Azərbaycanın qadağa siyahısı: NƏLƏR VAR?

Akif Nəsirli: “Azərbaycanda qeyri-neft sektorunun istehsalı zəif inkişaf etdiyindən, hələlik hansısa məhsulun ölkəyə idxalına kvota və ya embarqo qoyulmayıb”

Azərbaycana idxalı məhdudlaşdırılmış və qadağan edilmiş mallar Mülki Məcəllə ilə tənzimlənir. Qanun ümumilikdə 18 adda və növdə məhsulların ölkəyə gətirilməsini qadağan edir. Bu qadağalar isə sırf təhlükəsizlik məsələləri ilə bağlıdır. Qanunvericilikdə ölkədə istehsalı çox olduğu üçün hansısa mala və ya məhsula qadağa yoxdur. Türkiyədə fındıq, qarğıdalı, pomidor və soya kimi kənd təsərrüfatı məhsullarının idxalı qanunla qadağandır. Çünki adıçəkilən məhsullar daxili bazarın tələbatını ödəyir və bu zaman yerdə qalan məhsulun xarici bazarlara çıxışı şərtlənir.

Hazırda Azərbaycanın əsas ixrac potensiallı 6 adda kənd təsərrüfatı məhsulu var. Bunlar pomidor, fındıq, xurma, alma, albalı-gilas və soğandır. Son məlumatlara görə, 6 məhsul üzrə ölkənin ixracdan qazandığı vəsait 428 milyon dollardan artıqdır. Amma bununla yanaşı, Azərbaycana adıçəkilən kənd təsərrüfatı məhsullarının ixracı da olur. Bu, Azərbaycana neft ixrac olunması kimi absurddur. 

Məlumdur ki, Azərbaycan əsasən, neft ixracatçısı kimi tanınan bir ölkədir. Buna baxmayaraq, ölkəmizdə neft və neft məhsulları haqqında qanun yoxdur. Qanunda sadəcə qeyd olunur ki, neft strateji məhsuldur və onun qiyməti dövlət tərəfindən təyin olunur. Azərbaycana sürtgü yağları, premium markalı benzin və.s adda neft məhsullar xaricdən gətirilir. Vaxtı ilə neft və neft məhsulları haqqında qanun Milli Məclisə təqdim olunsa da, qəbul olunmayıb.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət”ə bildirib ki, qanunvericilik Azərbaycana neft və neft məsullarının idxalını, markalanmasını, ölkəyə daşınmasını, saxlanılmasını və satışını qadağan etmir:

“Yalnız ölkə ərazisinə idxal olunmuş hər bir neft məhsuluna aksiz vergisi dərəcəsi var. Baxmayaraq ki, Azərbaycana özü neft ixracatçısıdır, amma bununla yanaşı, ölkəyə neft idxalı da ola bilər. Azərbaycanda neft və qaz haqqında qanun yoxdur”.

İddialara görə elə məhsullar var ki, böyük dövlətlərin təzyiqi ilə məcburi şəkildə idxal etdirilir. Azərbaycanda tekstil sənayesi heç vaxt inkişaf etməyəcək. Çünki Türkiyə, Çin kimi tekstil sənayesi inkişaf etmiş ölkələrdə həmin malların alınması artıq şərtdir. Tutaq ki, Rusiyanın qoyduğu kvota çərçivəsində elektrik avadanlıqları alınmalıdır.
Bu gün Qazaxıstanla Çin arasındakı ticarət dövriyyəsinin həcmi 18 milyard dolları ötüb. Bu isə Qazaxıstanın xarici ticarət dövriyyəsində ən böyük göstərici hesab olunur. Buna görə də Qazaxıstan müxalifəti bildirir ki, prezident Nursultan Nazarbayev kürsüdən gedəndən sonra ölkə Çinin iqtisadi əsarətindən qurtarılmalıdır. Yəni, hazırda Qazaxıstanın inkişafından danışılsa da,  əslində ölkə Çin tərəfindən “işğal” olunub, iqtisadi ekspansiyaya məruz qalıb. Məhsulların idxal olunmasında böyük dövlətlərin ölkələrə təzyiq amili də mühüm rol oynayır. Azərbaycanda da bu siyasəti həyata keçirmək istədilər. Çin şirkətləri çəltik becərmək üçün Azərbaycanın cənub bölgəsində torpaqları icarəyə götürmək istəsə də, hökumət buna razılıq vermədi.

