Kreml Putinin “cənnətlə” bağlı sözlərinə aydınlıq gətirdi

Bizə hücum etsələr, onda oradakılardan kimsə cənnətə, kimsə cəhənnəmə düşəcək

 “Rusiya heç vaxt ilk olaraq nüvə potensialından istifadə etməyəcək”. Turkustan.info RİA Novosti“yə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin “Valday” diskussiya forumunda çıxışını şərh edərkən bildirib.

“Orada söhbət cənnətdən və kimin ora düşməsindən getmir. Doktrina səviyyəsində Rusiyanın preventiv zərbə vurmaq hüququ yoxdur. Əsas olan budur, çoxları buna fikir vermədi. Yəni bizim doktrinamızda ilk zərbə endirmək hüququ yoxdur” — deyə Peskov qeyd edib.

Kreml rəsmisi onu da əlavə edib ki, nüvə silahı “dövlətin mövcudluğu təhlükə altında olduğu” halda istifadə oluna bilər: “Yəni, biz heç vaxt heç kimə ilk olaraq hücum etməyəcəyik. Yox əgər bizə hücum etsələr, onda oradakılardan kimsə cənnətə, kimsə cəhənnəmə düşəcək. Bunu anlamaq önəmli idi, digərləri isə alleqoriyadır” — deyə Peskov vurğulayıb.

Qeyd edək ki, oktyabrın 18-i Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı bildirib ki, təcavüz qurbanları kimi cənnətə düşəcəklər: “Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o, məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar”, — Rusiya lideri deyib.

Putin həmçinin xatırladıb ki, Rusiya hərbi doktrinasının konsepsiyasında “preventiv” nüvə zərbəsi yoxdur və rəsmi Moskva “bəşəriyyəti fəlakətə aparan nüvə müharibəsi”nin təşəbbüskarı ola bilməz.   /sputnik.az/