Mən Onu ölümsüz sanırdım…

Qarabağ işğalda qaldıqca Etimad Əsədovun ruhu rahat olmayacaq!
Könül Quliyeva 
Həyatımın hər dönəmində çox ağır itkilərim olub. Məni həyata gətirən valideynlərimi, çətin anlarımda üz tutduğum qohumlarımı, dərdlərimi bölüşdüyüm dostlarımı itirmişəm. İllər keçsə də itkilərin yeri heç vaxt dolmur. Həmişə qəlbinin dərinliklərində sanki kimisə gözləyirsən…
Dünən səhər gözümü növbəti bəd xəbərlə açdım. Həyatda böyük dəyər verdiyim, güvəndiyim ölümsüz bir insanın ölüm xəbəri ilə diksindim. Amansız “xərçəng” öz xəncəri ilə onun ciyərini oyub apardı. Etimad Əsədovun bu dünyadan vaxtsiz gedişi məni çox sarsıtdı. Sinəsini odlara sipər edən bu cəngavərin yoxluğu hərəmizi bir cür göynədir. O, mənim üçün başdan-ayağa vətən idi. Aramızda gəzən şəhid kimi baxırdım ona…
Dünən onun ölüm xəbərini oxuyanda, bir anlıq gözümün qarşısında dayandı. Son illər hər məni gördüyündə “xətrinə dəyən yoxdur ki?” sualını elə ötkəm verirdi ki, sanki belə bir hal olsaydı, onu anındaca həll edəcəkdi. Etimad bəyin təbəssümlü çöhrəsini gözümün önünə gətirəndə hönkürtü ilə ağlamaq imdadıma yetdı… Mən Qarabağ Qaziləri Birliyinin sıralarına qoşulanda tələbə idim. Ailəmizdəki maddi sıxıntılara görə çalışmaq və ən azı öz ehtiyaclarımı ödəmək istəyirdim. Üz tutduğum bir neçə yerlərdə cəmi 1-2 ay çalışıb peşimançılıq hissi ilə uzaqlaşmışdım. Kiməsə sevinclə deyəndə ki, “mən artıq Qarabağ Qazilər Birliyinin mətbuat xidməti kimi çalışıram”, əksəriyyətdən aldığım cavab bu olurdu ki, yəqin ordan da 1 aya çıxarsan. Doğrusu içimdə qəribə bir qorxu, təşviş yaranmışdı. Hardasa davamlı olaraq işləyə biləcəyimə özüm də inanmırdım. Ancaq qaldım və inandım. İş həyatımda ilk olaraq qeyrətli, namuslu, əqidəli, vətənpərvər və bütöv xarakterli ərənləri mən o cəmiyyətin sıralarında gördüm. Bəlkə də vətəni, torpağı bu qədər sevməyi, haqsızlığa qarşı susmamağı mən onlardan öyrəndim. Ictimai-siyasi fikirlərimin formalaşması, az-çox cəmiyyətə atılmağım məhz onların sayəsində oldu. Onlar həm də məni öz övladları kimi sevib, qoruyub, qayğımı çəkərdilər. Hətta bəzi doğmalarımdan daha ötə oldular. Hər kəsdən qorudular, bir sözlə mənə ata, qardaş, əmi, dayı oldular. Etiraf edim ki, məni Etimad Əsədov və digər qazilər ərkəyün etmişdilər. Ondan sonra elə düşünürdüm ki, işlədiyim hər yerdə hər kəs nazımı çəkməli, qayğı göstərməli, iş rejimini pozduqda göz yummalı, görməzdən gəlməlidir. Bir dəfə də olsun çalışdığım otağın qapısını açmaz, nə zaman gəlib nə zaman getdiyimi soruşmazdı. Bir gün dəhlizdən keçəndə iş otağımda bir neçə qazinin çay içib, siqaret çəkdiyini görəndə elə həmin gün onlara bizim otağa girmələrini qadağan etmişdi. “Çay və siqaret üçün çayxana var, qadını-qızı incitməyin” demişdi. Orada heç kəs xətrimə dəyə bilməzdi.
2003-cü il 15 oktyabr hadisələri zamanı həbs edildikdə hər gün gizlincə otağımda için-için ağlayardım. Növbəti arxa-dayağımı itirdiyim üçün özümü kimsəsiz hiss edirdim. Amma bir təsəllim, bir ümidim var idi ki, o, 3 il, 5 il sonra olsa da dönəcək… Dünən isə bu xəbərə tam təslim olmuşdum. Hönkürtümə özüm diksinirdim. Çünki onun nə zamansa dönəcəyinə nə təsəllim, nə də ümidim qalmışdı. Qəhrəmanım bu dəfə əbədi yolçuluğuna çıxmışdı. Bir daha dönməmək yolunda əbədiyyətə yürüyürdü… 25 il öncə vətən torpağına qarışan ayağına qovuşmaq üçün həmişəlik getdi. Şəhidlik zirvəsində olan qardaşları ilə görüşə tələsdi. Bu yaxınlarda Təbriz şəhərində olanda, Etimad bəyin müayinəsinin cavablarını da özümüzlə aparmışdıq. Analizlərə baxan iki təcrübəli həkimin sözləri həmin an qulaqlarımda əks-səda vermişdi. “Bu insanın ömrünün sonuna ən çoxu 6 ay qalıb”- deyəndə inanmaq istəməmişdim. “Bəlkə həkim yanılır” deyərək özümə təsəlli vermişdim. Onun öləcəyinə qətiyyən inana bilmirdim. Bunu yaxına buraxmaq istəmirdim. Qəhrəmanımızı ölümsüz sanırdım…
Etimad bəy bizi cismən tərk etsə də, ruhən yanımızdadır, ürəyimizdəki əvəzolunmaz yerini kimsə doldura bilməz. Onu kimsə əvəz etməyəcək, boşluğunu doldurmayacaq. Nə qədər ki uğrunda canını fəda etdiyi doğma Qarabağı, Ağdamı işğal altındadır, məzarinda rahat uyumayacaq. Sənin nakam arzularını bir gün bu vətənin cəsur övladları mütləq yerinə yetirəcək. Məzarında rahat uyu qəhrəman qardaşım.
Başınız sağ olsun, Qazi qardaşlarım!
Vətən torpağının azadlığına hazırlaşın, vətən oğulları!