İranın kənd təsərrüfatı məhsulları insan orqanizmi üçün çox təhlükəli hesab olunur. Azərbaycan mümkün qədər çalışıb ərzaq təhlükəsizliyi baxımından bu məhsullardan uzaq olmalıdır. Cənub bölgəsinin əhalisi kasıbdır, öz tələbatını ödəmək üçün İrandan ərzaq məhsulları gətirirlər. Sanksiyalar altında qalan İran pul qazanmaq üçün öz məhsullarını Azərbaycanın almasına məcbur edir.

Azərbaycan heç vaxt nərə balığını və yaxud onun kürüsünü idxal edə bilməz. Çünki dünyanın başqa yerində nərə balığı yetişmir. Bu balığın özünü və kürüsünü yalnız Xəzəryanı dövlətlər kvota ilə ixrac edir. Elə məhsullar var ki, onun ixracı da, satışı da yalnız Azərbaycana məxsusdur. Amma elə məhsullar da var ki, onu idxal etməyə məcburuq. Burada məsələlər fərqlidir. Azərbaycanda tut yetişir, amma buna baxmayaraq, 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən 1 milyon ədəd tut tingi gətirilmişdi. Ümumiyyətlə, ölkənin daxili tələbatı ödənilidiyi halda, başqa ölkədən hansısa mal və məhsulun idxal olunması, şəxsi korporativ biznes maraqlarına xidmət edir və yerli istehsala ziyan vurur.

Sözügedən mövzuda “Cümhuriyət” qəzetinə danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda bu məsələlər qanunvericiliklə tənzimlənmir:

“Ölkəyə gətirilən məhsullara qadağa məsələsi makroiqtisadi idarəedici strukturlar tərəfindən tənzimlənir. 

Doğrudur, bu məsələdə bir çox addımlar qanunlaşdırılır, amma konkret qanunvericiliklə tənzimlənmir. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi ölkənin idarəetmə sistemində tənzimlənmə məsələləri ilə məşğul olmalıdır. Əslində hökumət daxili bazarı qorumaq üçün müxtəlif rıçaqları səmərəli tənzimləməlidir. Məlumdur ki, 2009-cu ildə Azərbaycana idxal olunan ərzaq buğdasına və una əlavə dəyər vergisi tətbiq edildi. Bundan əlavə, ölkəyə daxil olan mallara rüsumlar, aksiz vergisi tətbiq olundu, bir çox gömrük rüsumlarının qaldırılması ilə idxal stimullaşdırıldı. Bu, müxtəlif məqsədlərlə ölkənin gömrük keçid məntəqələrində idxalın tənzimlənməsidir. Əslində bu, bazar iqtisadiyyatının əsas rıçaqlarından biridir. Sadəcə olaraq, Azərbaycanda qeyri-neft sektorunun istehsalı zəif inkişaf etdiyindən, daxili bazarın tələbatı ödəniləcək səviyyədə deyil. Buna görə də hələlik, hansısa adda məhsulun ölkəyə idxalına kvota, embarqo qoyulmayıb. Kvota- müəyyən həddir. Tutaq ki, Azərbaycanın daxilində çay istehsal olunur. Hökumət səviyyəsində qərar verilir ki, ölkəyə 100 tondan artıq çay idxal etmək olmaz. Bu həcm keçilən kimi kvota bitir, çay idxalı da dayandırılır. Embarqo isə, ümumiyyətlə, hər hansı bir məhsulun ölkəyə idxalına qoyulan qadağadır. Azərbaycanda bunların heç biri yoxdur. Bunun da əsas səbəbi, ölkə daxilindəki istehsalın daxili bazarı tam ödəyəcək səviyyədə olmamasıdır. Buna görə də Azərbaycanda bu üsuldan və tənzimləmədən istifadə hələ ki, mümkün deyil. Hansı məhsulun idxalına qadağa qoya bilərik ki, o, ölkənin daxili bazarının tələbatını ödəyəcək qədərdir?! Bu alətlərdən istifadə etmək üçün ilk növbədə ölkənin qeyri-neft sektorunun istehsal potensialını stimullaşdırmaq lazımdır. Bu inkişaf səviyyəsi müəyyən mərhələyə gələndə, əlbəttə, Azərbaycan hökuməti də daxili bazarın qorunması üçün bu cür alətlərdən istifadə edə bilər. Bu, sadə üsuldur, sadəcə, iqtisadiyyatı bu səviyyəyə qaldırmaq lazımdır”.

