Kafelərdə zəhərlənənlər – Niyə göz yumulur? – VİDEO

Qadağan olunmasına dair qanunun qəbul olunmasına baxmayaraq qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir.

Turkustan.info xəbər verir ki, bəzi kafelərdə siqaret çəkməyi qadağan edən tablo yoxdur. Heç bu işdə kafe sahibləri də maraqlı deyil. Vəziyyətin fərqli olduğu məkanlar da var. Obyekt sahibi siqaretin çəkilməsini qadağan edən nişanları göstərir və obyektində buna icazə vermədiyini deyir.

Görünən budur ki, bəzi məkanlar istisna olmaqla, əksər obyektlərdə qadağalara məhəl qoyulmur. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva deyir ki, belə problemlərlə qarşılaşmamaq üçün 2 məqama diqqət etmək lazımdır. Güclü icra mexanizmi, maarrifləndirmə və təbliğat:

“Üzərinə qanunla vəzifələr düşən qurumlardan bizim ciddi gözləntimiz var. Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarından istifadənin qarşısının alınması üçün ciddi addımlar atmalıdırlar”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla Mirzəyeva isə ötən illərlə müqayisədə tütündən istifadə hallarının azaldığını bildirsə də, icra və nəzarət mexanizminin zəifliyini təsdiqləyir:

“Bu prosesdə Səhiyyə Nazirliyi bu məsələdə maraqlı olan digər dövlət və özəl qurumlarla birgə fəaliyyət göstərməlidir. Həm maarifləndirmə, həm də manitorinq addımları birgə icra olunmalıdır.

Parlamentin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə görə isə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya və digər audiovizual əsərlərdə tütün məmulatlarının təbliği qadağan edilir. Millət vəkilləri qadağaların yalnız sözdə qalacağı fikrindədirlər.

Millət vəkili Fəzail İbrahimli: “Onu çəkirəm içimə ləzzətlə. Burada təbliğat lazım deyil. Mənim çəkməyimin forması elə ən böyük təbliğatdır. Biz burada danışırıq, mən də tərəfdaram. Amma bu söz birləşməsi qanunun mahiyyətini tamam dəyişmir”.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qadağan edilən yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının, görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat, hüquqi şəxslər min manat cərimələnəcək.

/yenicag.az/