“Pul qazanmağın qeyri-adi yolları”,Haram, amma pul gətirən işlər – Öz bazarını özün yarat!

“Pul qazanmağın qeyri-adi yolları”, bu başlıq altında yazacağım yazılarda müşahidə etdiyim ən qeyri-adi pul qazanma yollarından söhbət açacağam.

Bəlkə kiməsə bu yollar çirkin və haram yollar kimi gələ bilər. Bu fikirlə mən də razıyam. Amma fakt odur ki, bu üsullar istifadə olunmaqda və kimlərəsə qazanc gətirməkdədir.
    Bugün söhbət insanların iradə zəifliyindən istifadə edərək, psixoloji şantajla onlari hər hansi bir işə sövq etmək və bununla şəxsi biznesini qurmaqdan gedəcək. Bunu qısaca “Öz bazarını özün yarat” olaraq adlandırdım.
    Yəqin bu mənzərə hamıya tanışdır: Universitetin dəhlizində bir qız həyəcanlı halda sizə tərəf yaxınlaşır. Qızın əlində bir neçə kağız var. Sizə 10 metr qalmış qız tərəddüd edir. Gah sizə tərəf addımlayır, gah fikrini dəyişib bir az istiqamətini dəyişir. Sonda nəhayət qəti qərara gələrək düz sizin üstünüzə gəlir və gözünüzə baxmadan kağızın birini sizə uzadır. Siz bu kağızın nə olduğunu soruşmaq üçün ağzınızı açmaq istəyirsiniz ki, sizə macal vermədən qorxu və dəhşət dolu titrək səslə: “- Al bunu, oxumasan da al” deyərək sanki yalvarır və sürətlə sizdən uzaqlaşır. Kağızı alırsız. Vərəqdə təxminən belə yazılıb:

    ” Bu məktubu Ərəbistanlı Şeyx Əhməd yazıb. Yuxuda ona deyilib ki, bu məktubu 10 nəfərə payla. Əgər paylasan 7 gündən sonra xoşbəxt hadisə olacaq. Əgər inanmasan, məktubu bir qırağa atsan, 7 gündən sonra sənə bədbəxtlik qismət olacaq.
    Bir V. adlı biznesmen də bu məktubu 10 nəfərə payladı və 7 gün sonra o uğurlu bir iş qazandı, bütün işləri     uğurlu oldu, milyoner oldu.
    Bir A. adlı məhşur müğənni isə buna inanmadı, məktubu tulladı. 7 gündən sonra ona bədbəxtlik qismət oldu. O avtomobil qəzasında həlak oldu.
    Bu məktubu oxuyan şəxs, sən də onu 10 nəfərə payla. Əgər paylasan 7 gündən sonra xoşbəxt hadisə olacaq. Əgər inanmasan, məktubu bir qırağa atsan, 7 gündən sonra sənə bədbəxtlik qismət olacaq. “
    Bu məktub əlinə keçən insanların bir çoxu məktubda işlənən psixoloji şantajın toruna düşürlər. Və qısa bir müddət ərzində onu 10 nüsxə çoxaldaraq tanıdığı və tanımadığı şəxslərə paylayırlar. Beləcə 1 məktub, əmsalı 10 olan həndəsi silsilə ilə çoxalmağa başlayır. 1-2 gündən sonra Siz də görürsünüz ki, universitetin yarısının əlində, pəncərələrin ağzında, döşəmələrdə xeyli sayda bu məktubdan var …
    Yaxşı, bəs bu nə deməkdir ? Doğrudanmı bu məktubu Şeyx Əhməd yazıb ? Doğrudanmı əgər onu 10 nəfərə paylamasan 7 gündən sonra bədbəxt hadisə baş verəcək ? Bu sualın cavabını ən yaxşı bilən əlbəttə ki, həmin universitetin Kserokopiya aparatını işlədən şəxsdir. Əlbəttə, axı o fikirləşib bunu. Əvvəlcə bir məktub yazıb. Sonra o məktubu 5-6 yerdə tələbələrin əli çatan yerlərə yerləşdirib. Və… Tilovunu atıb balığını gözləyən balıqçılar kimi gözləri şikarının yolundadı. Həm də çox arxayındı. Çünki əvvəlcədən bilir ki, tilovuna balaca çay balığı yox, iri balina gələcək … Beləliklə, o, bununla 1-2 həftə içində çox böyük qazanc əldə edir. Qısacası, “Öz bazarını özü yaradır”.