Analitik Statistika Komitəsinin ərzaq buğdası ilə bağlı verdiyi rəqəmlərə də toxunub:

“İllərdir, deyirlər ki, ərzaq buğdasına olan tələbatı daxili istehsal ödəyə bilər. Yəni, daxili tələbatdan artıq ərzaq buğdası istehsal olunur. Statistika Komitəsi bir tərəfdən daxili istehsal olunan ərzaq buğdasının artmasını göstərir, digər tərəfdən xaricdən ərzaq buğdasının idxalının artdığını göstərir. Təqdim olunan statistika bir-birinə ziddir. Ya idxal şişirdilir, ya da daxildə ərzaq buğdasının istehsalı ilə bağlı deyilən fikirlər yalandır. Elə ölkələr var ki, açıq siyasət yürüdür. Yəni, sahibkarları sərbəst buraxır, ümumdaxili bazarın tələbatı həm ödənilir, həm də ixrac olunur. Amma ixrac faktı qeyd olunmadığına görə, tam əminliklə demək olar ki, Komitənin söylədiyi rəqəmlərdən biri saxtadır”.

Akif Nəsirli hesab edir ki, Türkiyə iqtisadiyyatı kifayət qədər oturuşub:

“Ölkə daxilində, hətta dünya bazarında brend olacaq markalar var. Amma “Made in Azerbaijan” ümumi ölkənin bir brendi sayılır.Heç bir ölkənin belə bir brendi olmur, brendi firmalar yaratmalıdır.Həmin firma kifayət qədər ömür yolu keçməlidir ki, bu dünyanın tələbatı olacaq məhsulun brendini yaratsın.Bu zaman o firmanın əmtəə nişanı seçilən dünya brendinə çevrilir.Azərbaycan iqtisadiyyatı hökumət tərəfindən stimullaşdırılmalıdır.Daxili istehsal kifayət qədər yüksək mərhələyə qalxmalıdır ki, biz o səviyyədən istifadə edək”.

Ərzaq təhlükəsizliyi baxımından məhdudiyyətlərə gəlincə, ekspert bildirib ki, ölkə daxilində ərzaq təhlükəsizliyinə inzibati nəzarət etmək çətin məsələdir:

“Gömrükdə idxal mallarında ərzaq təhlükəsizliyinə inzibati qaydada nəzarət etmək hökumət üçün daha asandır. Hesab edirəm ki, bunun öhdəsindən gələ bilərlər.Bəzi nöqsanlar var. Amma hazırda ölkəyə idxal olunan məhsullar daha təhlükəsizdir və daha çox nəzarət altındadır, nəinki ölkənin daxilindəki.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı, buna qədər nəzarətə başqa qurumlar məsul idi.Təbii ki, ölkənin daxilindəki AQTA-nın nəzarəti ilə gömrük arasında böyük fərq var. Gömrükdə hər bir məhsulun təhlükəsizliyinə təminat vermək mümkündür.Amma ölkə daxilində minlərlə ticarət mərkəzləri var ki, onlara inzibati qaydada nəzarət etmək mümkün deyil.Buna görə də ölkə daxilində ictimai nəzarətin gücləndirilməsin təklif edərdim”.   /Cebhe.info/