«Bəzən qiymətli saat da dil açıb danışır…» – Rüfət Aslanlının zamanını dolduran səbəblər… – FOTOLAR, VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının səlahiyyətlərinin əlindən alınması çoxları üçün gözlənilən oldu: quruma rəhbərliyin uzun müddət əvvəldən icraçıya direktora verildiyi, Direktorlar Şurası sədrinin formal rəhbər statusunda olduğu əksəriyyətə bəlli idi.

R.Aslanlının formal səlahiyyətlərinə də xitam verilməsindən həftələrlə vaxt keçsə də, bu hadisənin müzakirəsi hələ də davam etməkdədir. Mediada onun Palata rəhbərliyindən uzaqlaşdırılmasının səbəbləri barədə çoxsaylı versiyalar səsləndirilir: bunun hakimiyyətdaxili qrup mübarizəsinin nəticəsi olduğu deyənlər də var, R.Aslanlının özünü davranışlarından qaynaqlandığını, onun vəzifəsinin öhdəsindən gələ bilmədiyini bildirənlər də.

Reallıqda isə Aslanlının vəzifəsinin yerli-dibli ləğv edilməsinin köklü səbəblərini iki qrupa ayırmaq mümkündür. Birinci qrupa bank sektorunda yaranmış böhranın önlənməsi üçün Palatanın atdığı addımların effektiv olmaması, problemin indiyədək davam etməsini aid etmək olar. Bu sahədə vəziyyət o həddə çatmışdı ki, hətta Avropa Birliyi Palatanın maliyyə-bank sektorunda yürütdüyü siyasətdən narazılığını bildirmişdi. Belə ki, Azərbaycanda işləyən Avropa şirkətləri Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini sərt tənqidə məruz qoydular.

Avropa Birliyinin “Azərbaycanda biznes-mühiti -2018” hesabatına görə, iqtisadiyyatın sabitləşməsinə və daha müsbət iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: “Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaraq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ildə, ümumilikdə, bank sektorunun mənfəət əldə etməsinə baxmayaraq, 19 bankdan 11-i ili zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) müstəqilliyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMSA tərəfindən həyata keçirilən siyasət və tədbirləri effektiv saymır”.

Göründüyü kimi, ölkənin bank sektorundakı problemlər beynəlxalq qurumları da ciddi narahat edirdi. Halbuki məhz həmin problemləri aradan qaldırmaq məqsədilə vəzifəyə gətirilən, istədiyi bütün səlahiyyətlər verilən, maliyyə-bank sektorunda əsas söz sahibinə çevrilən R.Aslanlı daha çox öz əyləncələri barədə düşünürdü. Onun 1 şüşəsi 3 min avroya olmaqla öz adına Fransada şərab buraxdırması, xüsusi ailə gerbi yaratması, əyləncəli məclislərə meylli olması, özünə yüksək əmək haqqı müəyyənləşdirməsi və sair faktlar elə Palataya rəhbərlik etdiyi dövrdə mətbuat gündəminə gəlmişdi. Vəzifəsi ləğv edildikdən sonra da R.Aslanlının dəbdəbə həvəsini sübut edən faktlar yayılmaqdadır.

Bir neçə gün əvvəl mətbuatda Palata sədri olarkən işə dəyəri 150 min dollar olan idman maşınında gəlməsini əks etdirən videogörüntülər yayıldı. Həmin görüntüdə R.Aslanlının göy rəngli idman avtomobilini hökumət nömrəsi olan daha bir bahalı avtomobilin müşayiət etdiyi aydın olur. Həmin avtomobil yəqin ki, Palatadan ayrılan maşındır.

Virtualaz.org-un redaksiyasının ekspertlərin köməyi ilə apardığı kiçik araşdırma aydınlaşdırıb ki, R.Aslanlının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür. Belə ki, CBS telekanalına müsahibələrinin birində o, kamera qarşısına “Parmigiani Fleurier Kalpa”nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə R.Aslanlının qolunda “Tourbillon”un 200 min dollar dəyəri olan saatını görmək olar.

Bundan əlavə, R.Aslanlı şəxsi iş kabinetində kamera qarşısında “Patek Philippe Nautilus”un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Onun “Vacheron Constantin Perpertual”dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır.

Bu məlumatlar göstərir ki, R.Aslanlının xərcləmələri nə əvvəlki məmur qazancına, nə də elə Palataya rəhbərlik etdiyi qısamüddətli dövrdəki qanuni gəlirinə uyğun olmayıb. Məsələ burasındadır ki, keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri olarkən R.Aslanlı dövlət məmuru idi. Bu isə onun hər hansı biznes fəaliyyətini istisna edən bir statusdur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Bundan əlavə,  dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Bu, o deməkdir ki, R.Aslanlı Palataya rəhbərlikdən əvvəl 150-200 min dollarlıq avtomobil sürməsini, dəyəri bir neçə on min dollarlarla ölçülən saatlar taxmasını təbii edən sahədə çalışmayıb – necə deyərlər, sadə dövlət qulluqçusu olub. Hansı ki, o dövlət qulluqçusunun işə idman avtomobilində gəlməsi, bir-birindən bahalı saatlarını nümayiş etdirməsi ən azından etik baxımdan mümkün deyildi.

Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət qurumu olmadığı üçün onun rəhbəri də dövlət məmuru hesab olunmur. Bəlkə də elə buna görə R.Aslanlı dəbdəbə həvəsini açıq-aşkar büruzə verməkdən çəkinmirdi. Ölkənin iqtisadi çətinliklərlə üzləşdiyi, kreditlərə görə banklarla əhali üz-üzə gəldiyi bir zamanda Palata rəhbəri dəbdəbənin zirvəsinə can atırdı. Onun vəzifəsi ilə birlikdə aradan qaldırılmasının ən mühüm səbəbi bəlkə də elə bu oldu. Xüsusilə avtoş qaqaşlar kimi işə bahalı idman avtomobilində gəlmək, Fransadan xüsusi şərab sifariş etmək, qoluna gündə bir bahalı saat taxmaq kimi şakərləri onu ölkə rəhbərliyinin nəzərindən salan əsas amillər idi. R.Aslanlı prezidentin özünü harın aparan məmurlara dəfələrlə ünvanladığı xəbərdarlıqları da nəzərə almadı. Sonucu isə əlbəttə, özü üçün yaxşı olmadı.   /Yeni Müsavat/