru Cavid Mövsümlü bəyə sonsuz təşəkkürlərimizi bildirirəm. Ümumiyyətlə biz millət olaraq çalışmağa, yorulmadan yaratmağa, harada millətimiz varsa onun yanında olmağa tələsməliyik. Çox işləməliyik. Onda mükafatımız zəfər olacaq. Allah qismət eləsin.

Mövlud