Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib.

Turkustan.info xəbər verir ki, toplantıda Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Şuranın yaradılması cənab prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunmasındakı rolunun artırılmasıyla bağlı siyasi iradəsinin təzahürüdür.

Katibliyin icraçı direktoru deyib ki, Azərbaycanın milli maraqlarının ölkəmizdə və xaricdə müdafiəsi, Azərbaycan haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər indiyədək müxtəlif ölkələrdə yüzlərlə layihə həyata keçirib.

Şura üzvü Sahib Məmmədov ölkəmizdə QHT-lərin keçdiyi inkişaf yolundan danışaraq Şuranın yaranmasından sonra onların cəmiyyəti narahat edən ictimai problemlərin həllində və milli maraqlarımızın qorunmasında mühüm aktorlara çevrildiyini deyib.

Ucar rayon icra hakimiyyətinin başçısısının müavini Şəhla Abdulayeva QHT-lərin ictimai problemlərin həllində mühüm rola malik olduğunu bidirib. O, regionlarda ictimai birliklərin fəaliyyətinin xüsusi ilə faydalı olduğunu deyib. Ş. Abdullayeva Şuranın dəstəyilə QHT-lərinin milli maraqlarımızın qorunması işində göstərdiyi fəallığın təqdirəlayiq olduğunu vurğulayıb.
Toplantıda Şuranın dəstəyilə çəkilmiş “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” filmi də nümayiş etdirilib.
Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.