Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhinə rəsmi Bakı reaksiya verib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Rusiya tərəfinin “münaqişənin bütün tərəfləri” ifadəsini işlətməsi təəccüb doğurur.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN münaqişənin iki tərəfi olduğunu (Ermənistan və Azərbaycan) yaxşı bilir.

“ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub.

Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.  

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır”-deyə bildirilib.

Xatırladaq ki, Rusiya XİN-dən Trend-ə verilən məlumata görə, Qarabağla bağlı aksiyanın təşkilatçıları onlara müraciət etməyiblər:

“Ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir. Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”.