Ayıq Sürücü Xidməti: “Bəhruz Bayramovu ayıq sürücü aparıb”- YOL POLİSİNİN YALANI ÜZƏ ÇIXDI

“Daxili İşlər Nazirliyinin  Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərlə bağlı açıqlamasında mənim barəmdə qanunazidd, obyektiv olmayan saxta məlumatlar  yer alıb”.

Turkustan.info bildirir ki, bu sözləri Gununsesi.az-a açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov BŞBPİ DYPİ-nin onun guya sərxoş halda avtomobil idarə edərkən saxlanılmasına dair açıqlamasına münasibətində bildirib.

Vəkil deyib ki, ailə üzvləri ilə birlikdə ayıq sürücü vasitəsilə yaşadığı əraziyə gəlib: “Mənzilimə bir neçə metr qalmış ayıq sürücü avtomobili saxladı. Mən də mağazaya düşüb, bəzi şeylər aldım. Bircə qalırdı maşını həyətə salmağım. DYP-nin xidmət dislokasiyasına aid olmayan küçədə avtomobilə əyləşib həyətə salmaq istəyəndə dayandılar. Bu zaman maşında olan ailə üzvlərimi videoya çəkərək şantaja keçdilər ki, media üçün çəkiliş aparırıq. Bu qanunsuzluğa etiraz etdim. Maşınımı cərimə meydançasına apararkən başqaları kimi sövdələşməyə girib, çıxa bilərdim. Amma bunu etmədim və tələb etdim ki, qanunla hərəkət etsinlər. Görünür,  bu cavabım onları məəyus edib deyə belə bir görüntü yayıblar. Mən bu qanunsuzluğun sonuna qədər gedəcəyəm”.

Vəkil bildirib ki, artıq prokurorluğa şikayət yazıb.

Gununsesi.az-ın əməkdaşı da vəkilin xidmətindən yararlandığı “* 3000 Ayıq Sürücü Xidməti” ilə əlaqə saxlayıb. Xidmətdən saytımıza  Bəhruz Bayramovun həqiqətən ayıq sürücü sifariş etdiyi və bu sifarişin yerinə yetirildiyi bildirilib.

Şirkətdən o da bildirilib ki, artıq vəkilə bununla bağlı səs yazıları və həmin sürücünün kimliyi və sifarişin yerinə yetirilməsinə dair xüsusi məktub da veriləcək.