Yandırılan qızın başına gətirilənlər – Bakıda dəhşətli olayın TƏFƏRRÜATLARI

Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb.

Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hadisə baş verən mağazanın işçisi Samir Abdullayev ifadə verib.

Şahid söyləyib ki, həmin gün Məsud əlində bir şüşə ilə içəri daxil olub və mərhumun üstünə qaçıb.

“Xanımın boğazından tutub üzünə benzin tökdü. Mən qaçıb onu ayırmaq istədim, lakin imkan vermədi. Polis çağırdıq, amma o, əlindəki alışqanla qadının üzünü yandırdı”- deyə şahid bildirib.

Məhkəmədə mərhumun anası Zülfiyə Dadaşova da dindirilib.

Ana qızının Məsud Müzəffərovla nişanlanandan sonra həmişə döyülüb, təhqir edildiyini bildirib: “Qızımın 2 dəfə də uşağı tələf oldu. Neçə dəfə onlar boşanma həddinə çatıblar. Lakin Məsud gəlib yalvarırdı. Qızımı evinə aparanda yenə döyürdü. Aytəkini Rusiyaya aparanda orada onu döyüb, təhqir edirdi. Sonra qızım onunla boşandı”.

Ana qızının Türkiyəyə nə məqsədlə getməsi sualına da cavab verib: “Qorxuduğu üçün Türkiyəyə qaçıb. Orada bir qadının evində qalıb, sonra işləyəcəkdi. Bir müddət keçəndən sonra Bakıya gəldi”.

Məhkəmə iclası oktyabrın 26-da davam etdiriləcək.

Elan olunmuş ittihamla M.Müzəffərov özün təqsirli bilib. Müzəffərov söyləyib ki, keçmiş arvadı ona xəyanət edib.

Müttəhim iddia edib ki, arvadı sosial şəbəkədə də kimləsə danışıb: “Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Dedim ki, məndən uzaq ol. Rayondan Bakıya qohumunun evinə gəlib. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum”.

Təqsirləndirilən M.Müzəffərov söyləyib ki, məqsədi arvadını tanınmaz hala salmaq olub: “Benzini onun sifətinə töküb tanınmaz hala gəlməsini istədim. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım”.

Məlum olub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.

Qeyd edək ki, hadisə bu il Bakının “Memar Əcəmi” metrostansiyasının yaxınlığında mağazada baş verib.

Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı bezinlə yandırıb.

Hadisə qısqanclıq zəminində baş verib. Aytəkin Müzəffərova ərindən ayrılaraq mağazada işləməyə başlayıb. Bundan qəzəblənən Məsud Müzəffərov Bakıya gələrək arvadını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürüb. Başına benzin tökərək əlindəki alışqanla ona od vurub.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.  /Minval.info/