Səudiyyə Ərəbistanı ETİRAF ETDİ – “Kaşıkçı konsulluqda öldürülüb!”

Səudiyyə Ərəbistanı rejimi axır ki, müxalif jurnalist Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf edib. 

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatında deyilir: “Kaşıkçı İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə o həyatını itirib”.
Səudiyyə rejimi bildirir ki, Kaşıkçının ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzasını alacaq və günahkarlar məhkəmə qarşısında dayanacaq.
Hadisə ilə əlaqəli olaraq 18 səudiyyəli saxlanılıb. Lakin açıqlamada jurnalistin cəsədinin taleyi barədə məlumat verilmir.   /BakuPost/