Sürüşmənin Bakıya yaradacağı fəsadlar – HƏYƏCAN təbili çalındı

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə ocağında aktivlik qalmaqdadır. Rəsmi qurumların dediyinə görə hələ ki, sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Maraqlıdır, sürüşmə ocağında daha ağır fəsadlar ola bilərmi? 

Turkustan.info bildirir ki, memar Zenfira Budaqova Cebhe.info-ya açıqlamasında bunun mümkün olduğunu deyib: 

“Əlbəttə ki, yağış yağsa sürüşmələr dərinləşə  və arta bilər. Hələki hava və torpaq quru olduğu üçün xırda çatlar əmələ gəlir. Hava və torpaq nəmləşəndən sonra vəziyyət dəyişəcək və gərginlik artacaq”. 

Memarın sözlərinə görə,  Badamdardakı sürüşməyə əsas səbəb yeraltı suların qalxmasıdır: 

“Abşeron yarımadası gil üzərində olduğu üçün dənizə yaxın ərazilərdə hündürmərtəbəli tikililərə yol verilməməlidir. Ona görə də vəziyyət getdikcə çətinləşir”. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin sabiq müdiri, memar Cahangir Qocayev isə deyib ki, sürüşməyə səbəb tikinti normalarına riayət edilməməsi və yerin düzgün seçilməməsidir: 

“Sürüşmə ocağında daha ağır fəsadların baş verməməsi üçün ərazidə texniki tədbirlər görülməlidir. Amma əksər hallarda buna əməl edilmir. Bayıldakı sürüşmənin qarşısını gördünüzmü necə aldılar? Biz deyənləri sonra yaponlar da gəlib dedilər. O vaxt həmin ərazidəki sürüşmənin qarşısını almaq üçün Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tədbir görəcəklərini dedilər. Onlara dedim ki, siz həyatınızda yamac sürüşməsinin qarşısını almısız? Dedilər “yox”… Dedim o zaman niyə Abid müəllimi aldadırsız? Ona görə də deyirəm ki, əraziyə peşəkar baxış keçirilməli və rəy verilməlidir. İlk növbədə isə oradakı yamacın mailliyinə nəzər yetirmək lazımdır. Bildirirlər ki, əraziyə müdaxilə etmək olmaz. Onda yanğınsöndürənlər də özlərini təhlükəyə atıb çağırışa gedirlər. Belə çıxır ki, onlar da işlərini görməsinlər. Təbii ki, sürüşmə ocağına başqa sahənin insanları gedə bilməz. Amma peşəkar geoloqlar ərazidə baxış keçirməli və həlli mexanizmini deməlidirlər”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, sürüşmə ocağında daha ağır fəsadlar, hətta uçqunlar baş verə bilər: 

“Badamdarda vəziyyət gərgin olaraq qalır. Sürüşmə prosesi tam başa çatmayıb. Bu gün səhər ərazidə olmuşuq və müəyyən dəyişikliklər müşahidə etmişik. Müəyyən çatlarda genişlənmə var. Yuxarı hissələrdəki uçqunlar bir qədər də artıb. Asfalt örtüyünə torpaq qatı tökülmüşdü ki, bunun özündə də 20-30 sm irəliləmə var”. Qurum rəsmisi əlavə edib ki, sürüşmə ocağında çoxsaylı çatlar var ki, leysan baş verərsə, həmin çatlara su asanlıqla daxil olacaq: “Bunun da nəticəsində ağırlaşmalar artacaq. Hətta çoxsaylı torpaq qatı olan hissədə uçqunlar da baş verə bilər”.