Doğu Türküstandan Batı Hunqaryayacan DGTYB – 20

20 il öncə bu ismi oluşdurmağın, adın mahiyyətinin fərqində olmağın özü belə zor bir iş idi. Türk ədəbi gəncliyinin xoş halına ki, bu zor işi kolay edə bilənlər ortaya atıldı. Və ilk baxışda mümkün olmadığı zənn edilən bu birlik quruldu.

Qurulmağının ardınca böyük türk düşünürü İsmayıl bəy Qaspıralının “Dildə, fkirdə, işdə birlik” ülküsünü özünə sancaq edərək sözbəsöz öz adına yiyələndi. Doğu Türküstandan tutmuş batı Hunqaryayacan, Ata Yurd Orta Asiyadan tutmuş Sibiryaya qədər, eyni zamanda dünyanın dörd qitəsinə səpələnmiş bütün gənc türk yazarlarını bir araya gətirə bilən bir qurum oldu. Bu qutlu Birliyə ilişkilərim o zaman hələ gənclik yaşı hesab edilən 35 yaşıma təsadüf etdi. İndi 55-dəyəm. O zaman-bu zaman həmişə dünyanın gənc türk yazarlarıyla bir yaradıcılıq və ülkü ortamını bölüşürəm; türlü türk ləhcələrində yazıb-yaradan yazarlarla ədəbiyyat ortaqlığım var. İndiyəcən bir neçə dəfə türlü türk cümhuriyyətlərində ortaq ədəbiyyatımız adına düzənlənmiş simpoziumlara, şeir şölənlərinə qatılmışam, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə bir çox kitablar uyğunlaşdırıb, qazax, özbək, qırğız yazarlarının əsərlərini Azərbaycan türkcəsinə çevirmişəm və s. 7 bağımsız dövlət, daha 29 dövlət və topluluqdan oluşan türk dünyasının hər yerindən, ən azından qiyabi tanıdığım yazıçı dost­larım var. İndiyəcən sorunlarımız az olmayıb. Ancaq hədəf bəlli oldu­ğundan, bu hədəfə doğru sevdalandığımızdan dolayı çalışmalarımız conucda başarılı ol­maqdadır. Söylədiklərimin əsl həqiqət olduğunu bilmək istəyənlər DGTYB-nin hər kəsə açıq olan 20 illik fəaliyyətinə – ən azından indiyəcən nəşr etdiyi  al­manaxlara, antologiyalara və gerçəkləşdirilmiş digər uluslararası layihələrin formatına nəzər yetirsə bunun tanığı olar…

Bir neçə ildir, DGTYB-nin Ekspertlər qrupunun başçısıyam. Mənə güvəndikləri üçün gənc yazarlara minnətdaram və üzərimə düşən görəvi doğrultmağa çalışıram. Mən türk gəncliyinin parlaq gələcəyinə, o cümlədən türk ədəbi gəncliyinin dünyanın ədəbi arenasında həmişə öncüllər sırasında olacağına əminəm. Yeni nəsil türk ədiblərinin qələmə aldığı əsərlər bunu söyləməyə əsas verir.

Və əlbəttə ki, bu 20 il ərzində DGTYB-nin sorumluluğunu daşıyan, onun Gənəş (Məsləhət Şurası) başqanlığını yürüdən, türk dünyası yazarlarının yaxşı tanıdığı, qəbul etdiyi, ictimai xadim, şair-publisist, araş­dır­maçı, Azərbaycan, Qazaxıstan və Qırğız Respublikasının medalları, digər türksoylu ölkə və topluluqların, eləcə də, TÜRKSOY-un “Fəxri fərman”ları ilə təltif edilmiş Əkbər Qoşalının xidmətlərini ayrıca qeyd etməyi özümə borc bilirəm. Yeniyetməliyindən başlayıb bütün gəncliyini bu qutlu yola həsr etmiş sayın başqanımız başda olmaqla bütün türk ədəbi gəncliyini DGTYB-nin 20 yaşı münasibəti ilə təbrik edir, adına ən xoş diləklərimi ismarlayıram!

Sevgi və sayğılarla,

 İbrahim İLYASLI,

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru,

DGTYB Ekspertlər qrupunun başçısı,

Türk Ədəbiyyatı Vəqfının fəxri üyəsi